Teymur Rəcəbov: "Şahmatçılarımız sona qədər mübarizə aparacaq"

42-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda xorvat şahmatçı Mladen Palaçı məğlub edən Azərbaycan millisinin üzvü Teymur Rəcəbov komandamızın qələbə qazanmasında həlledici rol oynayıb.

Newsport.az saytının məlumatına görə, Partiyadan sonra Rəcəbov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib.

Şahmatçı oyunun tam fərqli tərzdə başladığını deyib: "Oyuna yaxşı başladım və demək olar ki, üstünlük qazanmaq üçün rəqibin gözləmədiyi gedişləri etdim. Əvvəldən üstünlüyüm olmasa da, tədricən hər şey dəyişdi. Fil ilə gedişdən sonra bərabərlik görünmürdü. Qonşu masadakı Rauf Məmmədovun oyununu izləyirdim. Məmmədovun qələbə qazanmaq şansları göründüyü halda, müdafiəyə daha çox diqqət etməyə başladım. Rəqib fikirləşməyə çox vaxt itirdi. Tez qələbə qazanmaq üçün gedişləri saymağa başladı və nəticədə çox vaxt itirdi. Seytnota düşməyə yaxınlaşırdı. Fürsətdən istifadə edərək oyunu düzgün qurdum və yekunda qələbə qazandım. Sevinirəm ki, bizim üçün hər şey yaxşı başa çatdı".

Olimpiadada arxada qalan VII tur haqda danışan Rəcəbov yığmamızın sona qədər mübarizə aparacağını bildirib: "Qarşıda 4 tur var. Hazırda proqnoz vermək düzgün olmaz. Bakıdakı olimpiadada dünyanın ən güclü komandaları mübarizə aparır. Azərbaycan millisi ilk turdan maksimum nəticə uğrunda yarışır. Hindistanla oyunda məğlubiyyət çox acınacaqlı oldu. Həmin oyuna tam fərqli nəticə qeydə alına bilərdi. Arkadi Naydiçdə kifayət qədər yaxşı vəziyyət idi. Şəhriyar Məmmədyarovda üstünlük hiss olunurdu. Partiyanı uğurla başa vurmaq olardı, təəssüf ki istədiyimiz alınmadı. Hindistanla oyunla məğlubiyyətə layiq deyildik. Bununla belə mübarizəni sona qədər davam etdirəcəyik. İndi hər bir tur ümumi nəticə baxımından çox vacibdir".

Azərbaycan millisinin şahmatçısı doğma Bakıda mübarizə aparmağın asan olmadığını da söylədi: "Azərbaycanda çıxış etmək böyük məsuliyyətdir. Çoxlu sayda insanlar olimpiadaya gələrək komandamıza dəstək olur. Müəyyən mənada təzyiq hiss olunur. Doğma insanların qarşısında oynamaq çətindir. Fikrimcə yığmanın hər bir üzvü peşəkardır. Bundan əvvəl də biz Bakıda, Şəmkirdə digər şəhərlərimizdə çıxış etmişik. Elə etməliyik ki, Bakıda doğma divarlar bizə kömək etsin".

42-ci Ümumdünya Şahmat Olimpiadasının təşkilatçılığından danışan Teymur Rəcəbov karyerasında 8-ci olimpiadada iştirak etdiyini dedi: "Bu mənim 8-ci olimpiadamdır. Adətən yarış başa çatdıqdan sonra təşkilatçılıq haqda danışıram. 7 turdan sonra əminliklə demək olar ki, Bakı olimpiada tarixində ən yaxşı turniri keçirir. Şahmatçılar ən gözəl otellərdə məskunlaşıb, qidalanma və nəqliyyat məsələləri qaydasındadır. Bir sözlə təşkilatçılıq yüksək səviyyədədir. Bütün qonaqlar təşkilatçılıqdan razılığını bildirir. Ümid edirik ki, sona qədər belə olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right