Elçin Cəfərov: “Medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar”

Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığmamız bu gecə vətənə qayıdıb.

 

Newsport.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında 2-ci yeri tutan millimizi hava limanında güləş federasiyasının rəhbər şəxsləri, məşqçilər, güləşçilər, yığma üzvlərinin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.

 

AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:

 

“Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm.

 

Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.

 

Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.

 

Millimizin baş məşqçisi Aleksandr Tarakanov bunları deyib:

 

“Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik.

 

Fürsətdən istifadə edib AGF-nin rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Biz də çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq”.

 

Avropa çempionatında Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. Millimiz 116 xalla komanda hesabında 2-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right