Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov bu gün növbəti döyüşünə çıxacaq.
Newsport.az-ın məlumatına görə, həmyerlimiz Rusiyanın Krasnodar şəhərində təşkil olunacaq “Tech-Krep FC-PRIME Selection” adlı döyüş gecəsində iştirak edəcək.
84 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Abbasov ukraynalı Artyom Şokalo ilə üz-üzə gələcək. İdmançımızın rəqibi indiyədək keçirdiyi 14 peşəkar döyüşdə 11 qələbə qazanıb, 3 dəfə məğlubiyyətə üzülüb. 22 yaşlı Şokalo Ukraynanın “ABİ Çest” klubunun üzvüdü. 188 santimetr boya malik idmançı pankration üzrə Ukrayna, kompo karate üzrə Avropa çempionatının gümüş mükafatçısıdı. “Triolan” döyüş liqasının ikiqat qalibi həm də fri-fayt üzrə Karpat kubokunun sahibidi.
Boyu 177 santimetr olan Abbasovun hesabında 16-sı qələbə, 2-si məğlubiyyət olmaqla, 18 döyüş var. 30 yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. 16 dəfə qalib gələn Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca başa vurub. O, PROFC-GPG-un qalibi, pankration, sambo, döyüş sambosu, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Döyüş sambosunda Avropa çempionu olan idmançımız sambo üzrə dünya kubokunun qalibi, sambo və cüdo üzrə Azərbaycan çempionu, həmçinin cüdoda beynəlxalq dərəcəli idman ustasıdı.
Emosional qarşılaşma turnirin əsas hadisəsinin fonunda baş verib.Söz savaşından sonra ukraynalı idmançı azərbaycanlı rəqibini sinəsindən itələyib. Bu da iki döyüşçü arasında münaqişəyə səbəb olub.Onları turnirin promouteri Aleksey Yatsenko aralaya və rinqdən kənarda davanın qarşısını ala bilib.