Məmmədova Avropa 3-cüsü oldu, daha 5 medal şansı

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Newsport.az xəbər verir ki, komandamız bu gün 1 medal qazanıb.

Elnurə Məmmədova (53 kq) debütdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə minimal fərqlə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədova bu gün təsəlliverici qarşılaşmaya çıxıb. Danimarkalı rəqibinə ilk hissədə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Son qarşılaşmada Polşa idmançısıyla üz-üzə gələn həmyerlimiz qələbə qazanaraq Avropa üçüncüsü olub.

Bu gün həmçinin 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. Ramik Heybətov debütdə çətinliklə də olsa, ukraynalı rəqibini üstələyib. Ancaq 1/4 finalda Fransa idmançısına qalib gəlmək üçün cəmi 1 dəqiqə Ramik üçün kifayət edib. Ancaq yarımfinalda minimal hesabla uduzan Heybətov sabah bürünc medal üçün güləşəcək.

Zirəddin Bayramov startda çətinlik çəkmədən belaruslu həmkarını yolundan kənarlaşdırıb. Şəmkir güləş məktəbinin yetirməsi qarşısında gürcü idmançı da aciz qalıb. Ancaq Bayramov finalın bir addımlığında türk güləşçiylə bacarmayıb və sabah 3-cü yer uğrunda mübarizə aparacaq.

Cəbrayıl Hacıyev də ilk görüşünü tam üstünlüklə başa vurub. Yığma üzvü italyan güləşçiyə aman verməyib. Polşa güləşçisi də yarım dəqiqədən artıq tab gətirə bilməyib. Hacıyev Ukraynanı təmsil edən erməni rəqibinə də gücünü göstərərək adını finala yazdırıb. Cəbrayıl sabah çempionluq üçün son görüşünü keçirəcək.

Abdulcəlil Şabanov polşalı idmançıya cəmi 36 saniyəyə "tuşe" ilə qalib gəlməklə Avropa çempionatına inamlı start verib. Həmyerlimiz Moldovadan olan rəqibinə də göz açmağa imkan vermədən adını yarımfinala yazdırıb. Ancaq finala bir addım qalmış ukraynalı həmkarına məğlub olan Şabanov sabah bürünc medal qarşılaşmasına çıxacaq.

Hamlet Nəsibli ilk görüşdə Belarus təmsilçisinə qalib gəlib. Nəsibli gürcü rəqibini də məyus edərək yarımfinala yüksəlib. Ancaq bu mərhələdə bolqar idmançıya yenilən Hamlet sabah üçüncü yer üçün güləşəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah