Firdovsi Umudov: Bu, uğurun əsas "açarıdır"

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Newsport.az xəbər verir ki, bu gün yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib. 

Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb:

"Hazırda sərbəst və yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirir. Yunan-Roma güləşçilərimizin bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir. Fevralın əvvəlində sərbəst güləşçilərimizin də İranda keçiriləcək turnirdə iştirakı gözlənilir. Daha sonra isə yığma komandalarımız Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək yarışda iştirak edəcəklər. Orda həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Bu il sərbəst güləş yığmamız həm də ABŞ-da keçiriləcək Dünya Kubokunda qüvvəsini sınayacaq. Məhz İran və Ukraynadakı turnirlərdən sonra biz  Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik." 

Həm Federasiyanın idarəçiliyində, həm də yığma komandaların məşqçi heyətində müəyyən dəyişikliklər edildiyi deyən Firdovsi Umudov bu dəyişikliklərin Azərbaycan Güləş Federasiyasının gələcək fəaliyyətinə yeni nəfəs gətirəcəyini bildirib:

"Bu qaydada davam edəcəyik. Dəyişikliklər məşqçilər heyətində də olacaq. Artıq Rövşən Bayramovla Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımıza - Əşrəf Əliyevlə Yaşar Əliyevə üstünlük vermişik. Onlar daha enerjili və istəklidirlər. Öz bilik bacarıqlarını yığma komandada davam etdirəcəklər. Hədəfimiz dövlətimiz, millətimiz üçün çalışmaqdır. Ölkə rəhbərliyi səviyyəsində bütün idman növlərinə nəzarət olunur. Güləş isə xüsusi nəzarətdədir. Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı bizi daha da ruhlandırır, qələbəyə sövq edir. Biz də çalışıb, etimadı doğrultmalı, nəticələrimizlə hamını sevindirməliyik."  

Məşqçi və idmançı heyətilə görüşdüyünü deyən Firdovsi Umudov göstərilən etimadı doğrultmaq üçün çalışacağını bildirib: 

"Federasiya prezidentinin mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Əsas hədəflərimizdən biri yığmada dəmir nizam-intizamın olmasıdır. Bu, uğurun əsas "açarıdır". Bunu idmançılarımıza da demişəm. Hər bir idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük şərəf olmalıdır."





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right