Mətbuat xidməti geniş olan “Neftçi”də nə çatışmır? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Fərdi jurnalist araşdırması” mövzusu çərçivəsində hazırladığı 3-cü yazı

Gəlib çatdıq “Neftçi”yə. Ölkə futbolunun siması sayılan bu kluba qarşı tələbkarlıq hər zaman böyük olub. Çünki “ağ-qaralar” yeganə klubdur ki, onlar üçün çempionluqdan başqa istənilən nəticə uğursuzluq sayılır. Ən köklü klubumuzun baş məşqçiləri məhz bu səbəbdən daim böyük təzyiq altında olur. Bir çoxları bu məsuliyyətin yükünü daşıya bilmir və postunu tərk edir.

Elə mətbuat xidməti haqqında da bu sözləri deyə bilərik. “Neftçi” hamıya nümunə olmalıdır. Məlumatın operativ və dəqiq çatdırılması, jurnalistlərin informasiya alma hüququnun təmin edilməsi bu klubdan daha çox tələb olunur. Baxaq görək flaqmanda bu cəhətdən vəziyyət necədir.

Sayt

Adətən, klubların saytları haqqında daha geniş məlumatlar veririk. Portalın hər bölümünü ayrıca təhlil edir, müsbət və mənfi məqamları qeyd edir, çatışmazlıqları vurğulayırıq. Ancaq bu dəfə istisna olacaq. Çünki hazırda “Neftçi”nin veb səhifəsi işlək vəziyyətdə deyil. Bəlkə də saytda hansısa yenilənmə işləri aparılır. İstənilən halda, flaqmanın portalı bir çoxları üçün nümunəvi sayıla bilər. Burada demək olar ki, əksər zəruri detallar nəzərə alınıb.

Facebook

“Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanmamışdan əvvəl “Neftçi” izləyici kütləsinə görə bu sosial şəbəkədə liderlik edirdi. Ancaq əzəli rəqibin elit turnirin qrup mərhələsinə yüksəlməsi böyük reklam oldu və ölkə xaricindən izləyicilərinin sayı kəskin artdı. Bir neçə gün ərzində 40 mindən artıq “like” yığan “Qarabağ” bu səhifədə “Neftçi”ni geridə qoydu. Buna görə flaqmanı günahlandırmağa dəyməz. “Xalq komandası”nın əməkdaşları “facebook” səhifəsini pis çalışdırmır. 173 minə yaxın izləyicisi olan səhifədə hər gün bir neçə paylaşım edilir. Bir çox hallarda azarkeşlərin sualları da cavablandırılır ki, bu da müsbət göstəricidir. Bir müddət öncə “Neftçi” rəhbərliyinin göstərişi ilə şərhlərdə vulqar ifadələr işlədənlər “ban” edilirdi. Ancaq bu doğru yanaşma deyil. Çünki dünyanın istənilən yerində fanatların qeyri-etik sözlərdən istifadə etməsi hallarıyla rastlaşa bilərsiniz. Buna kəskin reaksiya vermək futbolçunun ona söyən azarkeşi döyməsi kimi bir şeydir. Sadəcə, azarkeş duyğularını anlayıb, reallıqla barışmaq lazımdır. Səhifənin izləyicilərini radikal addımlarla azaltmaq olmaz. Əksinə, məhz “facebook” bu gün üçün azarkeşləri stadionlara cəlb etmək və böyük tərəfdar kütləsi toplamaq üçün ən münasib məkandır.

Twitter

Bu sosial şəbəkəyə xalqımız maraq göstərmədiyindən izləyicilərin sayının az olmasına görə klubu ittiham etmək insafsızlıq olardı. Hər halda, “Neftçi”nin rəsmi səhifəsini 5142 nəfərin izləməsi pis göstərici sayıla bilməz. “Ağ-qaralar”ın mətbuat xidmətinin əməkdaşları “twitter”də də fəallıq nümayiş etdirir. İndiyədək 3500-ə yaxın paylaşım edilib.

İnstagram

“Neftçi”nin “instagram” səhifəsi fəal işlədilir. Burada hər gün müxtəlif paylaşımlar edilir. Bunlar foto da ola bilər, video da. İndiyədək 2700 paylaşım edilib. Ancaq səhifəni izləyənlərin sayı “xalq komandası”nın adına yaraşmır. Cəmi 27200 izləyici var ki, bu da “Neftçi” adına yüksək göstərici sayıla bilməz. Nəzərə alaq ki, əzəli rəqib “Qarabağ”ın bu sosial şəbəkədəki səhifəsini bəyənənlərin sayı 140 mini keçib. Deməli, daha çox işləmək, bu sosial şəbəkədə də rəqabət aparmaq lazımdır.

Youtube

“Neftçi”nin “youtube” səhifəsi də kifayət qədər fəaldır. Bu sosial şəbəkədə “ağ-qaralar”ı izləyənlərin sayı 8600-dan çoxdur. İndiyədək bu səhifədə 495 video hazırlanaraq paylaşılıb. Oyundan dərhal sonra icmal “youtube”da yerləşdirilir. “Neftçi”nin aşağı yaş qrupları üzrə komandaları da diqqətdən kənarda qalmır. Oyunlardan əvvəl stadiona çağırış videoları hazırlanır, məşqlərdən reportajlar hazırlanır, yoxlama oyunları bir çox hallarda bu səhifədən yayımlanır. Azərbaycan reallığını nəzərə alsaq, flaqman “youtube”da olduqca aktivdir.

Wikipedia

“Neftçi”nin 44 dildə “wikipedia” səhifəsi var. Ana dilimizdə olan əsas səhifədə demək olar ki, bütün detallar nəzərə alınıb. Klubun tarixi, prinsipial rəqiblərlə olan rəqabət, komandanın mövcud heyəti, avrokuboklarda və “Birlik kuboku”nda keçirilən bütün oyunların nəticələri,ölkə çempionatında “ağ-qaralar”ın yubiley qollarının müəllifləri, bombardirlər, ən yaxşı fərdi göstəricilər və sair qeyd olunub. Ancaq ən vacib detal unudulub. Söhbət prezidentin kimliyindən gedir. Adətən klubların pasportu hesab olunan “wikipedia” səhifəsində baş məşqçi ilə yanaşı, klub prezidentinin də adı yazılır. Ancaq ana dilimizdə olan səhifədə “Neftçi”nin yeni prezidentinin – Kamran Quliyevin adına rast gəlmədik. Sonuncu başqankimi Orxan Hüseynzadənin adı göstərilib. Əcnəbilərin daha çox müraciət etdiyi ingiliscə olan səhifədə isə bu problem yoxdur. Ancaq bu səhifədə məlumat bazası zəngin deyil. Hər halda, yaxşı bir ingiliscə bilən bir şəxsi tutub, bir gün ərzində ana dilində yerləşdirilən informasiyaları ingiliscə olan səhifə üçün tərcümə etmək olar. Bu, nə böyük vəsait, nə də vaxt tələb edir. Rus dilində olan səhifədə də məlumat yetərsizliyi diqqəti çəkir. Bu səhifə daha nostalji duyğular yaradır. Çünki əsasən SSRİ çempionatlarında çıxış etmiş futbolçuların göstəricilərinə yer ayrılıb. Başqa dillərdə olan səhifələrdə isə hərc-mərclik hökm sürür. Dərhal görünür ki, klub tərəfindən nəzarət yoxdur, səhifələr başlı-başına buraxılıb. Məsələn, “Neftçi” ilə kimsə Türkiyədən tanış olmaq istəsə, böyük şok yaşayar. Çünki komandanın heyətində İvan Rakitiç, Kriştiano Ronaldo, Denis Suares, Neymar, Marselo, Pol Poqba, Baqari Sanya, Pedro, Umtiti kimi məşhur futbolçular var. Səhifənin yuxarı hissəsində baş məşqçi kimi Tərlan Əhmədovun adı yazılsa da, aşağıda Arif Əsədov “teknik direktor” olub. Digər dillərdən də danışmağa dəyməz. Birində baş məşqçi Böyükağa Hacıyevdi, heyət 2011/12 mövsümündən qalıb, bir başqasında prezident kimi klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin adı göstərilib. Bir sözlə, “wikipedia”ya əməlli-başlı əl gəzdirmək lazımdır.  

Mətbuat katibinin fikri

Anar Şabanoğlu: "Neftçi"nin mətbuat xidmətində 7 nəfər çalışır. Həmkarlarımızın yaxından tanıdığı, 15 ilə yaxındır bu işdə olan Habil Hacıyev sayt və sosial şəbəkələr üzrə redaktordu. "Neftçi" TV-nin iki redaktoru - Cavid Əsədov və Çingiz Həsənovu da çoxları tanımamış deyil. Çingiz "Neftçi" fanatıdır və işinə böyük sevgisi də, kluba olan sevgisindən qaynaqlanır. Cavid Arif Əsədovun oğludur. "Neftçi" TV-nin böyük maraqla qarşılanan işləri onun istedadının bəhrəsidir. Daha bir tanınmış sima - tanınmış kinorejissor Ramiz Fətəliyevin oğlu Rüstəm Tvitter sosial şəbəkəsinə görə cavabdehdir. Fotoqrafımız Leylanın atası Adil Səttrarov Qarabağ uğrunda döyüşlərdə itkin düşüb. Leyla bu yaxınlarda ölkənin ən yaxşı fotoqrafı seçildi. "Leka" bu adı artıqlaması ilə haqq edir. Onun çəkdiyi şəkillər mini-şedevrlərdir. Operatorumuz Elmin Muradov özünü ölkənin tanınan televiziya kanallarında təsdiq etmiş kadrdır. İşin peşəkar tərəfi öz yerində, türklər demiş adam kimi adamların toplaşdığı bir kollektivimiz var. Komanda içində kiçik və mehriban bir komandayıq. Ətraflı təqdimatdan sonra yəqin ki, hamı bildi ki, bu kiçik komandamız həm də əsl "xalq komandası"dır. Kollektivimizdə müxtəlif zümrələrdən gənclər təmsil olunur. "Neftçi"mizin uğurları üçün əlimizdən gələni etməyə çalışırıq. Kiçik komandamızın böyük potensialı var. Azarkeşlərimizin və mətbuatın fikirləri bizim üçün çox vacibdir. İşgüzar münasibətləri də ilk növbədə buna görə qururuq. Həm media, həm də "Neftçi" azarkeşlərə səmimi və çox böyük sevgimiz var. Hər zaman onların istəklərini diqqətdə saxlayırıq və bacardıqca yerinə yetirməyə çalışırıq. Fəaliyyətimizi yaxından izləyənlər bilir ki, müəyyən layihələr həyata keçirmişik. Bundan sonra isə daha səs-küylü layihələr nəzərdə tutmuşuq. Allahın izniylə zamanla həyata keçirməyə çalışacağıq”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz