Dünya çempionu: "Yaponiya sindromunu qırdım"

23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatından qayıdıb.

Newsport.az-ın məlumatına görə, bir qızıl, iki gümüş və iki bürünc medalla komanda hesabında dünya üçüncüsü olan yığmanı Heydər Əliyev adına Beynəlxalq Aeroportda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləşçilər və media nümayəndələri qarşılayıb.

Böyük məşqçi Zəlimxan Hüseynov komandanın çıxışından razı qaldıqlarını dilə gətirib: "Dünya çempionatında 5 medal qazandıq. Bunu çox böyük uğur kimi qiymətləndiririk. Belə çıxışın əsas səbəbi yarışa yaxşı hazırlaşmağımız idi. Dünya çempionatı ərəfəsində həm Bakıda, həm də Mahaçqalada faydalı təlim-məşq toplanışları keçdik. Bunun nəticəsini Budapeştdə gördük. Güləşçilərimiz əzmkar mübarizə sərgilədi".

18 yaşında U-23 dünya çempionatında qızıl medal qazanan ilk azərbaycanlı güləşçi kimi tarixə düşən Turan Bayramov isə qələbəsini belə şərh edib: "Bu, böyüklər arasında analoji yarışdan sonra ikinci ən böyük turnirdir. Yarışa çox yaxşı hazırlaşmışdıq. Dağıstanda təlim-məşq toplanışında olduqdan sonra hazırlığı Bakıda davam etdirdik. Əlbəttə, rəqiblərim güclü idi. Ümumiyyətlə, indi dünyada güləş inkişaf edib. "Fransada güləş yoxdur" deyirlər. Amma bu ölkənin təmsilçisi yarımfinala çıxmışdı və mən ona 2:1 hesabı ilə qalib gəldim. Yaponiyalılara daha öncə uduzmuşdum. Ancaq finalda sindromu qıraraq dünya çempionu oldum".

Budapeştdə bürünc medala yiyələnən Əfqan Xaşalovun fikirləri isə belə olub: "Dünya çempionatında zəif idmançı olmur. İlk görüşdə Kuba güləşçisinə məğlub olsam da, daha sonra Çin və Rusiya güləşçilərinə qalib gələrək bürünc medal qazandım. Məqsədim olimpiya çəki dərəcəsi olan 57 kq-da lisenziya qazanıb, ölkəmizi Olimpiadada təmsil etməkdir. 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın paytaxtı Tokioda isə bayrağımızı yüksəltmək istəyirəm. Üzərimdə əziyyəti olan bütün məşqçilərə, o cümlədən federasiyaya minnətdarlığımı bildirirəm".

Dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov və Hacımurad Məhəmmədsəidov da çıxış edərək yarışda keçirdikləri görüşlərdən danışaraq, növbəti yarışlarda gümüşü qızılla əvəzləməyə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, dünya çempionatında Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb. Yığma 111 xalla komanda hesabında dünya üçüncüsü olub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right