Sadıq Sadıqov: "Cüdo üçün böyük tarix yazıldı”

"İslamiadada uğurla çıxış edəcəyimizi gözləyirdik, lakin bu şəkildə olacağını bilmirdik”.
 
Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov ölkə yığmasının "Baku 2017” IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.
 
52 yaşlı funksioner bildirib ki, İslamiadada əldə olunan uğurlarla tarix yazılıb. Onun sözlərinə görə, yarışlar Azərbaycanda keçirildiyi üçün yerli idmançıların üzərinə böyük məsuliyyət düşüb: "Avropa çempionatından sonra kişi cüdoçularımızla bağlı məsələ bəlli idi. Qitənin ən güclü komandalarından biriyik. Bu, elə bir yarışdır ki, bizim burada qələbə qazanmağımız lazımdır. Cüdoçularımız çox əzmkar güləşdilər. Xalqımızı, cənab prezidentimizi təbrik edirəm. Cüdo üçün böyük tarix yazıldı”.
 
S.Sadıqov gələcək planlardan da söz açıb. O, yaxın gələcəkdə cüdo yığmasına əcnəbi mütəxəssisin rəhbərlik edəcəyini istisna etməyib: "Avqustda dünya çempionatı olacaq. Həmin yarışa hazırlıq mərhələsi indidən başlayır. Qadın cüdoçularla bağlı müəyyən problemlər var, onları həll etməliyik. Hələlik qadın yığması üçün baş məşqçi axtarışında deyilik. Məsləhətləşmələr aparırıq. Elə hazırda komandaya rəhbərlik edən Fərhad Məmmədovun özü ilə də müzakirələrimiz olur. Milli komandaya əcnəbi mütəxəssis gəlsə, o, yerlilərdən qat-qat üstün olmalıdır. Bu gün üçün baş məşqçi məsələsi gündəmdə deyil. Lakin bunun baş verməsini istisna etmirəm”.
 
Qeyd edək ki, Azərbaycan cüdo millisi İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vuraraq, komanda hesabında 1-ci olub. Yığmanın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Erdenebat Bazarraqça (48 kq) fəxri kürsünün birinci pilləsinə yüksəliblər. Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) ikinci olublar. Həmçinin komanda yarışlarında Azərbaycanın kişi yığması qızıl, qadınlardan ibarət milli isə gümüş medal əldə edib.

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz