Rüstəm Orucov Antalya Qran-prisində gümüş medal qazandı

Türkiyənin Antalya bölgəsində keçirilən cüdo üzrə Qran-pri davam edir.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb.

 

Kişilərin mübarizəsində Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq), qadınların yarışında isə Rukiye Fatma Özerdem (70 kq) qüvvəsini sınayıb.

 

Kişilər / 73 kq

1/16 finalda cənubi koreyalı Hyunçol Kanq üzərində qələbə qazanan Rüstəm Orucov növbəti mərhələdə Faye Njieni (Qambiya) üstələyib.

 

Cüdoçumuz yarımfinal yolunda da ukraynalı Dmitri Kanivetsdən güclü olub. Həmyerlimiz yarımfinaldakı rəqibi Leçi Ediyevi (Rusiya) də məğlub edərək, finala adlayıb.

 

Orucov qızıl medal uğrunda Cənubi Koreya təmsilçisi Çanqrim Anla görüşüb.

 

Əsas vaxtı bərabərliklə tamamlanan yarışın əlavə olunmuş dəqiqələri də gərgin mübarizə şəraitində keçib. Orucov yekunda ipponla uduzaraq, "gümüş"ə qane olub. 

 

81 kq

Murad Fətiyev mübarizəyə 1/32 finaldan başlayıb. Əvvəlcə Gilyerme Şmidt (Braziliya), daha sonra isə Marsel Kerkeanı (Rumıniya) üstələyən idmançımız 1/8 finalda kanadalı Etyenn Briandla bacarmayıb və turnirlə vidalaşıb.

 

Qadınlar / 70 kq

Rukiye Fatma Özerdem 1/16 finaldakı ilk mübarizəsindəcə Taisiya Kireyevaya məğlub olaraq, mübarizəni dayandırıb.

 

İlk gündə Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right