Məşhur şahmat ustası Bakıda səfərdədir

Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski Bakıda səfərdədir.

Newsport.az xəbər verir ki, tanınmış məşqçi bir müddət gənc və yeniyetmə şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Azərbaycan Şahmat Federasiyası yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığma komandanın hazırlıq səviyyəsini artırmaq üçün Mixail Şereşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib. Hazırlıq şahmatçıların fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, MDB məkanında tanınan məşqçi olan Mixail Şereşevski 1950-ci ildə Minskdə anadan olub. Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb olunub. M.Şereşevskinin yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var.

Onun şahmatla bağlı yazdığı “Endşpilin strategiyası”, “Endşpilin cizgiləri”, “Gənclərlə endşpilə doğru” adlı kitabları şahmat aləmində böyük populyarlıq qazanıb. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, sabiq dünya çempionu Vladimir Kramnik, şahmat tacı uğrunda görüşdə iştirak edən Boris Gelfand kimi şahmatçılar M.Şereşevskinin kitablarını yüksək qiymətləndirib, gənc nəsil üçün misilsiz təhlil adlandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right