Sergey Karyakin: "Maykl Adamsa məğlubiyyət mənə pis təsir etdi"

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində IV turun daha bir görüşü başa çatıb. 

Newsport.az-a Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya təmsilçisi Sergey Karyakin Polşa şahmatçısı Radoslav Voytaşeklə heç-heçə oynayıb. Polşa təmsilçisi partiyadan sonra jurnalistlərin suallarına cavab verib. O bildirib ki Şəmkir turnirində güclü rəqabət ilk turdan hiss olunur: "Şəmkirdə bütün rəqiblər güclüdür. Karyakinlə oyuna gəldikdə üstünlüyüm yox idi. Sergey heç bir səhvə yol vermədi. Debütdən istədiyim üstünlüyü əldə etmədim. Ona görə uğur qazanmaq mümkün deyildi. Risk etmək mənasız idi".

Voytaşek yarışlara getməzdən öncə həyat yoldaşıyla məsləhətləşdiyini söyləyib: "Adətən turnirlərdən dəvət aldığım zaman həyat yoldaşımla məsləhətləşirəm. Gedəcəyim yeri ilk olaraq ona söyləyirəm. Bəzən turnirlərə birgə yollanırıq".

Sergey Karyakin söhbətə III turda Maykl Adamsa məğlubiyyətdən danışmaqla başladı. Rusiya təmsilçisi məğlubiyyətin ona pis təsir etdiyini dedi: "Adamsa uduzmaq mənə pis təsir etdi. Ona böyük hörmətim var. Sadəcə dünən oyuna ciddi hazırlaşmışdım. Rəqibin gözlənilməz gedişləri partiyada vəziyyəti tamamilə dəyişdi. Bu gün qara fiqurlarla üstünlük qazanmaq istəsəm də alınmadı. Açılışdan sonra bərabər səviyyədə mübarizə getdi".

Karyakin Vüqar Həşimov turnirində böyük həvəslə iştirak etdiyini deyib: "Azərbaycanda hər bir şahmat yarışı yüksək səviyyədə keçirilir. Şəmkirə böyük həvəslə gəlirəm. Burada uğur qazanmaq üçün şahmatçılara bərabər səviyyədə şərait yaradılır. Təəssüf ki indiyə qədər dostum Vüqarın xatirəsinə keçirilən yarışda çempion olmamışam. Qarşıda 5 tur var. Bu oyunlarda özümü yaxşı tərəfdən göstərməliyəm".

Qeyd edək ki, ShamkirChess 2017 beynəlxalq turnirində V turun görüşləri sabah keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right