AMADA idmançılara dəstək məqsədi ilə daha bir layihə reallaşdırdı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədi ilə yeni nümunələr hazırlayıb. Bu nümunələr imkan verir ki, idmançılar öz  kareyraları ilə bağlı verdiyi qərarları hüquqi cəhətdən asanlıqla rəsmiləşdirsin. 
 
Belə ki, hər bir peşəkar idmançı öz karyerası ilə bağlı idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmə, habelə hərbi xidmətlə bağlı  idmanı müvəqqəti tərk etmək barədə qərar qəbul edə bilər. Amma  bu,  antidopinq qaydaları əsasında həyata keçirilməlidir. Həmin  idmançı bu barədə yazılı qaydada AMADA-nı (beynəlxalq səviyyəli idmançılar isə eyni zamanda müvafiq beynəlxalq federasiyanı onların tələblərinə uyğun olaraq ) məlumatlandırmalıdır. Bu, antidopinq qaydalarına əsasən peşəkar idmançıların hüquqi öhdəliyidir və dopinq nəzarəti baxımından vacibdir. Idmanı tərk etmə, idmana qayıtma idman növünü dəyişmə, federasiya üzvlüyündən çıxarma halları beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarla tənzimlənir və həmin hüquqi prosedurlar düzgün formada icra edilməlidir. Bu, idmançının peşəkar karyerasını davam etdirə bilməsi baxımından əhəmiyyətlidir.  
 
Əgər idmançı idmanı tərk etdiyini rəsmi şəkildə  AMADA-ya bildirməyibsə, o, test nümunəsinin götürülməsinə cəlb edilə bilər.  Bu zaman o, idmanı tərk etdiyini əsas gətirərək test nümunəsi verməkdən imtina edərsə, sanksiyaya məruz qala bilər.  Yaxud idmanı tərk etmiş idmançı yenidən idmana qayıtmağını bildirdikdən dərhal sonra yarışlarda iştirak edərsə, onun nəticələri ləğv edilə bilər. Çünki həmin idmançı ən az 6 ay əvvəl bu qərarını rəsmi şəkildə bildirməli  və dopinq nəzarətinə götürülməlidir. Barəsində sanksiya qərarı olan idmançı isə idmanı tərk edərsə, sanksiya müddəti dondurulur və o, idmana qayıtdıqdan sonra sanksiyanın icrası davam edir.
 
Hərbi xidmətə gedən idmançının bununla bağlı AMADA-nı məlumatlandırması vacibdir. Çünki peşəkar idmançıların məkan məlumatlarının verilməsi, testlərə cəlb olunması və  digər öhdəlikləri var. İdmançı hərbi xidmətə getməsi ilə bağlı AMADA-nı məlumatlandırdığı təqdirdə onunla bağlı  dopinq nəzarəti tədbirləri müvəqqəti olaraq dayandırıla bilər.   
 
İdman növünü dəyişmə  və federasiya üzvlüyündən çıxarılama qərarlarının bildirilməsi də  dopinq nəzarətinin həyata keçirilməsi baxımından vacibdir. Bu, test planlaşdırılması, idmançı ilə bağlı məlumatların doğru ünvana göndərilməsi, idmançının və federasiyanın AMADA-nın göndərdiyi rəsmi məktublardan  vaxtında xəbərdar olması və  sair məsələlər baxımından vacibdir. 
 

Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi  təqdirdə bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər.

 Göründüyü kimi idmançıların karyeraları ilə bağlı verdiyi qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb prosesdir və bunun icrası hüquqi biliklər və vaxt tələb edir.

AMADA  məsələnin əhəmiyyətini nəzərə  alaraq idmançıların işini asanlaşdırmaq  məqsədi ilə 5  sadə nümunə (idmançılar üçün: İdmanı tərk etmə forması, İdmana qayıtma forması, İdman növünün dəyişməsi forması, Hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: Federasiyada üzvlükdən çıxarılma forması) hazırlayaraq rəsmi internet səhfəsinə yerləşdirib. (https://amada.az/legal/idmancilar-ucun-formalar/ ) Bu nümunələrdə müraciətlə bağlı  hüquqi prosedurlar, qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə  əks olunub. Nümunəni dolduran idmançı məlumatların düzgünlüyünə tam təminat verir və buna görə məsuliyyət daşıyır. İdmançı tərəfindən təqdim edilən forma AMADA tərəfindən təsdiqləndikdən sonra qərar rəsmiləşmiş hesab olunur.

 AMADA üçün idmançıların hüquqlarının  qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili prioritetdir. Elə buna görə də idmançılara dəstək xarakterli layihələr davamlı şəkildə həyata keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right