Sportlife.az geri döndü

Ay yarım öncə maliyyə çətinliklərinə görə fəaliyyətini müvəqqəti dayandırdığını elan edən "sportlife.az" saytı bu gündən işə başlayıb.

Newsport.az-ın məlumatına görə, məsələ ilə bağlı saytın baş redaktoru Mirələm Həsənli oxuculara belə bir açıqlama yayıb: 

"Fevralın 21-də Sportlife.az-ın fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq barədə qərarımı rəsmən açıqlamalı oldum. Səbəb maddi çətinlik idi təbii ki. Nə qədər çətin olsa da, bu qərarı verməyə məcbur qalmışdım. Çünki ayaqda durmaq üçün maliyyə əsas şərtlərdəndi.

Sportlife.az-ın bağlanmasıyla bağlı xəbəri paylaşdıqdan sonra müşahidə etdiklərim 6 illik fəaliyyətimizin hədərə getmədiyinin təsdiqi oldu mənim üçün. Saytın “Facebook” səhifəsinin mesaj qutusuna, e-mail adresinə, öz şəxsimə yazılanlar və yazanların hər birinin məni bu fikirdən daşındırmağa çalışması, əllərindən gələn köməklikləri etməyə hazır olduqlarını bildirmələri çox xoşagələn idi. Bu şəxslər arasında yaxın dostlardan əlavə müxtəlif klubların azarkeşləri, jurnalist həmkarlarım, hətta I Divizionda çıxış edən bir klub prezidenti də var idi. Digər klublardan isə heç bir jest də görmədik. Adi bir maraqlanma ola bilərdi. Olmadı...

İşləmədiyimiz dövrdə yüzlərlə tanımadığım insan tərəfindən zənglər, mesajlar aldım. Sportlife.az-ın gələcək taleyi haqqında verilən suallar nə qədər xoş olsa da, bir o qədər də məni düşündürür, qəhərləndirirdi. Çünki saytın fəaliyyətini bərpa etmək üçün ən azı minimal büdcəyə ehtiyac var idi. Heç nədən iş görmək mümkün deyil. Nə bu, nə də digər sahələrdə.

Yarandığı gündən Sportlife.az bir deviz altında fəaliyyət göstərib - “Heç kimin maraqlarına xidmət etmədən, ölkə idmanı haqqında məlumatları xalqa çatdırmaq”. Obyektivliyimizi hər şeydən üstün tutmuşuq.

Əziz oxucu, ola bilər ki, bəzi məsələlərin sizə aidiyyatının olmadığını düşünəsiz. Amma bunları oxuyub bilmənizi istədim. Biləsiz ki, biz heç bir kluba, heç bir idmançıya xüsusi yanaşmadıq. Tənqiddə heç kimə toxunulmazlıq statusu vermədik. Gördüyümüz səhvləri qeyd etdik, eyni zamanda yaxşını da yazmağı unutmadıq, uğurlarına alqış dedik. Oxucu fikirlərinə hörmətlə yanaşdıq.  Qaraya qara, ağa ağ dedik.

Bu gündən Sportlife.az yenidən fəaliyyətə başlayır. Müəyyən fasilədən sonra yenidən fəaliyyətimizi davam etdirməyi qərara aldıq, hələlik kiçik imkanlar çərçivəsində. Necə deyərlər, yenə də “öz şotumuza”... Yeganə qazancımız siz oxucularımızın olmasıdı".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah