Bu gün "Formula 1" üzrə dünya çempionatına start veriləcək

"Formula 1" üzrə dünya çempionatında sayca 73-cü mövsümə bu gün Bəhreyndə start veriləcək.

Newsport.az-in məlumatına görə, ilk Qran-pri Saxir trasında gerçəkləşəcək.

Bakı vaxtı ilə saat 16:00-da birinci, saat 19:00-da ikinci sərbəst yürüş olacaq. Martın 19-da saat 16:00-da üçüncü sərbəst yürüş, saat 19:00-da təsnifat mərhələsi keçiriləcək. Mərhələyə martın 20-də saat 19:00-da başlanacaq əsas yarışla yekun vurulacaq.

10 komandadan 20 pilotun iştirak edəcəyi Qran-priyə "Red Bull" pilotu Maks Ferstappen son çempion kimi qatılacaq. Pilotlar arasında ən çox - 7 dəfə dünya çempionluğunu isə "Mercedes"in sürücüsü Lüis Hemilton qazanıb.

Bu il də dünya çempionatının rekord sayda - 23 mərhələdən ibarət olması nəzərdə tutulurdu. Lakin Rusiya Qran-prisinin ləğvi səbəbindən, mərhələlərin sayı 22-yə enib. Hələlik bu Qran-prini əvəzləyəcək ölkə müəyyənləşməyib. İstənilən halda, qonşu ölkədə 2025-ci ilədək "Formula 1"in təşkil olunmayacağı açıqlanıb. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib. Eyni səbəbdən, "Haas" komandası rusiyalı pilotu Nikita Mazepinlə və rusiyalı titul sponsoru "Uralkaliy"lə müqaviləyə xitam verib.

Təqvimdə ilk dəfə Mayami Qran-prisi (6 - 8 may) yer alıb. Koronavirus pandemiyası üzündən iki illik fasilədən sonra siyahıya Avstraliya (8 - 10 aprel), Kanada (17 - 19 iyun), Sinqapur (30 sentyabr - 2 oktyabr) və Yaponiya (7 - 9 oktyabr) mərhələləri daxil olub. Bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Mövsümə yenə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə (18 - 20 noyabr) yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right