İki güləşçimiz Avropa çempionatının finalında

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

Newsport.az-ın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib.

Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib. Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşacaq.

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparacaq.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün Laçın martın 8-də türk Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. Məmmədov martın 8-də yunan Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right