Elçin Əsədov: "Tour d’Azerbaijan-2016”da zəif komanda yoxdur" MÜSAHİBƏ

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tur d’Azerbaijan-2016” veloyürüşünə start verilib. 19 ölkədən 21 komanda saat 10:30-da Bayraq Meydanından hərəkətə başlayaraq Sumqayıta doğru istiqamət alıb. Birinci mərhələdə iştirakçılar 154 km məsafə qət edəcək.

“Sinerjy Baku”nun əsas üzvlərindən biri də Elçin Əsədovdur. Komandamızın yerli velosipedçisi “Tour d’Azerbaijan-2016”nın startı ərəfəsində Newsport.az saytına müsahibə verib:

- Komandanız ötən il çempion olmuşdu. Bəs bu il hədəf nədi?

- Hər il bu yarışa yüksək səviyyədə hazırlaşırıq. Çünki evdə çıxış edirik. Bir Azərbaycan komandası kimi doğma azarkeşlər önündə uğurlu çıxış etmək, idmansevərlərin ümidlərini doğrultmağa çalışacağıq. Bu üzdən üzərimizə hamıdan çox məsuliyyət düşür. Ancaq idmanda hər şey ola bilər. Hər zaman qalib gəlmək mümkün olmur. Yarışa çox yaxşı hazırlaşmışıq. Xorvatiyada həm qırmızı köynəyi, həm də komanda hesabında 1-ci yeri tutduq. Dünyanın 5 güclü komandası mübarizə aparırdı. Onların arasında 1-ci olduq. Bu uğuru təkrarlamağa çalışacağıq.

- Xorvatiyadakı uğur motivasiya baxımından nə dərəcədə rol oynayacaq? Bu qələbə sizdə arxayınlıq yaratmayacaq?

- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Bir yarışda qalib gələndə digər veloyürüşə motivasiyalı çıxırsan. Çünki özünəinam artır. Başqa idman növlərində bir qədər fərqlidi. Biz hər yarışa qələbə üçün çıxırıq.

- “Sinerjy Baku”dan daha çox hansı mərhələlərdə uğur gözləyək?

- Ən çox 2-ci mərhələdə öndə gələcəyimizi gözləyirik. Bakı – İsmayıllı marşrutu çox çətindi. Enişli-yoxuşlu, güclü küləkli etapdı. Hər gün ən azı 1 köynəyi qazanmaq istəyirik.

- Bəs sən özün hansı köynəyi qazanacağını gözləyirsən?

- Mənim işim komanda yoldaşlarıma dəstək olmaq, yeni üzvlərə nəzarət etməkdi. Bir şey olsa, onlara kömək edib qrupa çatdırmalıyam. Çalışacağam ki, 3-cü mərhələdə fərqlənim. Qəbələ - Şəki – Qəbələ marşrutunda şans qazanacağımı düşünürəm.

- Finişdə hansı velosipedçinizin birinci keçməsinə çalışacaqsınız?

- Bu gün Olimpiadaya lisenziya qazanmış Maksim Averin üçün işləyəcəyik. Çalışacağıq ki, yığmamızın üzvü hamıdan tez birinci mərhələni başa vursun.

- Hansı komandanı özünüzə əsas rəqib sayırsınız?

- Bizim üçün bütün komandalar bizə rəqibdir. “Tour d’Azerbaijan-2016”da zəif komanda yoxdur. 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right