Birinci liqanın qalibi bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu gün baş tutan həlledici görüşlərdə öncə bürünc medalçının adına aydınlıq gəlib.

Üçüncü yer uğrunda görüşdə “Murov-2” və “Masallı” üz-üzə gəlib. Matç gənclərdən ibarət birincilərin üstünlüyü ilə başlayıb. İlk setdə 25:21 ilə qalib gələn “Murov-2” ikinci hissədə 20:25 hesabı ilə məğlub olub. Gənclər üçüncü seti 25:22 hesabı ilə qalib gəlsə də, dördüncü hissədə yenidən “Masallı” status-kvonu bərpa edib – 25:20. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi tay-brekdə müəyyən olunub. Sonuncu setdə daha az səhv edən “Murov-2” hissəni 18:16 hesabı ilə qazanaraq matçın qalibi olub – 3:2.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan finalda isə “Azərbaycan Ali Hərbi Məktəb” “Təhsil”lə qarşılaşıb. Qızıl medal uğrunda gedən mübarizənin də qalibi tay-brekdə müəyyən olunub. İlk hissədə 25:23 hesabı ilə qələbə qazanan “Təhsil” sonrakı iki setdə 23:25 və 21:25 hesabı ilə məğlub olub. Məğlubiyyətlə barışmayan “Təhsil” dördüncü seti 25:19 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib -2:2 və ardınca tay-breki 15:11 hesabı ilə qazanaraq görüşün qalibi olub.

Beləliklə, “Təhsil” 1-ci liqanın çempionu tituluna yiyələnib. “Azərbaycan Ali Hərbi Məktəb” gümüş medalın sahibi, “Murov-2” isə çempionatın bürünc mükafatçısı olub. Komandaların mükafatlandırma mərasimi Super Liqa və Yüksək Liqa yarışlarının qalibləri ilə eyni vaxtda olacaq.

Xatırladaq ki, birincilikdə 10 klub – “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil” və “Masallı” mübarizə aparıb. Komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparıb. Ardınca pley-off mərhələsi keçirilib.

Birinci liqa, pley-off

10 aprel

Bürünc mükafat uğrunda
Murov-2 – Masallı – 3:2 (25:21, 20:25, 25:22, 20:25, 18:16)

Final
Azərbaycan Ali Hərbi Məktəbi – Təhsil – 2:3 (23:25, 25:23, 25:21,19:25, 11:15)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right