Olimpiya tariximizin yeni rekordu

XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi oldu

 

Rioda Olimpiya həyəcanı başa çatdı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının qatıldığı turnirdə qalib olmaq hər bir atletin arzusu idi. Planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq son 4 ildə idmançıların gərgin və ciddi formada hazırlığının nəticəsidir. Əlbəttə, Olimpiadaya gedən hər bir idmançı yalnız qələbə barədə düşünür. Sözsüz ki, yarışlarda iştirak və qazanılan titullar mühüm amillərdəndir. 
Olimpiadada yarışan və qalib gələn idmançılar alqışla qarşılanır, qarşıdakı turnirlərə daha məsuliyyətlə yanaşırlar. Ümidləri doğrulda bilməyən idmançılar isə qınaq obyekti olmamalıdırlar. Sözsüz ki, uğursuzluqun sonunda ayrı-ayrı idman növləri üzrə mütəxəssislər hər şeyi araşdırır, buraxılmış səhvləri nəzərdə saxlayır və lazımi nəticələr çıxarırlar.
Bir məsələni xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi. Heç kim deyə bilməz ki, əsas favorit göstərdiyin idmançı Olimpiadada mütləq medal qazanacaq. Çünki dünyanın ən nüfuzlu yarışında qarşındakı rəqib də güclü idmançıdır, o da qələbə uğrunda mübarizə aparır. İdmanda təcrübə və hazırlıqla yanaşı, şans da, idmançının konkret məqamda əhvali-ruhiyyəsi də önəmli rol oynayır.

 

Medalların sayına görə 15-ci olduq

 

Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar yarışlardır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada olimpiadalar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir.
Uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda- 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. 
Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə 15-ci olduq! Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız Azərbaycan idmanının inkişafının göstəricisidir.
Sevindirici haldır ki, buna kimi iştirak etdiyimiz 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdısa, bu dəfə bu say 7-yə yüksəldi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak və kanoe) və taekvondodur. İdmanın ayrı-ayrı növlərinə gəlincə, başa çatmış Olimpiya oyunlarında ən çox güləş (14 lisenziya), boks (11 lisenziya), cüdo (6 lisenziya) və taekvondoda (4 lisenziya) təmsil olunmuşduq. Əldə edilən nəticələr isə bir-birindən fərqlidir.

 

Pəhləvanlarımız ilk pillədə yer aldılar

 

Bundan əvvəlki olimpiadalarda ölkəmizə ən çox medal qazandıran pəhləvanlarımız bu dəfə 9 medal əldə etdilər. 1996-cı ildə Atlantada 1 gümüş, 2000-ci il Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rioda da estafeti davam etdirdilər. 
Yarışların ilk üç günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələnib. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medal qazanıb və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib.
Qadın güləşçilərin yarışında 3 idmançı ilə təmsil olunmuşduq. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) təsəlliverici görüşlərin yekununda bürünc medala layiq görülüb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.
Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazandı. 
Sərbəst güləş üzrə yığmamız qazanılan mükafatların sayına (5 medal) və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə komanda hesabında ilk sırada qərarlaşıb. 
Beləliklə, ümumilikdə güləşçilərimiz 9 medal qazandılar. Düzdür, bunların içərisində qızıl olmasa da, yenə də uğurlu nəticə əldə edildi. Qazanılan medallar onu göstərir ki, Azərbaycan güləşinin ənənələri yaşayır.

 

Cüdoçular etimadı doğrultdular

 

Eyni sözləri cüdoçularımız haqqında da demək olar. Bundan əvvəlki London Olimpiadasında fiaskoya uğrayan cüdoçular bu dəfə etimadı doğrultdular. Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.
Son Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Rüstəm Orucov (73 kq) yığmanın ən yaxşı formada olan üzvü idi. Reytinqdə 2-ci olan Rüstəm ardıcıl olaraq qazax Didar Həmzə, avstraliyalı Cek Bensted, macar Mikloş Unqvari və israilli Saqi Mukini məğlub edərək adını finala yazdırdı. 8 il əvvəl Pekin Olimpiadasında Elnur Məmmədli məhz 73 kq çəki dərəcəsində Olimpiya çempionu olmuşdu. Eyni uğuru Rüstəmin də təkrarlamasını çox istəyirdik. Ancaq alınmadı. Yapon Şohey Onoya uduzan Rüstəm Rionu gümüş medalla başa vurdu. 
2009-cu ildə Ermənistanda keçirilən gənclərin Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla dövlət himnimizi səsləndirən Elmar Qasımov (100 kq) növbəti dəfə ona bəslənilən etimadı doğrultdu. Olimpiadaya son Olimpiya çempionu Tahir Xaybullayevi (Rusiya) məğlub edərək başlayan Elmar daha sonra Lyes Buyakub (Əlcəzair), Ramazan Dərviş (Misir) və Artyom Bloşenkonu (Ukrayna) sıradan çıxararaq adını finala yazdırdı. Həlledici mərhələdə 2009-cu ildə Yerevanda gənclərin Avropa çempionatının finalında qarşılaşdığı çex Lukaş Krpaleklə üz-üzə gəldi. Dünya çempionu olmuş Krpalek fiziki cəhətdən daha hazırlıqlı idi və qələbə qazandı. Bu gümüş medal Qasımov üçün stimul, yeni ümid olmalıdır. Tokioda Olimpiya çempionu olmaq üçün idmançımız qarşıdakı 4 ildə daha böyük əzmlə çalışmalıdır.
Beləliklə, cüdo yığmamız 2 gümüş medalla Olimpiadada komanda hesabında 12-ci yeri tutdu.

 

Taekvondoda Avropa 2-cisi olduq

 

Tarixində ilk dəfə Olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”-da ən yaxşılardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. 
Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. 80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.
Yarımfinalda həmyerlimiz Böyük Britaniya təmsilçisi Mahama Çonu 4:1 hesabı ilə məğlub edərək finala adlayıb.Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Həlledici mərhələdə nigerli idmançıya qalib gələn Radik (6:2) Olimpiya çempionu oldu. Milad Beiqi Harçeqani və Patimat Abakarova isə bürünc medala sevindilər.
Azərbaycan yığması bu göstərici ilə “Rio-2016”-nın taekvondo yarışlarında 4-cü pillədə qərarlaşıb. Millimiz yalnız Cənubi Koreya, Çin və Böyük Britaniyadan geri qalıb. Avropada 2-ci olan komandamız postsovet məkanında hamıdan irəlidə yer alıb.

 

Boks tarixində ilk gümüş medal

 

Boksdan ayrıca danışmaq lazımdır. 11 boksçumuzdan yalnız 2-si - Lorenzo Sotomayor gümüş və Kamran Şahsuvarlı bürünc medal əldə etdilər. London Olimpiadasında 8 boksçu ilə mübarizə apararaq yekunda 2 bürünc medal qazanan təmsilçilərimizdən Rioda daha çox mükafat gözləyirdik. Düzdür, boks tarixində ilk dəfə idmançımız finala vəsiqə qazandı. Əlbəttə, bu iki medaldan birinin əyarı qızıl ola bilərdi, amma hakimlər doğru qərarlar qəbul etsəydilər. Finalda Lorenzonun xalları düzgün sayılmadı. Sonuncu raundda onu göz görə-görə uduzdurdular. Lakin heç bir idmançı hakim ədalətsizliyindən sığortalanmayıb. Hakimin bilərəkdən, yaxud bilməyərəkdən səhv etməsinə görə yarışın nəticəsi ləğv olunmur. Acı da olsa, reallıq budur.
Hər dəfə Olimpiada kimi mötəbər idman turnirində Azərbaycan komandasının heyətində idmançılardan biri nümayiş etdirdiyi görüşlərlə diqqəti cəlb edir. Rioda boks yarışlarında 75 kq çəki dərəcəsində çıxış etmiş Kamran Şahsuvarlı məhz belə bir idmançı oldu. Karyerası ərzində heç bir böyük titulu olmayan təmsilçimiz Braziliyada bürünc medal qazanmaqla Olimpiya tariximizin yaddaşına həkk olundu.

 

Avarçəkmədə ilk dəfə mükafat qazanıldı

 

Olimpiya tariximizdə ilk dəfə medal qazandığımız idman növlərindən biri də avarçəkmə oldu. Təmsilçilərimizdən Valentin Demyanenko birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşündə çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, rusiyalı Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medalla kifayətləndi. 
Digər idmançımız İnna Osipenko-Radomskaya qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışda final yürüşündə ən güclü səkkiz idmançı arasında 40.401 saniyə nəticə ilə bürünc medal qazandı.

 

Son 6 olimpiadada 44 medal

 

Azərbaycan iştirak etdiyi son 6 olimpiya oyunlarında 44 medal qazanıb. Maraqlıdır ki, atletlərimiz hər olimpiadada medal sayında əvvəlki rekordu təzələyirlər: Atlanta (1996) - 1 medal, Sidney (2000) - 3 medal, Afina (2004) - 5 medal, Pekin (2008) - 7 medal, London (2012) -10 medal və nəhayət, Rio -18 medal!
Atletlərimizin bütün idman növləri üzrə son 6 olimpiadada qazandıqları medalları aşağıdakı kimi qruplaşdırmaq olar:

Güləş: 
23 medal (4 qızıl, 8 gümüş, 11 bürünc)
Boks: 
8 medal (1 gümüş, 7 bürünc)
Cüdo: 
4 medal (1 qızıl, 2 gümüş, 1 bürünc)
Taekvondo: 
3 medal (1 qızıl, 2 bürünc)
Avarçəkmə: 
2 medal (1 gümüş, 1 bürünc)
Stend atıcılığı: 
3 medal (1 qızıl, 2 bürünc)
Ağırlıqqaldırma: 
1 medal (1 bürünc)

Qarşıda isə idmançılarımızı bir-birindən daha çətin və nüfuzlu turnirlər gözləyir. Ümid edirik ki, XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın adını uca tutan atletlərimiz növbəti yarışlarda əldə edəcəkləri nəticələrlə Riodakı medalların heç də təsadüf olmadığını sübuta yetirəcəklər.

Elçin CƏFƏROV,
“Azərbaycan”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right