"Qəbələ"dən növbəti yenilik

“Qəbələ” İdman Klubu (IK) növbəti ilkə imza atmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, klub bunu MMA (qarısıq döyüs sənəti) üzrə ölkəmizdə birinci dəfə “Azerbaijan Fighting Championship” seriyalı yarısın təşkilinə dəstək verməklə gerçəkləşdirəcək.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, GECF-nin (Qarışıq Döyüş növləri üzrə Beynəlxalq Liqa) təşkilatçılığı, “Qəbələ” İK və “Azerbaijan Fight Club”-ın birgə dəstəyi ilə keçiriləcək ilk yarış yanvarın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Klubun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev "Qəbələ İK" qəzetinə açıqlamasında öncə yarışın məqsədindən danışıb: “Əsas məqsəd MMA döyüş növünü Azərbaycanda inkişaf etdirmək, populyarlaşdırmaqdır. İdeya “Qəbələ” İdman Klubunun rəhbərliyi və “Azerbaijan Fight Club”-ın prezidenti Şəhriyar Abbasova məxsusdur. İndiyədək ölkəmizdə bu idman növündə döyüşlər keçirilirdi. Biz isə bu döyüşləri, belə deyək ki, nizama salmaq istəyirik. Niyyətimiz budur ki, döyüşlər müntəzəm şəkildə, yəni seriya xarakterli olsun. Yanvarın 30-da 15 döyüş keçiriləcək”.

İlk yarışda “Qəbələ”ni 4 idmançı təmsil etməli idi. Onların arasında çoxsaylı titullara sahib olan, indiyədək klubu beynəlxalq miqyasda bir neçə dəfə təmsil edən Bəxtiyar Abbasov (84 kq) aldığı zədə səbəbindən yarışa qatıla bilməyəcək. Belə olan halda, Hüseyn Əliyev (77 kq), Nəriman Abbasov (70 kq) və Fuad Musayev (66 kq) yarışda “Qəbələ”nin şərəfini qoruyacaq. Qəbələdən olan Fuad azərbaycanlı idmançı Pərvin Mustafayevlə, Nəriman dağıstanlı Ravil Hacıyevlə, Hüseyn gürcü Georgi Meparişvili ilə döyüşəcək.

Qarayev seriya xarakterli döyüşlərin ilin sonunadək, ay yarımdan bir keçirilməsinin nəzərdə tutulduğunu deyib: “Növbəti yarışlarda digər idmançılar da qüvvələrini sınayacaqlar. Ümumilikdə, ilin sonunadək 7-8 doyüş gecəsi olacaq. Yekunda qaliblər hər çəki üzrə çempion kəməri uğrunda döyüşə çıxacaqlar. Çempion adını qazanacaq idmançılar üçün mükafat nəzərdə tutulub. Seriya xarakterli yarışların Bakı ilə yanaşı Qəbələdə də keçirilməsini planlaşdırmışıq”.

Bu yarışa xaricdən də idmançılar dəvət olunub: “Avropadan, MDB ölkələrindən, Rusiya və Gürcüstandan bir sıra idmançılara dəvət göndərmişik. İlk döyüş gecəsində isə Rusiya və Gürcüstan idmançıları da çıxış edəcəklər. MMA döyüşləri dünyada çox populyardır. Hətta deyərdim ki, bəzi olimpiya idman növlərindən çox tamaşaçı toplayır. Təsəvvür edin, Sinqapurda bu qəbildən olan yarışda 35 minlik arena dolmuşdu. Döyüş gecəsi şou arakterli olduğundan tamaşaçılar arasında böyük marağa səbəb olur. Yarışıa marağı artırmaq üçün döyüşlərə güclü idmançıları cəlb etməyə çalışırıq”.

“Qəbələ” İK rəsmisi döyüşlərdə rəqiblərin müəyyənləşdirilməsi məsələsinə də toxunub: “Bunu təşkilatçılarla idmançıların promoutorları birgə müəyyən edirlər. Cütlər hər çəki üzrə idmançıların reytinqlərinə uyğun təşkil olunur. Güclü ilə zəifi görüşdürməyi nəzərdə tutmamışıq. Bu, həm zədə təhlükəsinə görə, həm də digər səbəblərdən məqsədəuyğun deyil”.

Qeyd edək ki, yarışdan bir gün əvvəl - yanvarın 29-da saat 11:00-da “Qafqaz Point” otelində çəkiölçmə mərasimi və mətbuat konfransı keçirilib. Bu gün saat 18:00-da başlayacaq döyüşlər “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right