Ağahüseyn finalda, daha 3 bürünc medal qazanıla bilər

Romada güləş üzrə Avropa çempionatı davam edir. 

 

Newsport.az-ın məlumatına görə, 5-ci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.

 

Əfqan Xaşalov startda Fransa idmançısına vaxtından əvvəl qalib gəlsə də, alman rəqibinə 1/4 finalda uduzub.

 

Püşk Əli Rəhimzadəni startda olimpiya, dünya və 3 qat Avopa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz titullu rəqibiylə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək böyük hesablı qələbəyə sevinib. Rəhimzadənin rumıniyalı həmkarıyla dueli ağır keçib. Son saniyələrdə aldığı xal Əlini yarımfinala yüksəldib. Rəhimzadə finalın bir addımlığında Belarus güləşçisinə məğlub olub və fevralın 15-də bürünc medal üçün mübarizə aparacaq.

 

Ağahüseyn Mustafayev ilk mərhələdə Ermənistan idmançısıyla üz-üzə gəlib. Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geri dönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib. Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də sıradan çıxaran Ağahüseyn yarımfinala adlayıb. Mustafayev Moldovadan olan həmkarına da qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib.

 

Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son dəqiqəyə kimi 3 qat Avropa çempionumuz hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. Həsənovun növbəti görüşü də asan keçməyib. Cəbrayıl Rumıniya güləşçisiylə mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisinə gücünü göstərən Həsənov yarımfinala vəsiqə qazanıb. Ancaq təcrübəli güləşçimiz Rusiya güləşçisinə yenilərək finala çıxa bilməyib. Cəbrayıl fevralın 15-də 3-cü yer üçün güləşəcək.

 

Nurməhəmməd Hacıyev startda Macarıstan pəhləvanını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda olimpiya, 4-qat dünya və 3-qat Avropa çempionu Abdulrəşid Sadullayevlə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Hacıyev fevralın 15-də təsəlliverici görüşə çıxacaq.

 

57 kq
1/8 final: Əfqan Xaşalov – Valentin Damur (Fransa) 11:0
1/4 final: Əfqan Xaşalov – Castin Cunior Ler (Almaniya) 2:8

 

65 kq
1/8 final: Əli Rəhimzadə – Vladimir Xinceqaşvili (Gürcüstan) 7:0
1/4 final: Əli Rəhimzadə – George Bukur (Rumıniya) 3:2
1/2 final: Əli Rəhimzadə – Niurqun Skriabin (Belarus) 1:5
Bürünc medal görüşü: Əli Rəhimzadə – Maksim Sakultan (Moldova) / İsmayıl Musukayev (Macarıstan)

 

70 kq
Təsnifat: Ağahüseyn Mustafayev – Gevorq Mxeyan (Ermənistan) 15:8
1/8 final: Ağahüseyn Mustafayev – Viktar Serada (Belarus) 8:2
1/4 final: Ağahüseyn Mustafayev – Aleksey Boruta (Ukrayna) 5:2
1/2 final: Ağahüseyn Mustafayev – Mixail Sava (Moldova) 5:2
FİNAL: Ağahüseyn Mustafayev – Maqomedmurad Hacıyev (Polşa)

 

79 kq
Təsnifat: Cəbrayıl Həsənov – Nika Kentçadze (Gürcüstan) *3:3
1/8 final: Cəbrayıl Həsənov – Omarasxab Nacmudinov (Rumıniya) *8:8
1/4 final: Cəbrayıl Həsənov – Ərman Avaqyan (Ermənistan) 8:4
1/2 final: Cəbrayıl Həsənov – Məhəmməd Ramazanov (Rusiya) 2:4
Bürünc medal görüşü: Cəbayıl Həsənov – Batuhan Demircin (Türkiyə) / Axşarbek Qulayev (Slovakiya)

 

97 kq
1/8 final: Nurməhəmməd Hacıyev – Pavel Oleynik (Macarıstan) 7:2
1/4 final: Nurməhəmməd Hacıyev – Abdulrəşid Sadullayev (Rusiya) 4:10
Təsəlliverici görüş: Nurməhəmməd Hacıyev – Məhəmmədhacı Nurov (Şimali Makedoniya) / İbrahim Bölükbaşı (Türkiyə).

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right