Çarli Vaytinq: "Bakı Şəhər Halqası sürücülər üçün olduqca çətin trekdir"

FIA-nın Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq bu gün Bakıya səfər edərək 23-25 iyun tarixlərində baş tutacaq növbəti Formula 1 yarışı öncəsində Bakı Şəhər Halqasının (BŞH) yarışa hazırlığını yerində incələyib.
 
Newsport.az-ın məlumatına görə, Şəhər Halqasında bir sıra dəyişiklər edildiyini bildirib:
 
“Biz trekə baxış keçirdik və xüsusilə yeni bolidlərlə əlaqədar quraşdırılmış əlavə təhlükəsizlik baryerlərini yaxından incələdik. Bu il biz bu baryerləri bütün treklərdə quraşdırmışıq. Trekin 15-ci döngəyə qədər olan hissəsində 5 və ya 6 döngədə təhlükəsizlik baryerlərini gücləndirmişik.
 
Builki bolidlər ötən ildəkilərdən 20 sm daha genişdir. Lakin 15 il əvvəlki bolidlər builkilərlə eyni genişlikdə olduğundan bu, bizim üçün yeni məsələ deyil. Builki bolidlər düzlüklərdə əvvəlki il qədər sürətli deyil, ancaq orta və yüksək sürətli döngələrdə daha sürətlidirlər. Biz simulyasiyalar zamanı yeni tənzimləmələrin sürətə və baryerlərlə toqquşmaya olan təsirlərini hesablayarkən bütün bu məqamları nəzərə almışıq ki, ehtiyac olan yerlərə əlavə baryerlər quraşdıraq.
 
Hesab edirəm ki, bu il ən yüksək sürət ötən ildəkindən çox fərqlənməyəcək. Ehtimal var ki, builki maksimal sürət ötən ildəkindən bir qədər az olacaq, çünki builki bolidlərin hava müqaviməti daha çoxdur. Bu mövsüm indiyədək keçirilmiş əksər yarışda maksimal sürət ötən il qeydə alınmış müvafiq göstəricidən cüzi dərəcədə aşağı oldu. Ötən il qeyri-rəsmi göstəriciyə əsasən 378 km/saat sürət qeydə alınmışdı. Bu il həmin göstərici bir qədər aşağı olacaq, lakin ümumilikdə dövrə vaxtı əhəmiyyətli dərəcədə azalacaq.
 
Bakı Şəhər Halqası sürücülər üçün olduqca çətin trekdir. Həmçinin bu, treki ərsəyə gətirənlər üçün də müəyyən çətinliklər yaradır. Trek hər kəsin izləməkdən zövq aldığı unikal xüsusiyyətlərə sahibdir. Bakıya gələrək burada möhtəşəm mənzərənin fonunda yarışı izləməyə dəyər. Trek barəsində söhbət apardığım əksər pilotlar Bakı Şəhər Halqasının onlar üçün böyük çətinliklər yaratdığını deyirlər. Düşünürəm ki, yeni xüsusiyyətlərə malik builki bolidlər mübarizəni bir az da çətinləşdirəcək.”
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right