"Qorxaq çıxış etmək güləşçilərimizə yaraşmaz" - federasiya prezidenti

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev gənclərdən ibarət yığmalarımızla görüşüb. Newsport.az xəbər verir ki, AGF-nin rəhbəri iyunun 3-dən 9-dək İspaniyanın Pontevedra şəhərində keçiriləcək gənclərin Avropa çempionatında çıxış edəcək millilərimizə tövsiyələrini verib.

Qurumun başçısı bütün pəhləvanlara qitə birinciliyində uğurlar arzulayıb: "İdmanda udmaq da olar, uduzmaq da. Ancaq məğlub olanda da gərək mübarizə aparasan. Heç bir əzmkarlıq göstərmədən, qorxaq çıxış etmək bizim güləşçilərimizə yaraşmaz. Uzun yol qət etdikdən sonra çıxıb ilk görüşdə uduzmaq əziyyətin boşa getməsi deməkdi. Hər bir şəxs əzmkarlıq göstərməlidi. Kifayət qədər təcrübəniz var. Böyüklərə keçidə bir addım qalıb. Aranızdan bəzi güləşçilər böyüklər arasında keçirilən yarışlarda da çıxış edib və nəticə qazanıb. Əsas yığmaya cəlb olunmaq adına bu Avropa çempionatı önəmli rol oynayır. Kişi kimi mübarizə aparmaq lazımdı".

Daha sonra yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov fikirlərini çatdırıb: "Sizin yaşıdlarınız gələn il Olimpiadada çıxış edəcək. Hesab edirəm ki, güləşçilərimiz heç kimdən geri qalmır. Uğur qazanmağın vaxtıdı. Gənclərin Avropa və dünya birinciliklərində nəticə göstərmək lazımdı. 20-21 yaşında olan idmançılar olimpiya çempionu olur. Məşqçilər və federasiya rəhbərliyi olaraq sizin üçün əlimizdən gələn hər şeyi edirik. Siz də bacardığınızdan artığını ortaya qoymalısınız. Hamınıza uğurlar".

Sonda sərbəst güləş üzrə vitse-prezident Firdovsi Umudov qısaca bunları deyib: "Namiq müəllim hər şeyi qeyd etdi. Sadəcə, onu xatırladım ki, Toğrul Əsgərov olimpiya çempionu olanda cəmi 19 yaşı var idi. Hazırlıq, təlim-məşq toplanışları keçirilib, dəstək var. Çıxıb xalça üzərində güləşmək, sona kimi mübarizə aparmaq lazımdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right