Bakı 2017 Könüllüləri arasında velosiped yarışı keçirilib

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) təşkilatçılığı ilə paytaxtımızın ev sahibliyi edəcəyi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Könüllüləri arasında 9 aprel tarixində velosiped yarışı keçirilib.

Newsport.az-ın məlumatına görə, Yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclər arasında idmana olan həvəsi artırmaq, eləcə də Bakı 2017 Könüllülərinin asudə vaxtlarının səmərəli keçməsini təmin etmək olub.

Ağ Şəhər Bulvarında keçirilən velosiped yarışında 170 könüllü mübarizəyə qoşularaq 1 km-lik yarış məsafəsində öz bacarıqlarını sınayıb. Yarışın təsnifat mərhələsi hər birində 13 könüllünün yarışdığı turlardan ibarət olub. Bu turların qalibləri isə, final mərhələsində bir-biri ilə yarışmaq hüququ əldə edib. Beləliklə, rəqabətli mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan 5 könüllü qalib elan edilib.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru və Bakı 2017 Könüllülərinin səfiri Elçin Səfərov yarışla bağlı fikirlərini bölüşərkən, könüllülərə verilən dəyəri qeyd edib: “Bizim könüllülərlə qurduğumuz münasibət sadəcə İslam Həmrəyliyi Oyunları ilə bağlı deyil. Belə ki, burada söhbət intizamlı, təlimli, sədaqətli, dünyagörüşlü bir “ordunun” bir-biri ilə sıx əlaqəsindən gedir. Hər bir tədbirdə məqsədimiz onların asudə vaxtlarının daha səmərəli keçməsini təmin etməkdir.”

“Bütün inkişaf etmiş ölkələrdə velosiped ikinci nəqliyyat vasitəsi kimi istifadə edilir. Velosipeddən istifadə həm sağlamlıqdır, həm Bakının təmiz ekologiyasının təməlidir, həm də şəhərimizdə nəqliyyat sıxlığının aradan qalxmasına töhfədir. Vaxt gələcək ki, bu gün belə bir tədbirin keçirilməsinə göstərdiyimiz təşəbbüs, həmin o töhfənin ilk addımı olacaq. Buna çox ümid edirik. ” – Bakı 2017 Könüllülərinin səfiri velosiped idmanının əhəmiyyətini də vurğulayıb.

Tədbirdə, həmçinin, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Aynur Rzayeva da iştirak edərək Bakı 2017 könüllülərinə dəstək olub.

Qeyd edək ki, yarışın mükafatlandırma mərasimində qaliblərə velosiped hədiyyə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right