Yenə də güləş TƏHLİL

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunları başa çatmaq üzrədir. Sabah nəhəng yarışa yekun vurulacaq. Ancaq Azərbaycanın olimpiya yığması üçün bir çox suallara aydınlıq gəlib. Qızıl medal ehtiyatımızın artmayacağı dəqiqdir. Beləliklə, komandamız okeanın o tayından vətənə üç “qızıl”la qayıdacaq. Sevindirici haldır ki, bunlardan biri güləşin payına düşür.
Xatırladaq ki, Turan Bayramov (65 kq) Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxdısa, Şahanə Nəzərova (43 kq) bürünc medal qazandı.

Maksimum nəticə!

Turan Bayramovun builki nəticələrinə istənilən idmançı qibtə edə bilər. Bir ildə həm Avropa, həm dünya, həm də olimpiya çempionu olmaq – bir idmançı bundan artıq nə istəyə bilər ki? Sərbəst güləşçimiz hələ ötən il potensialını ortaya qoymuşdu. Gəncə güləş məktəbinin yetirməsi 2017-ci ildə 58 kq-da dünya ikincisi və Avropa üçüncüsü oldu. Bu il isə 65 kq-da özünü ən yaxşı tərəfdən göstərə bildi. Sözsüz, bu il qitə birinciliyi mundialdan daha böyük önəm kəsb edirdi. Çünki məhz AÇ-də fərqlənməklə Olimpiadaya yollanmaq mümkün idi. Makedoniyanın paytaxtı Skopyedə keçirilən məsul yarışda bütün rəqiblərinə qalib gələn Bayramov bu missiyanın öhdəsindən gəldi. Turan uğurlu çıxışını davam etdirərək Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan DÇ-də də “qızıl”ı boynundan asdı. Bununla da Olimpiya Oyunları ərəfəsində çəkisində əsas favorit olduğunu büruzə verdi. Təsadüfi deyil ki, AGF-nin prezident əvəzi Namiq Əliyev güləşçilərlə görüşlərin birində ondan yalnız və yalnız qızıl medal gözlədiklərini söyləmişdi...
Buenos-Ayresə qayıdaq. Hələ qrup mərhələsinin püşkü atılanda Bayramovun final yolunun açıq olduğu görünürdü. A qrupunda nə Yeni Zelandiya, nə də Pakistan təmsilçisi güləşçimizə boy göstərəcək səviyyədə deyildi. Sensasiya baş vermədi və Bayramov müvafiq olaraq, 10:0 və 8:0 hesablı qələbələrlə adını finala yazdırdı. Həlledici görüşdə onu tanış sima gözləyirdi. Turan Zaqrebdəki DÇ-nin yarımfinalında 8:2 hesabıyla məğlub etdiyi Məhəmməd Baqi Kərimiseyfabadla üz-üzə gəldi. İranlı pəhləvan bu dəfə də həmyerlimiz qarşısında duruş gətirə bilmədi. 6:1 görüşün gedişiylə bağlı təsəvvür yaratmaq üçün kifayət edəcək hesabdır. Beləliklə, yığmamızın böyük perspektiv vəd edən üzvü ümidləri doğruldaraq olimpiya çempionu oldu. 

İkinci Mariya Stadnik yetişir

Turandan bir gün əvvəl Şahanə mübarizə apardı. Nəzərovanın buna qədərki nəticələri rəqiblərin canına üşütmə salmaq üçün kifayət edirdi. Siyəzən güləş məktəbinin yetirməsi ötən il 38 kq-da həm AÇ, həm də DÇ-ni “fəth etmişdi”. Bu il isə 43 kq-da qüvvəsini sınayan güləşçimiz hər iki yarışda gümüş medal qazandı. Olimpiadaya gəlincə, püşk üzünə gülmədi. Hər halda, mundialın finalında uduzduğu Emili Şilsonla eyni qrupa düşməsəydi, ən azı finala qədər irəliləyə bilərdi. B qrupunda Braziliya, Nigeriya və Fransa təmsilçilərinə aman verməyən Şahanə yalnız amerikalı güləşçiylə bacarmadı. Ancaq Monqolustan idmançısıyla ağır görüşdən üzüağ çıxaraq, bürünc medalla təsəlli tapdı.
İstənilən halda, Nəzərova üçün də bu ili uğurlu saya bilərik. Şahanə də Turan kimi, böyük potensiala sahibdir. Kim bilir, bəlkə Tokio Olimpiadasından sonra Mariya Stadnikin layiqli davamçısı siyəzənli güləşçi olacaq. Nəzərova olduqca cəlddir və qadın güləşində bu, həlledici amildir. Üstəlik, Stadnikdən fərqli, Şahanədə “yapon sindromu” anlayışı yoxdur. Belə ki, həmyerlimiz son iki DÇ-də gündoğar ölkənin təmsilçilərinə böyük hesabla qalib gəlməyi bacarıb.

Lisenziyaların sayı daha çox ola bilərdi

Beynəlxalq Olimpiya Komitəsi (İOC) güləşdə hər ölkə üçün maksimum 6 nəfərlik kvota ayırmışdı. Əlbəttə, Argentinaya daha çox güləşçi yola sala bilərdik. Say azlığının obyektiv və subyektiv səbəbləri var. Olimpiadada yunan-Roma güləşində təmsil olunmamağımızda məsuliyyəti birbaşa hakimlər daşıyır. Ötən il 42 kq-da dünya çempionu olan Qurban Qurbanov bu dəfə 45 kq-da Avropada eyni uğuru təkrarlaya və eyni zamanda Buenos-Ayres-2018-ə lisenziya əldə edə bilərdi. Ancaq hakimlər Bolqarıstanı təmsil edən erməni Edmond Nazaryanın finalda qalib gəlməsi üçün dəridən-qabıqdan çıxdılar. Nəticədə okeanın o tayında himnimizi səsləndirə biləcək idmançımız lisenziyadan məhrum oldu. Sərbəst güləşçilərdən finalda uduzan Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) də Olimpiadanın bir addımlığında dayandı.

Ənənə davam edir

Ancaq kəmiyyət çatışmazlığı keyfiyyətə əngəl ola bilmədi. Ölkəmizin hesabına güləşdən 1 qızıl, 1 bürünc medal yazıldı ki, bu da idman növləri arasında ən yüksək göstəricidir. Başqa sözlə, güləş yenə də liderliyini qorudu, bayraqdar funksiyasını əldən vermədi. Beləliklə, böyüklərdə olduğu kimi, yeniyetmələrin Olimpiadasında da ənənə davam edir. 
Bu yerdə keçmişə nəzər salmağa dəyər. Sinqapur-2010-da yunan-Roma güləşçilərindən Murad Bazarovla (42 kq) Elman Muxtarov (50 kq) çempion olub. Patimat Baqomedova (52 kq) və sərbəst güləşçi Əli Maqomedabirov (100 kq) da eyni uğura imza atıb. Daha bir “sərbəst” Kənan Quliyev (54 kq) isə “gümüş”ə sevinib. Medal qazanan 8 olimpiyaçımızdan 5-i güləşçi olub. Nankin-2014-də ölkəmizin əldə etdiyi 5 “qızıl”dan 3-ü bu idman növünün payına düşür. “Klassik” İslambek Dadov (69 kq), “sərbəstlər” Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) bütün rəqiblərinə qalib gəlib. Yunan-Roma güləşçimiz Cabbar Nəcəfovla (50 kq) Leyla Qurbanova (52 kq) isə ikinci yeri tutub.
Beləliklə, üç Olimpiadada güləşçilərimiz 12 medal (8 qızıl, 3 gümüş, 1 bürünc) qazanıb.

awf-az.org





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right