Şəhriyar Məmmədyarov: "Teymura qarşı hazırlaşmamışdım"

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində IV turun ilk görüşü başa çatıb. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun partiyasında heç-heçə qeydə alınıb.

Newsport.az-a Turnirin mətbuat xidmətindən verilən məlumata görə,, oyundan sonra Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib: "Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Ümumiyyətlə komanda yoldaşına qarşı mübarizə aparmaq asan deyil. Bu gün heç-heçə qaçılmaz oldu. Ümumilikdə 4 turu qiymətləndirmək çətindir. İlk turda məğlubiyyəti nəzərə almasaq çıxışımı normal adlandırmaq olar. Daha yaxşı oyun nümayiş etdirmək istəyirəm. Qarşıdakı oyunlara hazırlaşacam. Turnirdə əsas partiyalar irəlidədir".

Yarışın lideri olan Şəhriyar Məmmədyarov həmkarının dediklərini təsdiqləyib. Sumqayıt şahmat məktəbinin yetirməsi etiraf edib ki, Teymur Rəcəbova qarşı partiyaya hazırlaşmayıb: "Bizim qələbə və ya məğlubiyyətlə nəticələnən partiyalarımız az olmayıb. Dünya Kuboku eləcə də digər turnirlərdə açıq mübarizə aparmışıq. Rəqiblərə saatlarla hazırlaşıram. Amma Teymura qarşı çox vaxt sərf etmirəm. Bu dəfə Şəmkirdə ümumiyyətlə hazırlaşmadım. Rəcəbov çox güclü şahmatçıdır. Amma ən əsası o mənim komanda yoldaşım, dostumdur. Uzun illər onunla birlikdə Azərbaycan millisinin şərəfini qoruyuruq. Birgə iki dəfə Avropa çempionatının qalibi olmuşuq. Elə yarış olub ki, orada Teymura azarkeşlik etmişəm. Yaxşı münasibətimizin olması sirr deyil. Teymura qarşı oynamaq çətindir. Çünki bir-birimizi yaxşı tanıyırıq. Açıq mübarizə aparmaq həmişə mümkün olmur".

Xatırladaq ki, ShamkirChess 2017 turniri aprelin 30-da yekunlaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right