Qabil Mehdiyev: “Heç kimlə düşmənçilik etmək istəmirik”

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) rəhbəri Qabil Mehdiyevin “FutbolPress”ə müsahibəsi...

- AİJF-nin təsis olunması ideyası necə yarandı? Bu, sizin şəxsi təşəbbüsünüz idi, yoxsa Gənclər və İdman Nazirliyinin istəyi əsasında ərsəyə gəldi?
- Mənim əvvəldən belə bir ideyam var idi. İdman jurnalistikasındakı təşkilatlanma problemi bir çox həmkar kimi məni də narahat edirdi. Xarici ölkələrdə belə təşkilatları gördükcə fikirləşirdim ki, niyə bizdə də olmasın, bunu aradan qaldırmaq üçün fəaliyyət göstərmək istəyirdim. Digər həmkarlarımızla müzakirələrdə tez-tez bu məsələ qabardılırdı. Gənclər və İdman Nazirliyi də problemə biganə yanaşmadı. Belə təklif olundu ki, bu işi başlamağı elə mən öz öhdəmə götürüm. Nəticədə bir neçə həmkarla fəaliyyətə başladıq və federasiyanı qurduq. İdman naziri Azad Rəhimova da təşəkkür etmək istəyirəm ki, qeydiyyatdan keçməyimiz üçün bizə dəstək verdi.

- Bir müddət əvvəl Azad Rəhimov AİJA-nın fəaliyyətini tənqid etmişdi, ardınca AİJF yarandı. Belə fikir formalaşıb ki, yeni təşkilat Nazirlikdən maliyyələşir. Ümumiyyətlə, AİJF-nin maliyyə mənbəyi varmı?
- Federasiya dövlət qurumu deyil. Buna görə də dövlətdən konkret maliyyəmiz yoxdu. İctimai birlik formasında fəaliyyət göstəririk. İndiki məqamda hardansa maliyyələşdiyimizi deyə bilmərəm. Nə maliyyə mənbəyimiz var, nə də konkret maliyyəmiz. Ancaq belə davam etməyəcək, bu cür faydalı ola da bilmərik. Çalışırıq ki, müxtəlif qurumlarla, təşkilatlarla əməkdaşlıq müqavilələri bağlayaq. Ümid edirik, sponsorlar olacaq, dövlət qurumlarından dəstək alacağıq. Federasiyalar, KİV-ə Dövlət Dəstəyi Fondu ilə danışıq aparacağıq. Müəyyən bir maliyyəmiz olsa, fəaliyyətimiz həm genişlənər, həm də effektiv alınar.

- Bu istiqamətdə gedən işlər pozitivdimi?
- Bilirsiz ki, bir neçə gün əvvəl İdarə Heyətinin iclası oldu. Orda biz bu məsələləri də müzakirə etdik, komissiyalara tapşırıq verildi. Yaxın zamanda bütün idman federasiyaları ilə anlaşma memorandumu imzalayacağıq. Digər axtarışlarımız da davam edir. Çalışırıq ki, müəyyən maliyyəmiz olsun, idman mətbuatının xeyrinə iş görə bilməyimiz üçün bu, vacibdi.

- Ölkədə idman jurnalistlərinin başqa bir qurumu, sizin də əvvəl üzvü olduğunuz Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) fəaliyyət göstərir. Bundan sonra iki qurum rəqabətdə olacaq?
- Məndən bu barədə tez-tez soruşurlar. Adətən bu suala elə sualla cavab verirəm: AİJA-nın faəliyyəti qaneedicidimi? İdman jurnalistləri belə bir qurumun varlığını hiss edirlərmi? Bəli, mən uzun illər AİJA-nın üzvü olmuşam. Bu gün baxdıqda, təşkilat idman jurnalistlərinin faəliyyəti, problemləri ilə nə dərəcədə maraqlanır? Biz heç kimlə düşmənçilik etmək istəmirik. Ancaq rəqabət mühiti olsa, təbii ki, bu, heç bir tərəfin ziyanına olmaz. Biz də sevinərik ki, federasiyanı yaratdıqdan sonra AİJA-da da canlanma yarandı. Onlarla heç bir problemimiz yoxdu. Hər iki təşkilat fəaliyyət göstərsin, məqsəd sonda idman jurnalistikasına fayda verməkdi.

- Federasiyanın yaxın planda idman mətbuatına hansı qatqıları olacaq?
- Fevralda bütün idman jurnalistlərinin ümumi dəyirmi masasını təşkil etməyi planlaşdırırıq. Biz istəyirik ki, bütün həmkarlar orda iştirak etsinlər və bu təkcə iştirakla məhdudlaşmasın. İdman jurnalistlərinin təkliflərini, iradlarını eşitmək istəyirik, ümumi müzakirələr aparacağıq. İlk qatqımız odu ki, bütün idman jurnalistləri vahid təşkilatda birləşə biləcək və biz onların bir növ səsi olacağıq. Federasiyaya üzv olan hər bir jurnalistə üzvlük vəsiqəsi təqdim edəcəyik. Bundan başqa, idman jurnalistləri üçün treninq və seminarlar təşkil etməyi planlaşdırırıq. Peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər əsas prioritetlərimizdəndi. Məsələn, jurnalistləri bir neçə günlük hansısa rayondakı olimpiya kompleksinə aparmaq niyyətimiz var. Orda həm asudə vaxtlarını yaxşı keçirəcəklər, həm də müəyyən məşğələlər olacaq. Treninqləri həm Bakıda, həm də bölgələrdə etməyi düşünürük. Yeni bir ideyamız var və bunu ilk dəfə sizə deyirəm, xidmət sektorunda fəaliyyət göstərən müxtəlif şirkətlərlə əməkdaşlıq yaratmaq istəyirik. Bunun idman jurnalistləri üçün faydası o olacaq ki, üzvümüz olan mətbuat nümayəndələri həmin xidmətlərdən müəyyən müəyyən güzəştlə yararlana biləcəklər. İldə bir dəfə idman jurnalistlərinin qurultayını təşkil etməyi planlaşdırırıq, xüsusi mükafatlar təsis edəcəyik. Bundan başqa, müxtəlif idman növləri üzrə jurnalistlərin komandalarını yaratmağı düşünürük. Həmin komandalar formalaşdırıldıqdan sonra onlar ölkə xaricində ölkəmizi təmsil edəcəklər. Federasiyalar qarşısında jurnalistlərin yarışlara ezamiyyə məsələsini qaldırmaq planımız var. İdeyalarımız çoxdu və artıq bunların həyata keçməsi üçün fəaliyyətə başlamışıq. Zamanla idman jurnalistləri gördüyümüz işlərin qatqısını hiss edəcəklər.

- Daha əvvəl AFFA yanında Media Komitəsi (AFFA MK) aktiv fəaliyyət göstərirdi. Tez-tez yeni federasiya ilə həmin komitə arasında paralellər aparılır. Məsələn, orda ilk vaxtdan İdarə Heyəti seçki əsasında formalaşdırılmışdı, sizdə isə təyinatla reallaşdı və təqdimat konfransında üzvlər açıqlandı. Maraqlıdı, seçim hansı kriteriyalar əsasında aparılıb?
- İdarə Heyətində 5 jurnalist var. Daha 4 yer isə qurumlara verilib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi kimi Fərid Mansurov İdarə Heyətindədi. Fikrimcə, bu gün orda olmağa ən layiqli şəxslərdən biri odu. Bir yer Milli Olimpiya Komitəsinindi. Ordan Cəmaləddin Rəhmanov təmsil olunur. Daha bir yer Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınındı. Bilirsiz, orda idman jurnalistikası magistr proqramı var. Düşündük ki, İdarə Heyətində oranın nümayəndəsi də olmalıdı. İdman federasiyalarından isə AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla İdarə Heyətindədi. Niyə digər federasiyaları yox, məhz AFFA-nı seçdiyimizi izah etmək istəyirəm. Bilirsiz, ölkədə idman saytlarının əksəriyyəti futbol üzrə ixtisaslaşıb, gündəlik fəaliyyətdə məhz bu növ ön planda olur. Ona görə də belə qərara gəldik ki, federasiyalar arasından məhz AFFA-ya yer verək ki, idman jurnalistləri ilə bu qurum arasında əlaqələndirici rolunu daha effektiv oynayaq. İdarə Heyətində qeyd etdiyim yerlər konkret qurumlara verilir və sabah indikilər deyil, fərqli şəxslərlə təmsil oluna bilərlər. Jurnalistlərə gəlincə, ideya ortaya atıldıqdan sonra həmin həmkarlarla bunu müzakirə etdik və belə düşündük ki, ilk olaraq bu yükün altına özümüz girək. Aydın məsələdi ki, yeni yaradılan bir təşkiatda ilk vaxtlar iş daha çox olur. Buna görə də həmin işləri məhz öz öhdəmizə götürdük. Heç birimiz burda şəxsi mənafe güdmürük, tamamilə ictimai əsaslarla fəaliyyət göstəririk və təşkilatlanma üçün əlimizdən gələni etməyə çalışırıq. Fəaliyyətimizlə bağlı məlumatlar mütəmadi olaraq tam şəffaf şəkildə federasiyanın saytında dərc olunacaq.

- Əsasnamə hazırdımı?
- Yeni əsasnamə üzərində iş gedir. Hüquqşünaslar əsasnamə ilə bağlı lazımı işləri görüb yekunlaşdırdıqdan sonra Ədliyyə Nazirliyinə müraciət edəcəyik.

- Əsasnamədə İdarə Heyətinin səlahiyyət müddəti neçə il nəzərdə tutulub?
- 4 il düşünmüşük.

- Deyək ki, fəaliyyətiniz genişləndi və idarə heyətinə əlavələr etmək ehtiyacı yarandı. Bunu necə tənzimləməyi planlaşdırırsız?
- Əgər bizim fəaliyyətimiz özünü doğrultsa, daha da böyüsək, bu zaman belə ehtiyac yarana bilər. İdarə Heyəti əsasnamədə dəyişiklik etməklə bağlı müstəsna hüquqa malikdi. Əgər ehtiyac yaranarsa, İdarə Heyətinin üzvlərinin sayının artırılması müzakirə edilə bilər. Hələlik bu say və bu tərkibin kifayət olduğu qənaətindəyik. Bundan başqa, bizdə komisiyalar olacaq və həmin komissiyalarda yeni üzvlər təmsil olunacaqlar. Qapılarımız heç kimə bağlı deyil və fəaliyyət zamanı bütün həmkarlarımızın fikirləri bizim üçün önəmli olacaq.

- AFFA MK qurumdan ayrılan maliyyə ilə idman mətbuatına layihələr verirdi. Maliyyə mənbələri tapdıqdan sonra AİJF-nin belə planları ola bilərmi? Ümumiyyətlə, bununla bağlı bir mexanizm düşünmüsüzmü?
- Media Komitəsi yarandığı ilk gündən mən orda təmsil olunmamışam. Ümumiyyətlə, dünyada belə bir təcrübə yoxdu. Heç yerdə federasiya mətbuata müəyyən layihələrin icrası qarşılığında maliyyə ayırmır. Hazırda Media Komitəsi fəaliyyət göstərmir. Deməli, düşünülən mexanizm o qədər də uğurlu olmayıb, müəyyən çatışmazlıqlar mövcud olub. Çalışmalıyıq ki, orda hansı narazılıqlar yaşanıbsa, hansı problemlər ortaya çıxıbsa, bizdə olmasın. İdman mətbuatına konkret layihələr vermək planımız yoxdu. Ancaq başqa bir formada yardımlar etməyimiz mümkündü. Doğrusu, hələlik bir mexanizm düşünməmişik. Buyaxınlarda ölkə xaricində digər ölkələrdən olan idman jurnalistləri təşkilatlarının nümayəndələri ilə görüşlərim olacaq. Bu məsələni onlarla danışmaq, onların təcrübəsini öyrənmək istəyirəm. Əgər mümkün olarsa, optimal bir variant düşünəcəyik.

- Qeyd etdiz ki, federasiyalarla, dövlət qurumları ilə danışıq aparacaqsız. Əslində, Media Komitəsi də bu istiqamətdə işlər görmüşdü. Qurumlarla, KİVDF ilə danışıq aparılmışdı. Ancaq nəticəsiz oldu. Bu baxımdan uğurlu olmaq üçün fərqli nələr etməyi düşünürsüz?
- Bu, bizim yaralı yerimizdi, həqiqətən də problemlər var. İdman mediası sanki ümumi mətbuatdan ayrı düşüb. KİVDF iki idman qəzetinə maliyyə ayrırdı, ancaq keçən ildən dayandırıldı. Mən bunu doğru hesab etmirəm. İdman jurnalistikası mətbuatda, bəlkə də, ixtisaslaşmış ən böyük qoldu. Buna görə də kənarda saxlanması doğru deyil. KİVDF-nin onlayn mediaya da maliyə ayıracağı gündəmdədi, biz çalışacağıq ki, bu, idman mediasına da şamil edilsin. Ümumiyyətlə, belə münasibətin dəyişilməsi əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq, bunu diqqətdə saxlayacağıq. Nələr edəcəyimiz barədə müzakirələrimiz olacaq, yekunda ən uyğun addımları atacağıq.

- Bir qədər əvvəl ezamiyyə məsələsini vurğuladız. AFFA MK-da bununla bağlı mexanizm belə idi ki, müəyyən bir bölgü aparılırdı və həmin bölgü əsasında mətbuat orqanları millinin səfər oyunlarına göndərilirdi. Siz bunu hansı formada etməyi düşünürsüz?
- Ümumiyyətlə, ezamiyyə idman jurnalistlərinin ən çox sevdiyi, marağında olduğu məsələdi. Bu təkcə bizdə yox, hər yerdə belədi. AİJF də maraqlıdı ki, jurnalistlər idman yarışlarını yerindən işıqlandıra bilsinlər. Biz istəyərik ki, hər bir əhəmiyyətli turnirdə Azərbaycan mətbuatı nümayəndələri də olsun. Təbii ki, bir hadisəni yerindən işıqlandırmağın effekti tamam fərqlidi. Federasiyalarla bu məsələni müzakirə edəcəyik. Əgər mümkün olsa və bizim səlahiyyətimizdə olsa, çalışacağıq ki, hər kəsi razı salacaq ortaq bir yol düşünək. Bunu necə tənzimləyəcəyimiz hələ müzakirə olunmayıb. Ya püşkatma yolu ilə olacaq, ya İdarə Heyətinin seçimi əsasında və ya hansısa başqa formada. Hamının razı qalacağına inanıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right