Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var.
Newsport.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Marafon” idman zalında baş verib. Dəyənək, balta, “beşbarmaq” və s. soyuq silahlarla silahlanmış 17 nəfərlik dəstə məşq zamanı zala hücum edib, məşq keçən idmançılara, o cümlədən, yeniyetmələrə xəsarət yetirib.
İlkin məlumata görə, insidentə iki məşqçi arasında mübahisə səbəb olub. MMA üzrə dünya çempionu Əli Nəcəfi onunla eyni zalda məşq keçən həmkarı Ziyadxan Sədiyevlə məşq saatları üstündə mübahisə edib. Əli Nəcəfi Ziyadxan Sədiyevin məşq vaxtını uzatmasına, onun məşq saatını pozmasına etiraz edib. Mübahisədən sonra Əli Nəcəfi yetirmələri ilə məşqə başlayıb və təxminən yarım saat sonra Ziyadxan Sədiyev özü ilə bərabər gətirdiyi və soyuq silahlarla silahlanmış 16 nəfərlə zala hücum edib. Onlar məşqçi Əli Nəcəfini və onun tələbələrini vurmağa başlayıblar. Hadisə zamanı zalda yeniyetmə və qız idmançılar da olub. Baş verənlər onları qorxuya salıb.
Övladının məşqini izləməyə gələn valideynlərdən biri davaya müdaxilə etmək istəsə də, özü də hücuma məruz qalıb. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla bir neçə nəfər xəsarət alıb. 5 nəfər kəsici yaralar, sınıq və əzik xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, xəsarəti yüngül olan daha bir neçə nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha üç nəfər saxlanılıb.