Azərbaycan idman camiəsi Vətən müharibəsində

Azərbaycan idman camiəsi də sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsindən kənarda qalmadı. Bu dövrdə bir çox idmançı birbaşa döyüşlərdə iştirak etdi, bir qismi cəbhə bölgəsinə səfərlər edib, hərbçilərimizlə görüşdü, bir hissəsi ianələrlə arxa cəbhədən dəstəyini ifadə etdi, informasiya müharibəsində bacardığını əsirgəmədi və s.

“Zirə”nin keçmiş futbolçusu, bu klubun U-17 komandasında oynamış İlqar Bürcəliyev torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu. Taekvondo üzrə yığma komandamızın keçmiş üzvü, bir sıra ölkədaxili və beynəlxalq turnirlərin qalibi adını qazanan Elxan İsayev, sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyev, həndbol üzrə yığmamızın üzvü Ramazan Muradovun isə düşmənlə üz-üzə döyüşməsi, hətta yaralanması barədə dəqiq məlumatlar var. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov ehtiyatda olan zabit kimi müharibənin ilk günlərindən döyüş meydanında düşmənlə üz-üzə savaşdı və s.

Digər idmançılarımızdan MMA döyüşçüləri - Tofiq Musayev, Bəxtiyar Abbasov, eləcə də Dövlət Sərhəd Xidmətinin zabiti, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və başqaları müxtəlif cəbhələrdə ordumuza xidmət göstərirdi. Uzun illər futbol üzrə Azərbaycan millisinin kapotanı olan, hazırda “Zirə”ni çalışdıran Rəşad Sadıqov, kikboksçu Zabit Səmədov, karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev, güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əfqan Xaşalov, taekvondoçu, Avropa Oyunlarının çempionu Ayxan Tağızadə, sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev cəbhə bölgəsinə yollanaraq hərbçilərimizlə görüşdü, onlara dəstəklərini ifadə etdi.

İdman camiəsindən ordumuza maddi yardımlar da az olmadı. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, “Qarabağ”ın və “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozal Vətən uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 1 milyon manat ianə edib.

Bundan əlavə, Rəşad Sadıqov 50 min manat, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 20 min manat, millinin və “Qarabağ”ın üzvləri – Maksim Medvedevlə Qara Qarayev hərəyə 10 min manat yardım etdi, Ağdam klubunun rəsmiləri, digər klubların nümayəndələri, müxtəlif federasiyalar oxşar addımlar atdı. Azərbaycan Gənclər və İdman Nazirliyi itərəfindən hərbçilərimiz üçün isti geyimlər, ərzaq yardımı göndərilmişdi.

Bu proseslərdə AFFA-nın məsələlərə sürətli reaksiyaları, informasiya müharibəsində aktiv iştirakı xüsusi qabardılmalıdı. Assosiasiyanın təşkilatçılığıyla işğaldakı ərazilərimizin adı və Bakıdan oradək məsafənin göstərildiyi posterlərlə flaş-mob təşkil edildi. Qurum FIFA və UEFA qarşısında operativ şəkildə Naftalanda düşmənin atdığı mərmi nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun məsələsini qaldırdı və UEFA üzvlərinin diqqətini buna çəkməyi bacardı.

Erməni futbolçuların, funksionerlərin və digər rəsmi şəxslərin təxribatçı açıqlamaları, sosial şəbəkələrdə paylaşımları barədə AFFA müxtəlif təşkilatlara, UEFA-ya, FIFA-ya və aidiyyatı üzrə müxtəlif assosiasiyalara – Monteneqro, Slovakiya, Yunanıstan, İtaliya Futbol Federasiyalarına məktublar yolladı. Müharibənin son gününə qədər sosial şəbəkələrdəki, matçlardakı və digər təxribatların hamısı izlənildi və müvafiq qaydada müraciət ünvanlandı.

Üstəlik, bu fəaliyyətlər sadəcə müraciət olaraq qalmadı. Nəticədə Slovakiya Futbol federasiyası oyun zamanı təxribata yol verən erməni futbolçu Vahan Biçakçyana bu hərəkətinə görə intizam sanksiyası tətbiq etdi. Bundan başqa, “Roma”nın futbolçusu Henrix Mxitaryanın bacısı, UEFA-nın əməkdaşı Monika Mxitaryanın sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına ünvanlanan müraciət nəticə vermiş və UEFA-nın məsələni araşdırmağa başlamasından sonra Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.

Millimizin və “Qarabağ”ın kapitanı Maksim Medvedev özünün sosial şəbəkə hesabında Azərbaycan, rus və ingilis dillərində etdiyi paylaşımla Henrix Mxitaryanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə ünvanladığı müraciətinə cavab verərək, onun yalanlarını üzə çıxardı. O, döyüşlərin beynəlxalq hüquqla təsdiqlənmiş Azərbaycan ərazisində baş tutduğunu, Ermənistanın deyil, Azərbaycanın təcavüzə məruz qaldığını, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyini, işğal edilmiş ərazilərdə Azərbaycan isrinin tamamilə məhv edildiyini, Ermənistan silahlı qüvvələrinin terrora əl atıb mülki əhalini hədəfə aldığını konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı.

Qrossmeysterimiz Teymur Rəcəbov çoxminli tvitter hesabında mütəmadi paylaşımlar edərək, ordumuzun öz torpaqlarımızı işğalçılardan təmizləmə əməliyyatı həyata keçirdiyi, ermənilərin mülki əhalini hədəfə aldığını diqqətə çatdırdı. Yeri gəlmişkən, o, bir müddət öncə prinsipial görüşdə erməni şahmatçı Levon Aronyana qalib gələrək, Azərbaycanın bütün sahələrdə - hərb meydanından şahmat taxtasına qədər düşməndən daha güclü olduğunu növbəti dəfə sübuta yetirdi.

Digər bir sıra idmançılar sosial şəbəkə fəaliyyətləri ilə ordumuzun yanında oldular, bir vaxtlar Azərbaycanda çıxış etmiş legionerlər (Branimir Subaşiç, Dodo, Ansi Aqolli, İbrahim Şehiç, Dario Federiko və s.) paylaşımları ilə ölkəmizə dəstək bildirdilər, dünya mətbuatına açıqlamaları ilə ölkə xaricində insanları Qarabağ həqiqətləri barədə məlumatlandırdılar.

Əksər hissəsi “müharibə rejimi”nə keçən idman mediası da Vətən müharibəsində birbaşa təmsil olundu. İlk günlərdən ordu sıralarına qoşulan “Offsideplus.az” saytının əməkdaşı Daşqın Əziz Şuşa uğrunda döyüşlərin birində aldığı yaradan sonra qazi kimi mülki həyata qayıtdı. “CBC Sport” telekanalının şərhçisi Süleyman Vəliyev və “Sportal.az” saytının əməkdaşı Mehman Əşrəfov isə indinin özündə də işğaldan azad edilmiş torpqalarımızın keşiyində durmaqda davam edirlər...

futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right