Dünya ikincisi sərbəst güləşçilər Vətənə qayıdıb

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında uğurla çıxış edərək Dünya ikincisi olan sərbəst güləşçilərimiz bu gecə Vətənə qayıdıb. Milli komandamızın Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilib. 

Qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib və finala yüksəlib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib. Gərgin keçən final görüşü ABŞ yığmasının 6:4 üstünlüyü ilə başa çatıb. Sərbəst güləş yığmamız Dünya ikincisi olub və güləş tariximizdə yeni bir zəfər qazanıb. 

Hava Limanında media nümayəndələrinə yarışın yekunları ilə bağlı açıqlama verən AGF-nin 1-ci vitse-prezidenti, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov dünyanın 8 ən güclü komandasının iştirak etdiyi yarışda ikinci yerin yüksək nailiyyət olduğunu deyib: 

"Dünya Kubokunda dünyanın səkkiz ən güclü komandası yer almışdı. Bizim yarımqrupda bildiyiniz kimi Kuba, Qazaxıstan və Monqolustan var idi. İlk görüşümüz Kubaya qarşı oldu. Çox gərgin görüş keçdi. Uşaqlar bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Burdan da gedəndə demişdik ki, əsas hədəf finala vəsiqə qazanmaqdır. Komandanın tərkibində gənc güləşçilərə də, üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Məhəmmədov, Nurməhəmməd Hacıyev səhhətində problemlər səbəbindən komandada yer almamışdı. Biz Toğrul Əsgərovun da çıxışını planlaşdırmışdıq. Lakin o, tam formada deyildi. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Aleksandr Qostiyev var idi. Yenilərdən Coşqun Əzimov çox əzmkarlıq göstərdi. Georgi Edişeraşvilinin güləşi çox xoşumuza gəldi".

Firdovsi Umudov final görüşündə komanda üzvlərinin haqsızlıqla qarşılaşdıqlarını dilə gətirib:

"Final görüşündə pərdəarxası çox şeylər var idi. Biz birinci yerə iddialı idik. Hacı Əliyevin finaldan qabaq Kuba güləşçisi ilə görüşündə səhhətində problem yaranmışdı. Cəbrayıl Həsənovun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, 4 xallıq və 2 xallıq fəndlər var idi, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar. Finalda qarşılaşdığımız Amerika yığması ötən ilin dünya çempionları idilər. Lakin biz özümüzü qalib kimi hiss edirik. Düzdür səhvlərimiz var idi. Qarşıda bizi Avropa çempionatı gözləyir. Yığma komandanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaq. Çünki onların əzmkarlıq və xarakteri xoşumuza gəlmədi".

Cəbrayıl Həsənov - yığma komandanın kapitanı 

"Final görüşündə ilk saniyələrdə fənd çıxışı etdim, 4 xal verməli olduqları halda, hakimlər 2 balla qiymətləndirdilər. Son saniyələrdə yenə 2 xallıq fənd işlətdim, xalı rəqibə verdilər. Yəni tək mən yox, bəzi komanda yoldaşlarımıza qarşı da haqsızlıq olundu. Bizim üçün bu, Avropa çempionatı öncəsi böyük uğurdur. Sonuncu dəfə 2012-cu ildə Bakıda ikinci yeri tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq".

Hacı Əliyev - yığma komandanın üzvü 

"Biz sonuncu dəfə 2012-ci ildə Bakıda Dünya Kubokunda ikinci yeri tutmuşduq. Ondan sonra neçə il idi ki, heç finala da çıxa bilmirdik. Şükürlər olsun ki, bu baş verdi. Komandamızın heyətində gənc idmançılarımız həqiqətən çox yaxşı güləşdilər: Əfqan, Coşqun. Məncə bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar. Öz çıxışıma gəldikdə isə, düzdür, səhhətimdə bəzi problemlər var idi. Lakin komandaya kömək etməli idim. Əlimdən gələni etdim. Həm də məndə yeni çəki dərəcəsi olduğu üçün fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım. İlk dəqiqələrdə barmağımın çıxmağı, bir az gücümü azaltdı, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüflər olsun ki, komandaya kömək edə bilmədim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right