"Azərbaycan daha bir yarışın təşkilinə namizəddi" federasiya prezidenti

Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev bu gün yeniyetmələrdən ibarət yığmaların üzvləriylə görüşüb.

Newsport.az xəbər verir ki, əvvəlcə iyunda İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərə və müvafiq milli komandaların məşqçilərinə pul mükafatları təqdim edən Namiq Əliyev daha sonra Avropa Gənclər Olimpiya Festivalında çıxış edəcək heyəti açıqlayıb.

Tədbirin sonunda AGF-nin rəhbəri brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, güləşçilərimizin festivalda uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "EYOF-da 18 çəkidə mübarizə baş tutacaq. Ən azı 15 medal qazanacağımıza ümid edirəm. Qızıl medalların sayının çox olacağına da inanıram. EYOF 15-ci dəfə təşkil olunacaq. Təşkilatçı ölkə kimi festivalın proqramına güləşin salınmasına nail olduq. Müəyyən çəkilərlə bağlı problem var idi. Ancaq Dünya Güləş Birliyinin (UWW) bürosunda təkidlərimiz nəticəsində güləşin hər 3 növü üzrə 6 çəkinin proqrama salınmasına qərar verildi".

Əliyev əlavə edib ki, bu il əsas hədəf Nur-Sultanda keçiriləcək dünya çempionatıdı: "Bildiyiniz kimi, mundial güləşdə ilk lisenziya verən yarışdı. Bu dəfə lisenziya qazanmaq çətin olacaq. Çünki Olimpiadada hər çəkidə cəmi 16 güləşçi iştirak edəcək. Avropa Oyunlarına tam əsas heyətlə qatılmamışdıq. Bununla belə, komandamız ümumilikdə kifayət qədər uğurlu çıxış etdi. Ölkəmizin əldə etdiyi 5 qızıl medaldan 3-ü güləşçilərdən gəldi".

AGF rəhbəri onu da vurğulayıb ki, gələn il Avropa Olimpiya Təsnifat turnirinin Bakıda keçirilməsinə çalışırlar: "Həmişə belə məqamlarda ermənilər hay-küy salır. İndidən Beynəlxalq Olimpiya Komitəsinə yazırlar ki, Bakıda bu yarış keçirilsə, təzyiq altında olacağıq və s. Sentyabrın 13-də UWW-nin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada həmin yarışın təşkilatçısı məlum olacaq. Hesab edirəm ki, turnirin keçirilməsini bizə həvalə edəcəklər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right