"Biz bu məsələni öz aramızda zarafatca da belə, müzakirə etməmişik"

“Düzünü deyim ki, bütün bunlara necə şərh verəcəyimi də bilmirəm. Azərbaycanlı həmkarımın yunan-Roma güləşinin Olimpiadanın proqramından çıxarılacağı ilə bağlı qənaətə nəyə əsasən gəldiyini başa düşmürəm”.

Newsport.az-ın məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili deyib.

Yunan-Roma güləşi üzrə Olimpiya çempionu olan əfsanəvi idmançı Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyevin sözlərinə münasibət bildirib.

Dünya Güləş Birliyinin (UWW) büro üzvü olan həmyerlimiz iddia edib ki, böyük ehtimalla 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından başlayaraq yunan-Roma güləşi yarışın proqramından çıxarılacaq. Əliyev İcraiyyə Komitəsində aparılan müzakirələrə əsasən belə düşündüyünü açıqlayıb.

UWW-nin vitse-prezidenti, İcraiyyə Komitəsi və büro üzvü, texniki komissiyanın sədri olan Mamiaşvili Əliyevin dediklərini həqiqətdən çox-çox uzaq sayıb:

“Ümumiyyətlə ilk dəfə bu barədə eşidirəm. Nə büronun, nə İcraiyyə Komitəsinin iclasına bu məsələ bir dəfə də olsun qaldırılmayıb. Hətta öz aramızda zarafatca da belə müzakirə etməmişik.

UWW çox qüvvə sərf edir ki, yunan-Roma güləşi daha dinamik, parlaq və anlaşılan olsun. Çox şey də alınır. Onda niyə 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında yunan-Roma güləşinin əvəzinə çimərlik güləşi peyda oldu?

Yeniyetmələrin Olimpiadası eksperimentlər üçün poliqondur. UWW təkcə tarixi üslubların saxlanılması deyil, yenilərin inkişafında da maraqlıdır. İnanın ki, yunan-Roma güləşinə heç bir təhlükə yoxdur.

Hələ antik Olimpiadaların da başladığı ən qədim güləş növü Paris-2024, Los-Anceles-2028 və sonrakı Olimpiya Oyunlarının da proqramında olacaq”.

1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarından proqrama daxil edilən yunan-Roma güləşi yalnız Paris-1900-dən kənarda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right