AMADA rəhbərinin sədri olduğu komitənin üzvləri müəyyənləşib

Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin sədrliyi ilə Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin ilk iclası keçirilib.

AMADA-nın mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, iclasda Gender bərabərliyi Komitəsinin artıq formalaşmış tərkibi elan edilib. Azərbaycanın sədrlik etdiyi komitədə Norveç, Danimarka, Finlandiya, Polşa, Sloveniya və Rumıniya daimi üzv, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya komitəsi, UEFA və Avropa İttifaqının İdman Təşkilatı müşahidəçi üzv qismində, habelə Avropa Şurasının katibliyi və ekspertlər təmsil olunur.

İclasda komitənin fəaliyyət istiqamətləri, iş planı və gündəliyi müzakirə edilib. Sədr bildirib ki, gender bərabərliyi hazırda dünyada bütün sahələri əhatə edən aktual çağırışdır. Antidopinq sahəsində də bu məsələnin diqqətdə saxlanılması vacibdir. AMADA-nın hazırladığı və Gender Bərabərliyi Komitəsinin icra etdiyi “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin məqsədi də məhz budur. Təsadüfi deyil ki, layihə beynəlxalq səviyyədə böyük marağa səbəb olub. Layihəni Avropa Şurası Nazirlər Komitəsinin dəstəkləməsi və Avropa Şurasının WADA üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 2022 - 2025-ci illər üzrə əsasnaməsinə daxil ediliməsi də buna sübutdur.

Hüseynli əlavə edib ki, Komitənin fəaliyyəti və “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq, Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək. Bunun özü də layihənin qlobal əhəmiyyətini göstərir. Bütün bunlar nəzərə alınaraq Gender bərabərliyi komitəsinin üç əsas fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bunlar antidopinq qurumlarının idarəetmə və qərarverici orqanlarında qadınların iştirakının artırılması, antidopinq sahəsini tənzimləyən beynəlxalq və yerli qanunvericilikdə gender məsələsinin əks olunması və dopinq nəzarəti prosesində gender xüsusiyyətlərindən irəli gələn həssas məsələlərin nəzərə alınmasıdır.

AMADA rəhbəri həmçinin bildirib ki, antidopinq sahəsində gender məsələsini ətraflı təhlil etmək üçün “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. Bura Avropa Şurası ilə WADA əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən, Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığının müəyyənləşdirilməsi, milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunma səviyyəsini müəyyən etmək üçün sorğuların keçirilməsi, beynəlxalq səviyyədə antidopinq sahəsində fəaliyyət göstərən vəzifəli şəxslərdən müsahibələrin alınması aiddir.

Qeyd edək ki, Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin yaradılması barədə qərar CAHAMA-nın ötən ilin noyabrında keçirilmiş 55-ci iclasında verilib. Komitənin tərkibi sədr Şəfəq Hüseynli, CAHAMA və Avropa Şurasının Antidopinq Konvensiyasının monitorinq qrupunun təyin etdiyi 6 ölkənin nümayəndəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Avropa Şurası Parlament Assambleyasının, onun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin, İnsan hüquqları və gender bərabərliyi departamentinin, “İdman haqqında genişləndirilən hüdudlu saziş”in (EPAS) və İdman konvensiyaları bölməsinin nümayəndələrindən, habelə dəvət edilən müşahidəçi və ekspertlərdən ibarətdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right