"Synergy Baku" – 2 ölkə, 2 fəxri kürsü

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşünün 5-ci günündə də uğurla çıxış edib.

Newsport.az-ın məlumatına görə, velosipedçilərimiz komanda ötüşməsində 21 kollektiv arasında 4-cü olmaqla ümumi sıralanmada liderliklərini qoruyublar.

40 km məsafəyə komanda ötüşməsində “Synergy Baku” 50 dəqiqə, 7 saniyə nəticə göstərib və bununla da günün ən yaxşı göstəricisinə malik Rusiyanın “Tinkoff” Dünya Turu komandasından 31 saniyə geri qalıb. Bu nəticə təmsilçimizə ümumkomanda hesabında 1-ci yerdə qalmağa imkan verib. Hazırda “Synergy Baku” ən yaxın izləyicisi, Sloveniyanın “Adria Mobil” kollektivini 4 dəqiqə, 4 saniyə qabaqlayır.

Komanda yarışındakı sərfəli nəticə fərdi sıralanmanın lideri, “Synergy Baku”nun üzvü Matiya Kvasinanın yarış liderinə məxsus “qırmızı köynəy”i özündə saxlamasına da imkan verib. Velosipedçimiz hazırda ən yaxın izləyicisi, “Tinkoff” klubunun üzvü Yesper Hanseni 32 saniyə qabaqlayır. “Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov ümumi təsnifatda 12-ci pillədən 8-ci yerə qalxıb, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə mövqeyini 4 pillə yaxşılaşdırıb və indi 15-cidir.

Aprelin 24-də keçiriləcək sonuncu, 6-cı mərhələdə iştirakçılar 158 km məsafə qət edəcəklər. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edir. İştirakçılar arasında "Dimension Data" klubunun şərəfini qoruyan dünyanın ən sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və həmin il "Tour de France" yarışının ən yaxşı sprinteri adına layıq görülən britaniyalı Mark Kevendiş də var.

“Synergy Baku”nun digər nümayəndəsi Aleksandr Surutkoviç isə Serbiyada keçirilən birgünlük “Belgrade – Banjaluka” yürüşündə uğurla çıxış edib və finişi yarış qalibi ilə eyni vaxtda keçsə də, fotofinişə əsasən 2-ci yeri tutub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right