Dünya çempionunu Şəmkirdə özündən çıxaran nə olub?

Xəbər verdiyimiz kimi, şahmat üzrə dünya çempionu Maqnus Karlsen “ShamkirChess 2018” superturnirində növbəti heç-heçəni rəsmiləşdirib.

Newsport.az -ın məlumatına görə,  norveçli şahmatçı qara fiqurlarla Azərbaycan təmsilçisi Teymur Rəcəbovla xalları yarı bölüb.

Partiyadan sonra Maqnus Karlsen mətbuat konfransında jurnalistlərin suallarına cavablandırıb. Ötən gün mətbuat konfransına gəlməməsinin səbəbini yorğun olması ilə izah edən dünya çempionu deyib:

“Çox yorğum idim. Rauf Məmmədovla partiyamız gec başa çatdı. Mətbuat konfransları çox uzun olur. Üstəlik suallar veriləndə daha gec başa çatır.

Həm də nəticədən razı qalmadım. Belə partiyadan sonra bəzən media qarşısına çıxmaq istəmirsən. Ötən gün mən çox yorğun idim. Dərhal növbəti rəqiblə oyuna hazırlaşmaq barədə düşünürdüm”.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovla heç-heçəyə gəlincə, norveçli idmançı bildirib ki, heç-heçələri əksər hallarda sevmir: “Amma qaçılmaz oldu. Teymurla oyunda gedişlər təkrarlandı.

Ona görə bərabərlik qeydə alındı. Növbəti turda nəhayət ilk qələbəni qazanmaq istəyirəm. Ardıcıl 4 partiyada udmamışam. Belə nəticəyə öyrəşən şahmatçı deyiləm...

Rauf Məmmədovdan çox ikinci turdakı nəticəyə əsəbiləşdim. David Navarayla oyunda üstünlük qazanmaq imkanı var idi. Bu şansı qaçırdım.

Çox məyus olmuşdum. Ən çox Navarayla görüşdə heç-heçəyə təəssüflənirəm. Raufla görüşdə də qələbə qazanmaq istəyirdim...

Artıq Azərbaycan şahmatçıları ilə üz-üzə gəlmişəm. Hamısına qarşı da qara fiqurlarla oynamışam. Çox diqqətli çıxış edirlər. Ona görə də onları məğlub etmək mümkün olmur. Şəmkirdə yerli şahmatçılar sanki toxunulmazdır. İstədiyim oyun onlara qarşı alınmır”.

Dünya çempionu onu da bildirib ki, Şəmkirə şəxsi aşpazı ilə gəlib: “İlk növbədə təşkilatçılığı yüksək qiymətləndirməliyəm. Artıq Şəmkirə üçüncü səfərimdir. Həmişə özümə qarşı yüksək diqqət görmüşəm.

Təqdim olunan yeməklər çox dadlıdı. Sadəcə, aşpazım sevdiyim yemək və içkiləri daha yaxşı tanıyır. Bəzən özəl şəkərsiz içkilər hazırlayır. Pəhriz saxlamıram. Lakin şəkərli içkiləri qəbul etmirəm. Aşpazım istədiyim yeməyi qısa müddətdə hazırlayır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right