Rəşad Sadıqovun yoxluğunu kim unutdura bilər? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 7-ci yazı

Geridə qoyduğumuz seçmə mərhələdə 10 xal toplayaraq yeni rekorda imza atdıq. Ancaq tsikldə yadda qalan təkcə bu rekord olmadı. Həm də Rəşad Sadıqovun milli karyerasını başa vurması gündəmə oturdu. Kapitan Çexiya ilə Bakı Olimpiya Stadionunda keçirilən oyundan sonra yığma ilə vidalaşdı. Beləliklə, 35 yaşlı futbolçu millidə 111 matça çıxdı və 5 qola imza atdı.

İndi hamını dərd götürüb. Sadıqovun yerini kim tutacaq? Bəlkə də başqa mövqedə hansısa təcrübəli futbolçu, əsas heyət  üzvü karyerasını başa vursaydı, futbol ictimaiyyətini bu qədər qayğılandırmazdı. Çünki alternativ variantlar o qədər çoxdur ki. Ancaq dərd burasındadır ki, Rəşadın mövqeyində bu gün böyük boşluq var. Düzdür, yerli mərkəz müdafiəçiləri bütün komandalarda var. Amma söhbət təkcə “ikinci mərtəbə”də topa hakim olan futbolçudan getmir. Həm də Sadıqov kimi top saxlamağı bacaran, hücumları başlaya bilən müdafiəçi lazımdır. Belələrinin sayı isə o qədər də çox deyil. Yəqin ki, bu vəziyyət yeni baş məşqçi Qurban Qurbanovu da narahat edir. Hər halda, mütəxəssis Gürcüstanla yoxlama oyununda və Millətlər Liqasının startına qədər Bədavi Hüseynovun yanında oynaya biləcək futbolçunu aşkarlayacaq. Ümid edək ki, yığmada çalışmış əcnəbi mütəxəssislərdən fərqli, Qurbanov optimal heyət formalaşdıracaq.

Ruslan Abışov

Bu futbolçunu Rəşadın mövqeyində çıxış etməyə ən real namizəd kimi göstərə bilərik. Çünki Prosineçki məhz seçmə mərhələnin son turunda – Almaniya ilə görüşdə Rəşadın yerində Ruslana şans verdi. Abışov pis təsir bağışlamadı. “Neftçi”nin ölkə futboluna bəxş etdiyi Ruslan bir vaxtlar gələcəyinə böyük ümid bəslənilən müdafiəçilərdən idi. Onun solaxay olması (bizdə solaxay futbolçu qıtlığı var) ona olan diqqəti daha da artırırdı. Cərimə zərbələrindən fərqlənməyi bacaran Abışov uzaqdan effektiv vuruşlara malikdir. Üstəlik, boyu (187 sm) mərkəz müdafiəçisi kimi oynamağa tam imkan verir. Başla fərqlənməyi də bacarır. “Rubin”ə gedənə qədər hər şey qaydasında idi. 2009-cu ildən yığma üzvünə çevrilmiş və milli formada 4 qola imza atmışdı. Ancaq Rusiya klubunda əsas heyətə düşə bilmədi və oyun praktikasını itirdi. Azərbaycana qayıdanda “Qəbələ”nin cəlbedici təklifinə müsbət cavab verdi. Ancaq bölgə klubunda ümidləri doğrultmadı. “İnter”də isə əvvəlki formasını qismən yığa bildi. Nəticədə ötən mövsümün ikinci yarısından “yuva”ya qayıtdı. Əvvəllər gah mərkəz müdafiəçisi, gah da dayaq yarımmüdafiəçisi mövqeyində oynayıb. Hətta bəzi oyunlarda müdafiənin solunda da yer alıb. Ancaq hazırda “Neftçi”də mərkəz müdafiəçisi kimi müntəzəm oyunlara çıxır. Artıq oyun praktikasından əziyyət çəkmir. Berti Foqtsun dönəmində əsas heyət üzvü olan Abışov yenidən yığmada, amma bu dəfə stopper kimi oynaya bilər.

Tərlan Quliyev

Bu futbolçu da “Neftçi”də yetişib. Vaxtilə Rəşad Sadıqov məhz Quliyevi özünün xələfi görürdü. Tərlanın özünəinamı pis deyil. Sürəti də tələblərə cavab verir. Topla oynamağı bacaran, kritik müdaxilələrlə rəqibin ara ötürmələrinin qarşısını kəsə bilən müdafiəçilərdəndir. Ancaq ondan “ikinci mərtəbə”də nəsə ummaq qəliz görünür. “İnter”də beşli müdafiənin bir parçası olduğundan hava toplarında onun üzərinə çox yük düşmür. Çünki daha çox Denis Silva və Adrian Skarlatake asmaların qarşısını alır. Ancaq yığma adətən 4 müdafiəçili sistemlə oynayır. Qurban Qurbanov da bir çox hallarda “Qarabağ”ı 4-5-1 taktiki sxemi ilə meydana çıxarır. Çox güman, mütəxəssis yığmada da taktikaya sadiq qalacaq. Deməli, Tərlan stopper kimi oynasa, Bədavi ilə birgə asmaları zərərsizləşdirməlidir. Ancaq Quliyevin hava topları zamanı düzgün mövqe seçə bilmədiyini San Marino ilə Bakıdakı oyunda gördük. “Cırtdan”la oyunda belə səhv edirsə, böyük komandalarla qarşılaşmalarda da eyni səhvləri təkrarlamaq ehtimalı yüksəkdir.

Rasim Ramaldanov

“Simurq”un ölkə futboluna bəxş etdiyi müdafiəçinin fiziki göstəricilərinə söz ola bilməz. 191 sm-lik boy Azərbaycan futbolu üçün nadir tapıntıdır. Zaqatala klubunda çox inamlı təsir bağışlayırdı. Elə yığmaya da məhz bu komandadakı uğurlu oyunu sayəsində ayaq açmışdı. Ancaq “Xəzər Lənkəran”da istədiyi kimi karyera qura bilmədi. Bəlkə də klubun təlatümlü dövründə ora getməsi ona mane oldu. Hər halda, Ramaldanov legioner həyatı da yaşadı. Ancaq çox uzağa yox, Gürcüstana yollandı. “Kolxeti”nin əsas heyət üzvünə çevrilə bildi. Ancaq ailəvi problemlərdən orda çox qala bilmədi və “Qəbələ”yə keçdi. Ramaldanov hazırda ölkənin ən iddialı 2-3 klubundan birinin şərəfini qoruyur. Bəlkə də yenidən əvvəlki formasını bərpa etmək və yığmaya yenidən çağırılmaq üçün oynaya biləcəyi ortabab komandalardan birinə keçməlidir. “Qəbələ”də vaxtının çoxunu ehtiyatda keçirməklə bir şeyə nail olmayacaq. Açıq görünür ki, Roman Qriqorçuk Voislav Stankoviç – Vitali Vernidub tandeminə güvənir. Burda isə 31 yaşlı futbolçuya “çörək” yoxdur. 2-3 ildən sonra karyerasının qürub çağını yaşayacaq. Bütün bunları nəzərə almaq lazımdır. Ramaldanov oyun praktikasını artırsa, millidəki məlum boşluğu rahat doldura bilər.

Elvin Yunuszadə

Rasimlə “Simurq”da çiyin-çiyinə oynamış Elvin “Neftçi”nin yetirməsidir. Ancaq hazırda “Qarabağ”ın şərəfini qoruyur. Düzdür, bir çoxları qazaxlı futbolçunu bəyənmir. Yunuszadənin karyerasına ləkə salan gərəksiz yerə “Fiorentina” ilə səfər oyununda qırmızı vərəqə almasıdır. Ancaq unutmayaq ki, Elvin həmin görüşə çıxanda oyun praktikasının yoxluğundan əziyyət çəkirdi. Yunuszadə son dövrlər daha çox oynamaq şansı əldə edir. Elə “Roma” ilə qarşılaşmada da bunun müsbət təsirini gördük. Bir neçə kritik müdaxiləsi oldu. Yaşının hələ 25 olduğunu da nəzərə almaq lazımdır. Yəni daha da artırmaq perspektivi var. İndiyədək cəmi 3 dəfə milli formanı geyinib. Hər halda, Qurban Qurbanov sərəncamında çıxış edən futbolçunun nəyə qadir olduğunu hamıdan yaxşı bilir. Məsləhət bilsə, Yunuszadə yığma üzvünə çevriləcək.

Onlar da var

Əslində Premyer Liqa klublarında stopper mövqeyində çıxış edən yetərincə futbolçu var. Bunlara misal kimi Şəhriyar Əliyev, Adil Nağıyev, Bəxtiyar Həsənalızadə və Bəhlul Mustafazadənin adını çəkə bilərik. Vurğun Hüseynovla Rail Məlikov isə yaş amilinə görə milli formanı yenidən geyinməyə ümid etməyə bilər. Makedoniya “Pobeda”sında legioner həyatı yaşayan Tural Hümbətovu da unutmaq olmaz. Qurbanovun seçimi etmək üçün yetərincə vaxtı var.

Mütəxəssis fikri

Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru: “Yığmada Rəşad Sadıqovun mövqeyində Elvin Yunuszadə olmalıdır. Niyə? Çünki "Qarabağ"da oynayır. Böyük təcrübə qazanıb bu komanda ilə. Elvin hava toplarında çox inamııdr. Yerdə də təcrübəsi artsa, hazırda bu mövqeyə layiqli namizədlərdən sayıram. Başqa elə bir üzdə olan futbolçu görmürəm. Başqa namizədlərim var, ancaq onlar hələ  perspektivli sayılmalıdırlar.Milliyə bu vəziyyətdə çağırılmaları onları "yandıra" bilər”.

Mehman Süleymanov, “Sport24.az” saytının redaktoru: “Mənim üçün birmənalı olaraq Ruslan Abışov. İndiki vəziyyətdə o, ən real, ən optimal variantdı. Almaniya ilə son oyunda Ruslan 1 illik fasilədən sonra millidə oynadı və inamlı təsir bağışladı. Premyer Liqa klublarımızda mərkəz müdafiəçilərinin çoxu legionerlərdi. Olan yerlilər isə zəifdi, milli səviyyəsində deyillər. Ruslan isə tam yaxşı formada olmasa belə, böyük təcürbəsi ona çox kömək olur. Abışovla bağlı dayaq yarımmüdafiəçi mövqeyində onamaq, yəni mövqe dəyişikliyi ilə bağlı narahatlığa da daha əsas yoxdu. Çünki Tərlan Əhmədovun "Neftçi"nin baş məşqçi postyna gəlişindən sora daha yalnız mərkəz müdafiəçisi mövqeyində oynayacağı müəyəynləşib və bu, oyunlarda da öz əksini tapır”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz