“Qəbələ” saytına görə “1 nömrə”dir (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Fərdi jurnalist araşdırması” mövzusu çərçivəsində hazırladığı 2-ci yazı

Sosial şəbəkə, informasiyanın sürətli və dolğun çatdırılması – bütün bunlar müasir texnologiya ilə bəzənmiş dünyanın tələb olunan parçasıdır. Klublarımızın da bu sahəyə daha çox diqqət ayırması lazımdır. Klublar məhz belə böyüyür, təkmilləşir, böyük camiəyəyə çevrilir və ən əsası güclü azarkeş ordusu toplayır. Bizdə bu cəhətdən də çatışmazlıqlar o qədərdi ki. Amma başqalarına nümunə göstərə biləcəyimiz klublar da var. Birinci yazımızda “Qarabağ”ın media fəaliyyətini işıqlandırdıq. Çatışmazlıqlar var idi. Amma Azərbaycan reallığında klubun bu istiqamətdə fəaliyyətini yaxşı adlandırmaq olar. Elə “Qəbələ”nin də media departamentinin işini müsbət dəyərləndirmək olar. Ənənəyə uyğun olaraq müxtəlif kriteriyalar üzrə bölgə klubunun mətbuat xidmətinin işini qiymətləndirəcəyik.

Sayt

“Qəbələ” sayt baxımından bütün klublarımızı qabaqlamaq iqtidarındadır. “Qırmızı-qaralar”ın portalı yeganə klubumuzdur ki, xəbərləri həm ana dilimizdə, həm də ingiliscə eyni qaydada işıqlandırır. Bu cəhətə görə “Qəbələ” hətta bir çox Avropa klublarını da qabaqlayır. Yəni tutaq ki, hansısa xəbər saytda ana dilimizdə yerləşdirilibsə, dərhal o məlumat ingiliscə də əksini tapıb. Bu da əcnəbi futbolsevərlər üçün “Qəbələ” haqda informasiya əldə etmək üçün əla imkandır. Saytda 8 bölmədən informasiya əldə etmək olar. “Ana səhifədə” son 4 xəbər yerləşdirilib. “Xəbərlər” bölməsində arxivdə yer alan informasiyaları da oxumaq mümkündür. Xəbər intervalı böyük deyil. Bu da müsbət tərəfdir. Amma toplanış vaxtı olan intensivliyi çempionatın gedişində görmürük. Hər həftə ən azı bir oyunçudan açıqlama alınsa, gündəlik məşqlər, zədəli futbolçular haqqında tez-tez məlumat paylaşılsa, daha yaxşı olar. Mətbuat xidməti daha çox qış və yayda ölkə xaricində baş tutan təlim-məşq toplanışında bunlara diqqət ayırır. “Komanda” bölməsində əsas və əvəzedici heyət, məşqçilər korpusu və texniki heyətdə yer alanlar barədə məlumatlar şəkillərlə yerləşdirilib. Ancaq bəzi oyunçuların boy və çəkisi, bəzisinin isə daha öncə hansı klubda forma geyinməsi ilə bağlı qeydlərə rast gəlmədik. Ümid edirik ki, yaxın zamanda bu çatışmazlıqlar da aradan qaldırılar. “Akademiya” bölməsini tıkladıqda ayrıca pəncərə açılır. Yaşıl rəngli fonda klubun aşağı yaş qrupları, akademiyanın fəlsəfəsi, məşqçilər, futbolçular, turnirlər, oyunların nəticələri və sair haqqında informasiya əldə edə bilərsiniz. “Kommersiya” bölməsində sponsorların adları yazılıb. Bunlar “Qafqaz” oteli, “Jalə”, “Sarar”, “Avis”, “Acıbadem” və “Joma” şirkətləridi. 6-cı bölmə daha zəngindir və 5 qola bölünür. Tarix hissəsində klubun yaranması və bu müddət ərzində keçdiyi yol təfsilatı ilə yazılıb. Maraqlıdır ki, “Qəbələ”nin yaranma tarixi 1995-ci il kimi qeyd olunub. Halbuki klubun gerbində 2005 yazılıb. “Klub” bölməsinin rəhbərlik, fotoqalareya, əlaqə və statistikalar hissəsində hər hansı problem diqqətimizi çəkmədi. Komandanın 2005/06 mövsümündən keçirdiyi oyunların nəticələri və mövsümün sonunda tutduğu yerin əks olunması statistiklər üçün əla tapıntıdır. 7-ci bölmə “Qəbələ” TV adlanır. Burada klubun “youtube” kanalındakı video görüntülər, verilişlər, futbolçularla müsahibələr, reportajlarla tanış olmaq olar. Nəhayət, 8-ci bölmə “Qəbələ”nin digər idman növləri üzrə seksiyalarına ayrılıb. Söhbət cüdo, atıcılıq, boks, karate və taekvondodan gedir. Klubun həmin növlər üzrə idmançılarının müxtəlif yarışlardakı çıxışı haqqında məhz bu bölmədən məlumat əldə etmək olar.

Klub saytından “Qəbələ”nin sosial şəbəkələrdəki səhifələrinə keçid etmək mümkündür. Portalda Premyer Liqanın turnir cədvəlindəki mövqeyi əksini tapıb. Həmçinin sorğu yetişdirilib. “Qırmızı-qaralar”ın bu il neçənci yeri tutacağı soruşulub. Səs verənlərin 56 faizi bölgə təmsilçisindən çempionluq gözləyir. 30 faiz “Qəbələ”nin gümüş, 8 faiz bürünc medal qazanacağını düşünür. Cəmi 7 faiz respondent “qırmızı-qaralar”ın medalsız qalacağını ehtimal edir.

Facebook

İndi isə keçək “Qəbələ”nin çox fəallıq nümayiş etdirdiyi sosial şəbəkəyə. “Facebook” idarəçiliyinə söz ola bilməz. 123 minə yaxın izləyicisi olan səhifə üzvlərinin sayına görə yalnız “Qarabağ” və “Neftçi”dən geri qalır. Hər gün bir neçə paylaşım edilir. Videobloqlar hazırlanır, futbolçular haqda statistik göstəricilər, məşqlərdən görüntülər, oyunların icmalı, məşqçi və futbolçuların fikirləri yerləşdirilir. Bu səhifənin əsas özəlliyi və üstünlüyü ondadır ki, daha geniş azarkeş kütləsinə müraciət edir və onları coşdurur. Oyunlardan öncə hazırlanan promo görüntülərə görə də mətbuat xidmətinə “əhsən” düşür. Hər halda, azarkeş sayını artırmaq üçün lazımı addımlar atılır. Bircə qalır bu çağırışlara cavab verilməsi.

Twitter

Bu səhifədə fəallıq yoxdur. Məsələn, sonuncu paylaşım “Qarabağ”la oyun haqqındadır. Halbuki həmin görüşdən sonra “Zirə” ilə qarşılaşma baş tutub. “Qəbələ”nin bu sosial şəbəkələrdəki izləyiciləri cəmi 1779 nəfərdir. İndiyədək klub tərəfindən 336 tvit atılıb ki, bu da yüksək rəqəm sayıla bilməz.

İnstagram

Bu sosial şəbəkədə klub səhifəsinin 18 min izləyicisi var. İndiyədək 564 paylaşım edən mətbuat xidməti son zamanlar gənclərin daha çox vaxt keçirdiyi bu “instagram”da aktivliyi artırsa, azarkeş kütləsini daha da artırar. Məsələn, Təmkin Xəlilzadənin transferi ilə bağlı hazırlanmış maraqlı video orijinallığı ilə seçildi və böyük rəğbət qazandı. Belə kreativ addımların sayı çoxalsa, kluba maraq da bir o qədər artar.

Youtube

Bu səhifədə 3500 izləyici var. Yuxarıda da qeyd etdiyimiz kimi, daha çox yay və qışda baş tutan təlim-məşq toplanışları zamanı “youtube” kanalının fəallığı artır. Futbolçularla maraqlı mübahisələr və başqa layihələr həyata keçirilir. Hər çempionat oyunundan əvvəl promo video və sonra görüşün icmalı da “youtube”da yerləşdirilir. Təbliğat və azarkeşləri stadiona dəvət etmək baxımından bu səhifənin üzərinə böyük yük düşür. Hərdən futbolçuların dili ilə də tamaşaçıları stadionlara çağırmaq olar. Bu baxımdan dünyanın nəhəng klublarının təcrübəsindən də yararlanmaq pis olmaz.

Wikipedia

“Qəbələ”nin 25 dildə “wikipedia” səhifəsi var. Ana dilimizdə olan səhifədə ciddi problem nəzərə çarpmadı. Ancaq komandadan qışda ayrılan Deyv Bultuis və Endi Hallideyin adları hələ də heyətdə qalıb. Rus dilində olan hissədə də eyni halla rastlaşdıq. Maraqlı cəhət burasındadır ki, klubun ingiliscə olan səhifəsi daha dolğun və dəqiq yazılıb. Həm heyət olduğu kimidir, həm də başqa statistik məlumatlar yerləşdirilib.

Mətbuat katibinin fikri

Anar Hacıyev: “Media departamentində 3 nəfər işləyir. Konkret, hər hansı iş bölgüsü yoxdur. Planlı şəkildə işləyirik. Əsas məqsəd odur ki, bütün oxucularımıza klubumuz haqqında məlumatları düzgün, vaxtında və ətraflı şəkildə çatdıraq. Yanvarda “Fənərbaxça”nın bazasında olduq. Orada çox böyük fəaliyyət dövriyyəsi ilə rastlaşdıq. Klubun təkcə televiziya və radiosunda nə qədər peşəkar əməkdaş var. 24 saat yayımlamaq iqtidarındadırlar. Digər sosial şəbəkələr, sayt və jurnalın fəaliyyəti də mükəmməl fəaliyyət göstərir. Bu da təbiidir. Çünki “Fənərbaxça”nın 20 milyonluq azarkeş kütləsi var. Böyük azarkeş kütləsinin tələbatının qarşılığında bu işlərin görülməsi zərurətdir. Onlar bu məsələyə çox böyük önəm verirlər. Gələcək üçün orada böyük işlərlə tanış olmaq imkanım oldu. Toplanış vaxtında azarkeşlərin diqqət mərkəzi klubun üzərində olur. Yeni transferlər, komandanın hazırlığı, yoxlama oyunları və s. Azarkeşlər üçün bütün bunlar çox maraqlı olduğundan bundan maksimum yararlanmağa çalışırıq. Mümkün qədər müxtəlif sosial şəbəkələr vasitəsi ilə ən operativ və isti məlumatları çatdırırıq. Ki xəbər qıtlığı yaşamasınlar. Başqa vaxtlarda isə standarta uyğun fəaliyyət göstəririk. Bura məşqçi və futbolçu fikiləri, oyunların video və şəkilləri, həmçinin statistik məlumatlar daxildir. Gələcək üçün də planlarımız var. Zaman-zaman yeni layihələrimiz olacaq”.  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right