“Tour d’Azerbaijan” ölkəmizin tanıtımı baxımından çox önəmli yarışdır" - Mirdamət Sadıqov

“Tour d’Azerbaijan-2016” veloyürüşünün 2-ci mərhələsi İsmayıllıda yekunlaşdı. İsmayıllı Rayonu İcra Hakimiyyətinin binası önündə başa çatan mərhələ “Sinerjy Baku” üçün düşərli oldu. Komanda həm ümumi təsnifatda 1-ci yerə yüksəldi, həm də Maksim Averin finişi 1-ci keçdi.

Mərhələnin yekunu ərəfəsində rayonun icra başçısı Mirdamət Sadıqov Newsport.az saytına müsahibə verib:

- Əvvəlcə bu yarış haqqında fikirlərinizi bilmək istərdik.

- Əlbəttə. “Tour d’Azerbaijan” ölkəmizin tanıtımı baxımından çox önəmli yarışdır. Xüsusən də Azərbaycanın ən gözəl guşələrindən biri olan İsmayıllı üçün çox önəmlidir. Rayonun gözəlliyini bütün dünyaya nümayiş etdirmək üçün bundan gözəl fürsət ola bilməz. Bu turun ictimailəşməsi cəmiyyətdə böyük rezonans doğurur. Velosiped yarışının təşkili ölkədə sağlamlıq üçün böyük önəm kəsb edir. Cənab prezidentə və Velosiped İdmanı Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu veloyürüşün bir mərhələsini də İsmayıllıya salıblar.

- Rayonunuzda velosiped zavodunun istifadəyə verilməsinə az vaxt qalıb. Bununla bağlı nə deyə bilərsiz?

- Xarici şirkətlə birgə bu zavodun inşası davam etdirilir. Artıq yay aylarında zavodun fəaliyyətə başlaması planlaşdırılır. Ölkə rəhbərliyi onun açılışında iştirak edəcəyi gözlənilir. Həmin zavodda il ərzində 10 min velosipedin istehsal edilməsi nəzərdə tutulub.  

- Bəs İsmayıllı sakinləri bu yarışı necə qarşılayır?

- Bunu özünüz də onların əhval-ruhiyyəsindən görə bilərsiz. Yarışla bağlı İsmayıllıda bayram ab-havası müşahidə olunur. 5 mindən çox insan bu gün velosipedçiləri qarşılamaq üçün yollara çıxıb. İsmayıllıda hamı bunu sevinclə qarşılayır. Biz təcrid olunan ölkədə yaşamırıq. Azərbaycan azad ölkə olduğundan rayonları da xaricilər üçün açıqdır. Əcnəbi idmançılar camaatın böyük rəğbətini qazanır. Bu cür kütləvi tədbirləri bütün rayonlarda təşkil etmək vacib şərtdi. Kütləvilik yaratmaq, insanlarda dövlət siyasətinə inam yaratmaq, idmanın inkişafına diqqət yetirmək çox önəmlidi. Bu da çox uğurla həyata keçirilir.

- Əldə etdiyimiz məlumata görə, İsmayıllıda velosiped klubu da fəaliyyət göstərir. Bu komanda haqda nə deyə bilərsiniz?

- Bəli, artıq belə komandamız var. Velosiped İdmanı Federasiyasının İsmayıllı filialı fəaliyyət göstərir. Bu filialın tərkibində yüzlərlə yeniyetmə bu idman növünün sirrlərinə yiyələnir. Hətta bu uşaqlara Bolqarıstandan gətirilmiş velosipedlər də hədiyyə verilib. Həmin yeniyetmələr “Tour d’Azerbaijan-2016” veloyürüşünün iştirakçılarının arxasında məsafəni qət edir. Gənc idmançılar kimi peşəkar velosipedçilərə qoşulublar. Bu, onlar üçün çox faydalıdır.

- Belə görünür ki, rayonunuzda bu idman növünə böyük maraq yaranıb.

- Əlbəttə. Yeri gəlmişkən, bir məsələni də qeyd edim. İsmayıllıda yolların kənarında velosiped istifadəçiləri üçün zolaq salınacaq. Bu cığırla onlar rahat şəkildə hərəkət edə biləcək. Hesab edirəm ki, sağlamlıq üçün bundan gözəl idman növü yoxdur.  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right