Firdovsi Umudov: "Oğul ona deyirəm ki, çətin zamanlarda özünü doğrultsun"

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb. 

Newsport.az-ın məlumatına görə, ötən gün çempionatdan qayıdan AGF-nin 1-ci vitse-prezidenti və sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və finalda yüksək əzmkarlıq göstərərək ikinci dəfə Avropa çempionu adını qazanan Hacı Əliyevin iştirakı ilə mətbuat konfransı keçirilib. 

Konfransı giriş sözü ilə açan Federasiya rəsmisi güləşçilərimizin ümumilikdə qazandığı nəticəni güləş tariximizə yazılan yeni bir səhifə kimi qiymətləndirib: 

“Güləşçilərimiz möhtəşəm qələbə qazandılar. Rekord sayda - 4 qızıl, 5 gümüş və 9 bürünc olmaqla, ümumilikdə, 18 medal əldə etdilər. Hər zaman Azərbaycanın idman ölkəsi olduğu isbatlamağa çalışırıq. Ayovada keçirilən Dünya Kubokundan sonra Avropa çempionatında da uğurlu çıxış etməyi qarşımıza məqsəd qoymuşduq”. 

- Bəzi idmançıların fiziki hazırlıq səviyyəsi qənaətbəxş deyildi. Bu xüsusən də güləşçilərimizin hesabda öndə olduqları görüşlərdə uduzmalarında özünü biruzə verdi? 

- Bu, hər üç növdə oldu. Murad Məmmədov 5 xal öndə olduğu halda, uduzdu. Bunu daha çox onun təcrübəsizliyinə bağlayıram. Rəsul Çunayevin isə səhhətində problem, zədələri var. Hazırlıq prosesini yaxşı keçirmişdilər. Bütün məşqçi heyəti ilə görüşüb, səhvləri analiz edəcəyik. Bunlar Olimpiya Oyunlarında bağışlanılası səhvlər deyil. Məşq prosesi hər kəs üçün eyni qaydada olur. Nurməhəmməd Hacıyev ikinci hissədə taktikanı düzgün qurmadı. Hesabda 7:0 öndə olduğu halda, səhv etdi. Digər bir neçə idmançımızda da bu səhvlər oldu. 

- Rəsul Çunayev belində yırtıq olduğu üçün final görüşündə çətinlik çəkdi və uduzdu. Lakin onun hərbçilər arasında keçiriləcək dünya çempionatına yollanacağı deyilir. Bu nə dərəcədə doğrudur? 

- Həmin yarışda iştirak etməsini istəməzdim. Bəzi idmançılarımızın həmin yarışa qatılması nəzərdə tutulub. Lakin yüklənmə düzgün deyil. Çunayevə görə etirazımı bildirmişəm. Yəqin ki, onun yerinə başqa idmançı gedəcək. 

- Coşqun Əzimovun məğlubiyyəti onun çəkisini dəyişməsi ilə bağlıdır, yoxsa təcrübəsizliklə?

- Təcrübəsizliklə bağlı olduğunu düşünürəm. O, qarşısına qoyduğumuz taktikanı icra etmədi. Hacı Əliyev, Şərif Şərifov kimi güləşçilər məşqçi tərəfindən verilən tapşırıqları döşəkdə yerinə yetirə bilirlər. Bu da nəticəyə təsir edir. Sərbəst güləşdə 10 çəki dərəcəsində təmsil olunan idmançılarımızın hamısı medal qazanmağa qadir idi. 

- Artıq 3 aydır maaşları verə bilmədiyi deyilən AGF-nin gələcəyi necə olacaq? 

- Bunun üzərində iş gedir. Yaxınlarda Dünya Güləş Birliyinin prezidenti Bakıda oldu və Azərbaycan Prezidenti, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşdü. Bəzi məsələlər var ki, gələcəkdə həllini tapacaq. Oğul ona deyirəm ki, çətin zamanlarda özünü doğrultsun. 

- AGF-də ciddi dəyişikliklərin olacağı, hətta sizin vəzifədən azad ediləcəyiniz deyilir... 


- Bu, problem deyil. Nə qərar verilərsə, onunla razılaşmağı özümüzə borc bilirik. Əsas odur ki, nəticə olsun. Necə məsləhət olsa, elə də edərik. 

- Yaxın vaxtlarda Bakıda dünya çempionatının təşkili mümkündür? 

- Ola bilsin ki, gələcəkdə Yay Olimiya Oyunlarına lisenziya xarakterli turnirlərdən biri Bakıda təşkil edilsin. 

- Maliyyə problemləri işinizə mənfi təsir göstərir? 

- Sözsüz ki, hər kəsin ailəsi var. Onlar üçün çalışıb-vuruşurlar. Maliyyə problemləri oldu-olmadı öz işimizə davam edirik. Problemlərin həllini tapacağını gedişatdan hiss edirəm. 

- Namiq Əliyev AGF-yə dönəcəyi xəbəri düzdür?

- Namiq Əliyev Dünya Güləş Birliyində Büronun üzvüdür. Bəzi maliyyə problemləri var. O da həllini tapmalıdır. Azad Rəhimovla görüşümüzdə öz dəstəyini əsirgəmədi. Namiq müəllimlə də söhbətlər oldu. 

- Fazil Məmmədov AGF-nin prezidenti postundan gedəcək? 

- Bu qərarı mən vermirəm. Mən mütəxəssis kimi iş aparıram. 

- Avropa çempionatındakı uğurlu çıxışa görə mükafat olacaq? 

- Bunun da qərarını mən vermirəm. 

- Zədəli güləşçilərin müalicəsi böyük vəsait tələb edir. Bunları federasiya qarşılaya bilir? 

- Kimdə nə problem olsa, onları yuxarı səviyyədə qaldırmaq mənim borcumdur. Çalışırıq ki, bu kimi məsələlər həll olunsun. 

- Federasiya prezidenti Avropa çempionatındakı uğurlu çıxışa görə güləşçiləri təbik edib? 

- Bəli, zəng vurub. Azad Rəhimov da təbrik edib. Bu cür suallarla qalmaqal yaratmaq, rezonans doğurmaq istəyirsiniz. Ancaq biz qalmaqaldan uzağıq. Avropa çempionatında 18 medal qazanmışıq (gülür). Hacı Əliyev bir məsələni qeyd etmədi. Finalda qalib gələndən sonra onun da vəziyyəti pis idi. Təxminən, 10 dəqiqədən sonra özünə gəldi. O, finalda kişilik, əzmkarlıq göstərdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right