Ramil Quliyev: "Türkiyə üçün qaçanda həm də sanki Azərbaycan üçün yarışıram"

Olimpiadada 2 həmyerlimiz başqa ölkələrin bayrağı altında çıxış edir. Nicat Rəhimov ağır atletikada Qazaxıstanı, Ramil Quliyev isə yüngül atletikada Türkiyəni təmsil edir. Quliyev göstərdiyi nəticələrlə Türkiyədə çox sevilir. O, 200 və 100 metr məsafəyə qaçışda Türkiyə rekordunu yeniləyib.

Newsport.az-ın məlumatına görə, Ramil Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Həmyerlimiz əvvəlcə niyə yüngül atletikanı seçməsindən danışıb: “Qolumda “Burn to run” sözləri yazılmış döymə var. Bunu vücuduma qazıdım. Çünki qaçmaq mənim üçün həyatın özü deməkdi. Müxtəlif növlərlə məşğul olmuşam. 14-15 yaşdan etibarən isə qaçışa keçdim. Başa düşdüm ki, üzərimdə işləsəm, bu sahədə uğur qazana bilərəm. O zaman qərar verdim ki, həyatımı bu yolda davam etdirməliyəm. Mənim üçün asan, həzzverici görünürdü”.

Quliyev Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşayaraq 2010-cu ildə ölkəmizi tərk edib. 2011-ci ildən Türkiyə vətəndaşı olan Ramil burdan gedişi haqda bunları deyib: “Azərbaycanda idman son vaxtlar inkişaf edib. Ancaq atletika sarıdan hələ Türkiyədən çox geri qalır. Bu üzdən Türkiyəni seçdim. Çünki Türkiyədə şərait daha yaxşıdı. Buranı öz vətənim kimi sevirəm. Azərbaycanı və Türkiyəni ayrı 2 ölkə kimi görmürəm. Həm dilimiz, həm də dinimiz eynidi. Ay-ulduzlu formada qaçanda həm də sanki Azərbaycan üçün yarışıram”.

26 yaşlı atlet Olimpiya Oyunlarında daha yaxşı çıxış edəcəyinə ümid edir: “Hər idmançı üçün Olimpiadada çıxış etmək qürur mənbəyidi. Mən də Türkiyə adından Olimpiya Oyunlarında iştirak etməyin sevincini yaşayıram. Yaxşı nəticə qazanmaq istəyirəm. İlk hədəfim finala vəsiqə qazanmaqdı. Finalda isə hər şey ola bilər. 200 metr məsafəyə final qaçışında dünyanın ən yaxşı 7-8 atleti yarışacaq. Sürətlə yanaşı, taktiki mübarizə də gedəcək. Finalın motivasiyası çox fərqlidi. Ötən ay Avropa çempionatında 200 metr məsafəyə qaçışda gümüş medal qazanaraq karyeramın zirvəsinə çatdım. Həmin yarış Olimpiada öncəsi məşq rolunu oynadı. Olimpiadada şəxsi nəticəmi yaxşılaşdırmağa çalışacam”.

İyunun 15-də Türkiyədə silahlı üsyan baş verdi. Quliyev həmin günü belə xatırlayır: "Əsgərlərin üsyanı zamanı Antalyanın Bələk bölgəsində toplanış keçirdim. Bakıdan mənə ardıcıl zənglər gələndə hadisənin necə ciddi olduğunu anladım. “Əsgərlər hakimiyyəti devirib” yazılmış mesajlar aldım. Azərbaycanda bəzi telekanallar Türkiyədə baş verənləri canlı yayımlayırdı. Türkiyə və Azərbaycanın qəlbi bir vurur. Dostlarım zəng edib, vəziyyətimlə maraqlandılar. Bakı həmin gecə səhərə kimi yatmadı. Hər kəs bu üsyanın yatırılmasını dua edirdi. Türkiyə ordusu və millətiylə birgə güclü dövlətdi. Çox şükür ki, Türkiyə bu vəziyyətdən çıxdı. Bəzi əcnəbi idmançılar bu hadisədən sonra Türkiyəni tərk etməyə başladı. Ancaq bura mənim də ölkəmdi. Heç vaxt Türkiyəni tərk etməyi düşünməmişəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right