“Qarabağ” sosial şəbəkələrdə hamını qabaqlayır, saytı yenilənəcək (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Fərdi jurnalist araşdırması” mövzusu çərçivəsində hazırladığı 1-ci yazı

Bu gün Azərbaycan futbolu Avropa futboluna çatmağa çalışır. Lakin hələ də “köhnə qitə”nin futbolundakı peşəkarlığa və ustalığa həsədlə baxırıq. Çünki bir çox səbəblər var ki, bizi Avropa futbol ailəsindən kənarda qoyur. Söhbət təkcə yaşıl otun üstündə göstərilən oyundan getsə nə vardı ki. Ümumilikdə klubların fəaliyyətində peşəkarlıqla bağlı böyük nöqsanlar var. Əsas da informasiyanın çatdırılmasında və təbliğat işlərində, xəbərin doğru və ya yanlış çatdırılmasında,  azarkeşlərin stadiona cəlb olunmasında və sairdədir.

Bu gündən Premyer Liqanın 8 iştirakçısını ayrılıqda məhz bu mövzu baxımından təhlil edəcəyik. Bir qədər də konkretləşdirsək, klubların saytlarının necə işləməsini, sosial şəbəkələrdə fəaliyyətini, mətbuat xidmətinin iş keyfiyyətini araşdıracağıq. Turnir cədvəlindəki sıralama ilə gedəcəyik.

Elə isə son illər Azərbaycan çempionatında şəriksiz lider olan “Qarabağ”dan başlayaq.

Sayt

 

İlk baxışdan zənginliyi ilə seçilir. Portalda  müsbət vurğulanası məqamlar çoxdur. Məsələn, işğal altında olan bölgələrimizin adları və işğal tarixlərinin qeyd olunması “Qarabağ”ın adına yaraşan addımdır. Saytdan klubun müxtəlif sosial şəbəkələrdəki səhifələrinə də keçid etmək olar. Portalda 9 bölmədən istifadə edə bilərsiniz. Ən birinci bölüm “mövsüm” adlanır. Burda statistik göstəricilər əksini tapıb. “Qarabağ”ın bu mövsüm çempionat və Azərbaycan kubokunda keçirdiyi oyunların nəticələri əksini tapıb. Eyni zamanda, öncəki mövsümlərdə avrokuboklarda baş tutan bəzi görüşlərin nəticələri və görüntüləri yerləşdirilib. İkinci bölməyə söz ola bilməz. Komandanın heyəti, məşqçilər korpusu və texniki heyət adları və şəkilləri ilə təqdim olunub. Qışda başqa klublara keçən Dino Ndlovu və Tarik El-Yunussinin siyahıdan çıxarılması isə “komanda” bölməsinin vaxtı-vaxtında yeniləndiyini göstərir. “Klub” bölməsi barədə də hər hansı irad tuta bilmərik. Burda klubun rəmzi, marşı, rəhbərlik, idarə heyəti və stadion haqqında informasiyalar yerləşdirilib. “Tarix” bölməsində məlumatların yenilənməsinə ehtiyac var. Ancaq 2006-cı ildə qazanılan kubokun uğur yolunun videogörüntülərlə əks olunması insanda nostalji duyğular yaradır. “Arxiv” bölməsinə də “əl gəzdirmək” lazımdı. “Qalereya” bölməsində şəkillər operativ qaydada yenilənir. Saytda həmçinin “Marketinq” və “Əlaqə” bölmələri var. Sonuncuya daxil olub, klubun mətbuat xidmətinin əlaqə nömrələri və elektron ünvanını əldə edə bilərsiniz. Klubdan aldığımız məlumata görə, hazırki sayt köhnəldiyindən və fayllar yandığından yenilənmə prosesi gedir. Yeni məlumat bazasının köçürülməsi ilə bağlı problemlər yaşandığından bəzi çatışmazlıqlar ortaya çıxıb. Ancaq klubun mətbuat xidməti portalı Novruz bayramına kimi tam yeniləyəcək. Bu zaman sayt dolğun informasiya ilə təchiz olunacaq və tələblərə tam cavab verəcək.

 

Facebook

 

“Qarabağ”ın “facebook” səhifəsini ötən yayadək 130 minə yaxın insan bəyənmişdi. Bu göstəricidə Ağdam klubu “Neftçi”dən geri qalırdı. Ancaq komanda ÇL-in qrupuna vəsiqə qazandıqdan sonra sürətlə səhifənin izləyiciləri artdı. İndi klubun “facebook” səhifəsini 173 mindən artıq insan izləyir. Bu isə o deməkdir ki, “Qarabağ” artıq bu sosial şəbəkədə “Neftçi”ni qabaqlamağı bacarıb. Səhifənin aktivliyi çox yaxşıdır. Azarkeşləri stadiona təşviq etmək baxımından maraqlı və cəlbedici paylaşımlar edilir. Sadəcə, statuslara şəkillərlə yanaşı, video materiallarla da rəng qatmaq lazımdır. Bunun effektivliyi daha güclü olar.

Twitter

Bu sosial şəbəkə Azərbaycanda o qədər də populyar olmasa da, dünyada kifayət qədər geniş istifadə olunur. Məşhur şəxslər çox vaxt “facebook”a yox, “twitter”ə üstünlük verir. Elə son vaxtlar klublar da bu sosial şəbəkədə yüksək aktivlik nümayiş etdirir. O ki qaldı “Qarabağ”a, ölkə çempionunun rəsmi səhifəsini 10800 nəfər izləyir. Bu səhifə açılandan 4625 tvit atılıb. Səhifənin aktivliyi normal səviyyədədir. Sadəcə, bu sosial şəbəkədə insanlarımızın sayının çox olmaması izləyici sayına təsir göstərir. Öz aramızdı, 173000 bəyənmə hara, 10800 izləyici hara...

İnstagram

Son vaxtlar gənclər “facebook”un daşını atıb, keçib “instagram”a. Selfi selfi dalınca. İnsanları bol-bol şəkil çəkməyə stimullaşdıran sosial şəbəkədə “Qarabağ”ın rəsmi səhifəsini izləyənlərin sayı 141 minə çatır. “Facebook”da edilən paylaşımlar “instagram”da da yerləşdirilir. Buradakı səhifə də oyunlara çağırış, klubun reklamı üçün yaxşı vasitədir.

Youtube

Nəhayət, gəlib çıxdıq klubun internet televiziyasına. Başqa sözlə desək, “youtube” kanalına. “Qarabağ”ın kanalını 13 minə yaxın insan izləyir. Ağdam klubunun “youtube” kanalı çox vaxt yaş və qış toplanışlarında gücləndirilmiş iş rejimində çalışır. Əsas üstünlük demək olar ki, bütün yoxlama oyunlarının bu kanal vasitəsi ilə nümayiş etdirilməsidir. Bu da olduqca müsbət məqamdır.

Wikipedia

 

Bir klub və ya bir futbolçu haqqında məlumat əldə etmək üçün ilk növbədə onun “wikipedia”sına nəzər salırıq. Deməli, buradakı səhifə nə qədər ətraflı işlənsə, bir o qədər yaxından tanış olmaq olar. Klubun wikipedia” səhifəsi tələblərə tam cavab verir. 37 dildə fəaliyyət göstərən səhifədə tarix, uğurlar və komanda haqqında dolğun məlumatlar əksini tapıb.

Mətbuat katibinin fikri

Nurlan İbrahimov: Hal-hazırda klubumuzun mətbuat xidmətində 3 nəfər çalışır. Biz sosial şəbəkələrdə mütəmadi olaraq fərqli layihələr həyata keçirməyə çalışırıq. Bunlar klubu insanlara doğmalaşdıran layihələrdir. Sosial şəbəkələrdə aktual və hamı üçün önəmli olan sualları maksimum dərəcədə cavablandırmağa çalışırıq. Daha operativ çalışmaq daha çox maraqdan və rəqabətdən asılı olan bir şeydir. Zənnimcə, biz yetərincə operativ işləyirik. Azarkeşləri stadiona cəlb etmək üçün ən vacib olan idman uğurlarıdır. Mən belə düşünürəm ki, biz kifayət qədər belə uğurlar qazanmışıq. Çox sadiq azarkeşlərimiz var. Onlar daim komandanın yanındadır və bizi dəstəkləyirlər. Qışda soyuqda, qar, yağış demədən bizə dəstək verirlər. Demək olar ki, onların hər birini tanıyıram. Ümid edirəm ki, onların sayı daha da çoxalar”.

Son söz

Yuxarıda daha çox saytla bağlı çatışmazlıqları qeyd etdik. Əlbəttə, ÇL-də böyük pul mükafatı qazanmış klub daha da böyüməyə can atmalıdır. Bu da təkcə güclü komanda qurmaqdan ibarət deyil. Media və marketinq sahəsinə də ciddi diqqət ayrılmalıdır. Klubun maksimum dərəcədə reklam olunması böyük azarkeş dəstəyi qazanmağa və yeni-yeni sponsorların cəlb olunmasına yol aça bilər. Ancaq bunu cəmi 3 əməkdaşla etmək mümkün deyil. Mətbuat xidmətində peşəkar  kadrların sayı artırılmalıdır. Hər səhifə üçün ayrıca idarə edən şəxs olsa, iş daha təkmil qurular. Bunun effekti isə elə ilk aydan görünər. Yoxlamağa dəyər...

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz