"Bu qələbəmi uğuruma sevinən insanlara həsr edirəm" - Rəsul Çunayev

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 72 kq-da bürünc medal qazanan Rəsul Çunayev mundialdakı çıxışı haqqında danışıb.

Newsport.az saytının məlumatına görə, titullu yunan-Roma güləşçimiz bunları deyib:

"Eldəniz medal qazanacağımı proqnozlaşdırmışdı. Onunla 10 ildir ailəvi dostuq. Bu dostluğumuz məşqlərdə başlayıb. 8 il əvvəl məhz burada Eldəniz gənclər arasında dünya çempionu olmuşdu, mən də bürünc medal qazanmışdım. Eldənizin çempionluğuna öz uğurum kimi sevinirəm. Komandamızı təbrik edirəm. Artıq iki medalımız var. Avropa çempionatından sonra 4 ay müalicə kursu keçdim. Şəxsi həkimlərim Cahangir Müslimzadə və İbrahim Əliyevə təşəkkürümü bildirirəm ki, onlar məni idmana qaytardılar".

R.Çunayev son iki həftədə yığma ilə birgə məşq etdiyini söyləyib: "Çox çətin səbətə düşmüşdük. Ötən il iki dəfə uduzduğum İran güləşçisinə qarşı bütün gücümü qoydum və qalib gəldim. Sonra almaniyalı dünya çempionuna uduzdum. Çətin olsa da, bürünc medalı əldən vermədim. 2014-cü ildə də Avropada ikinci, dünyada üçüncü olmuşdum. Baş məşqçimiz Şaban Donata təşəkkür edirəm ki, mən Türkiyədə müalicə kursu keçəndə sparrinq-rəqib göndərdi. Şəxsi məşqçim Fuad Rəhmani də mənimləydi. Medal qazanmağımda payı olan hər kəsə minnətdaram. Əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Əlimizdən gələni etməliyik ki, həm Olimpiadaya vəsiqə qazanaq, həm də dünya çempionu olaq. Ona qədər bütün problemləri həll etməliyik. 9-10 yaşımdan güləşdəyəm. Bunun 70-80 faizi müalicələrdə keçib. Buna baxmayaraq, yarışlarda ən azı bürünc medal qazanmışam. Təki sağalan zədələr olsun ki, karyeramı davam etdirə bilim. Bu gözəl bayrağımızı dalğalandırım. Ölkəmizdə güləş ənənələri var. Ardımızca gələn gənclər uğurları davam etdirməlidir. Gələn il dünya çempionatında 67 kq-da güləşməyi planlaşdırıram. Əlbəttə, çətin olacaq. Ancaq çətinlik olmasa, nailiyyət də olmaz. Uğur gələndə çətinliklər yaddan çıxır. Bu qələbəmi uğuruma sevinən insanlara həsr edirəm".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah