Robert Prosineçkinin heyət seçimi və oyuna müdaxilələri (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 5-ci yazı

Bir məşqçinin ustalığı təkcə onun komandanı oyuna necə hazırlaşdırmasında, düzgün heyət və taktika seçimində özünü göstərmir. Yaxşı mütəxəssis həm də oyunu yaxşı “oxuyan”, görüşün gedişində uğurlu taktiki dəyişiklərə əl atan, düzgün əvəzetmələr edən məşqçidir. Robert Prosineçkinin bacarığına bir də bu tərəfdən baxaq. Görək xorvatiyalı çalışdırıcı geridə qoyduğumuz DÇ-2018-in seçmə mərhələsində qarşılaşmaların axarına necə müdaxilə edib?

1-ci tur

San Marino – AZƏRBAYCAN 0:1

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 11. Ruslan Qurbanov (9. Namiq Ələsgərov, 69), 13. Dmitri Nazarov, (16. Emin Mahmudov, 78), 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov (20. Ramil Şeydayev, 89), 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.         

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 6. Tərlan Quliyev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 10. Elvin Məmmədov, 15. Mahir Mədətov, 17. Rəhman Hacıyev.

Qol: R.Qurbanov, 45.         

Birtərəfli gedən oyun haqqında geniş şərh verməyə ehtiyac yoxdur. Avropanın ən zəif komandasını baş məşqçisiz də udmaq olardı. Ancaq çoxsaylı hücumlardan yalnız biri qola çevrildi. Prosineçki ikinci hissədə gəncləri meydana buraxdı. Onun yenicə yığmamızda oynamağa razılaşmış Emin Mahmudovla Ramil Şeydayevə şans verməsi doğru addım idi. Bu, AFFA-nın tapşırığı da  ola bilərdi ki, bir növ bu yolla həmin futbolçuların başqa milli haqqında düşünmək imkanları olmasın. Hərçənd Şeydahyevi 89-cu dəqiqədə yox, daha erkən meydana buraxmaq lazım idi.

2-ci tur

AZƏRBAYCAN – Norveç 1:0

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 8. Eddi İsrafilov (9. Namiq Ələsgərov, 65), 10. Ruslan Qurbanov (20. Ramil Şeydayev, 80), 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov (6. Bədavi Hüseynov, 90), 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov.

Ehtiyat oyunçular: 12. Anar Nazirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Tərlan Quliyev.

Qol: M.Medvedev, 11.

Bu oyunda da yeganə qol ilk hissədə vuruldu. Prosineçkinin ilk əvəzetməsi əks-hücumu gücləndirməyə hesablanmışdı. Hər halda, Namiq Ələsgərov sürətli cinah reydləriylə “vikinqlər”ə başağrı verə bilərdi. Ancaq digər tərəfdən Eddi İsrafilovun hava toplarında hakim olduğunu da unutmayaq. Norveç isə daha çox havadan oynamağı sevən komandadı. Deməli, Prosineçki bu dəyişikliklə həm də müəyyən qədər riskə yol vermişdi. Ramil Şeydayevin Ruslan Qurbanovun yerinə meydana çıxması doğru addım idi. Amma ilk dəqiqələrdən meydanda Qurbanov yox, Rauf Əliyev oynamalıydı. Zədədən yenicə qayıtmış Bədavi Hüseynovun qazona ayaq basması isə əlavə vaxtda qonaqların asmalarını zərərsizləşdirməyə hesablanmışdı.

3-cü tur

Çexiya – AZƏRBAYCAN 0:0

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov (18. Ağabala Ramazanov, 71), 10. Ruslan Qurbanov (7. Araz Abdullayev, 87), 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev (8. Eddi İsrafilov, 90+1), 21. Arif Daşdəmirov.

Ehtiyat oyunçular:

23. Səlahət Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Tərlan Quliyev.

Bu dəfə Şeydayev 90 dəqiqə oynadı. Ancaq əlavə vaxtda onun yerinə  İsrafilov yox, Əliyev daxil olmalıydı. Oyunboyu böyük fiziki güc sərf edən Ramili ikinci hissənin ortalarında Raufla əvəzləmək olardı. Bəlkə də səfərdə qələbə topu məhz Əliyevdən gələcəkdi. Çünki həmin vaxt Rauf yaxşı formada idi. Nə edək ki, Prosineçkinin heç cür bu futbolçu ilə ulduzu barışmadı. Ağabalanın Namiqin yerinə meydana daxil olmasını daha çox top saxlamağa hesablanmış addım kimi də dəyərləndirə bilərik. Robert Arazı isə çox gec meydana buraxdı. Qurbanov – Abdullayev əvəzetməsi gecikmiş addım idi.

4-cü tur

Şimali İrlandiya – AZƏRBAYCAN 4:0

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov (18. Ağabala Ramazanov, 75), 16 Emin Mahmudov (13. Dmitri Nazarov, 70), 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev (11. Dəniz Yılmaz, 46), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.

Ehtiyat oyunçular:

12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 8. Eddiİsrafilov, 9. NamiqƏləsgərov, 14. Elvin Məmmədov, 15. Ruslan Abışov, 17. Tərlan Quliyev.

İrlandların əsasən cinah asmalarına üstünlük verdiyi gün kimi aydın idi. Bunu hamı başa düşdü, Prosineçki yox?! Hər halda, Belfastda 3 mərkəz müdafiəçisi ilə oynamaq da  olardı. Belə olan halda Sadıqov – Hüseynov cütlüyünə Ruslan Abışov yardım etməliydi. Dmitri Nazarovun sonradan meydana çıxması da yanlış taktiki addımın nəticəsiydi. “Ertsgebirge”nin üzvü start heyətində yer almalıydı. Dəniz Yılmazın da 1 epizod istisna olmaqla, ciddi fərqlənmədiyini söyləmək lazımdır.

5-ci tur

AZƏRBAYCAN – Almaniya 1:4

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov(k), 16. Cavid Hüseynov, 19.Rahid Əmirquliyev(8. Eddiİsrafilov, 87), 20. Ramil Şeydayev(11. Dəniz Yılmaz, 67), 22.Əfran İsmayılov(10. Ruslan Qurbanov, 81).

Ehtiyat oyunçular:

12. Anar Nəzirov, 23.Aqil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 9. Elvin Məmmədov, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.

Qol: D.Nazarov, 31.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, komanda dünya çempionlarına qarşı məzmunlu futbol sərgilədi. Tsikldə ilk dəfə Pavel Paşayev müdafiənin solunda yer aldı və kifayət qədər uğurlu çıxış etdi. Oyunun gedişində Araz Abdullayevlə Ağabala Ramazanova şans vermək daha rəngarəng futbol sərgiləməyə imkan verəcəkdi. Ancaq Prosineçki fərqli addım atdı.

6-cı tur

AZƏRBAYCAN – Şimali İrlandiya 0:1

1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev (7. Araz Abdullayev, 90), 13. Dmitri Nazarov (9. NamiqƏləsgərov, 77), 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (19. Rahid Əmirquliyev, 84).

Ehtiyat oyunçular:

12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 8. Eddiİsrafilov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.

Almeydanın yığmada debütü uğurlu alınmadı. Riçard pis təsir bağışlamasa da, milli həlledici oyunda qələbə qazana bilmədi. Prosineçkinin “sambaçı”nın “milliləşdirilməsi”ndən sonra Nazarovu cinaha keçirməsi onu bir qədər “ofsayd”a salması anlamına gəlirdi. Məhz bu oyundan başlayaraq Dmitrinin kölgəyə çəkildini və sanki daha həvəssiz oynamağa başladığını gördük. Hər halda, Almeyda və Qara dayaqda, Nazarov isə onların önündə yer alsaydı, bu daha güclü yarımmüdafiə sayılardı.

7-ci tur

Norveç – AZƏRBAYCAN 2:0

1. Kamran Ağayev, 2. Qara Qarayev (19. Rahid Əmirquliyev, 81), 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov (22. Əfran İsmayılov, 66), 14. Rəşad Sadıqov(k), 16. Cavid Hüseynov, 17. Mahir Mədətov(11. Ramil Şeydayev, 62), 20. Riçard Almeyda.

Ehtiyat oyunçular:

12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev.

Seçmə mərhələdəki ən bərbad oyunlarımızdan biri Osloda baş tutdu. Əslində start heyəti heç də pis qurulmamışdı. Ancaq komanda nədənsə Norveçdə çox zəif çıxış etdi. Namiq Ələsgərovun sonadək meydanda qalması yanlış addım idi. Təəssüf ki, Araz bu oyunu da kənardan izlədi. Renata da ön xətdə şans vermək olardı.

8-ci tur

AZƏRBAYCAN – San Marino 5:1

23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev (8. Renat Dadaşov, 72), 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov(k), 16. Cavid Hüseynov (2. Qara Qarayev, 69), 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 2. Tərlan Quliyev, 22. Əfran İsmayılov (18. Ağabala Ramazanov, 62).

Ehtiyat oyunçular:

1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 9. NamiqƏləsgərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov.

Qollar: Ə.İsmayılov, 20, 57. A.Abdullayev, 24, R.Sadıqov, 81.

Seçmə mərhələdə ilk dəfə xorvat çalışdırıcı Səlahəti qapıya qoydu. Təmkin Xəlilzadə debütdəcə yığmaya layiq olduğunu göstərdi. Bu oyunda Renat da ilk dəfə milli formanı geydi. Çempionatın bombardiri Mahir Mədətov isə kənarda qalmamalıydı.

9-cu tur

AZƏRBAYCAN – Çexiya 1:2

1. Kamran Ağayev,3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov (11. Ramil Şeydayev, 62), 13. Dmitri Nazarov (2. Qara Qarayev, 67), 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov (17. Mahir Mədətov, 79), 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular:

12. Anar Nəzirov, 23. Emil Balayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. NamiqƏləsgərov, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev

Qol: Ə.İsmayılov, 55-p.

Mahirə bu dəfə 79-cu dəqiqədə meydana çıxmaq nəsib oldu. Halbuki start heyətində yer almalıydı. Tam yorulmuş Cavid Hüseynovu 60-cı dəqiqələrdə əvəzləmək lazım idi. Təmkin Xəlilzadə də oyunu ehtiyat oyunçular skamyasından izləməməliydi. Komanda 2-ci topu buraxdıqdan sonra Nazarov – Qarayev əvəzetməsini anlamaq mümkün deyildi. Geridə olan millidə ön xətt gücləndirilməliydi.

10-cu tur

Almaniya – AZƏRBAYCAN 5:1

1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev (9. Namiq Ələsgərov, 87), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov (13. Dmitri Nazarov, 69), 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 77).

Ehtiyat oyunçular:

12. Anar Nəzirov, 23. Emil Balayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev.

Qol: R.Şeydayev, 34.

Şeydayevin parladığı oyunda Təmkin də yaxşı təsir bağışladı. Ancaq Prosineçkinin yenə tərsliyinə salıb, Mədətovu meydana buraxmaması futbol ictimaiyyətini qəzəbləndirdi.

Mütəxəssis rəyi

Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Ədalət naminə demək lazımdı ki, xorvat mütəxəssis millimizə öz dəst-xəttini aşılaya bilmişdi. Onun komandası kortəbii müdafiə olunmur, hücuma təşkilatlanmış şəkildə çıxırdı. Presineçki meydanda futbolçulara sərbəstlik vermişdi ki, yaradıcı oyunçular özlərini daha rahat göstərə bilirdilər. Oyunun gedişində etdiyi müdaxilələr faydalı idimi? Birmənalı şəkildə nəsə demək çətindi. Hər halda, hansısa müdaxilə nəticəsində oyunu çevirdiyini xatırlamıram. Ölkəmizdə çalışdığı ilk dövrdə heyət seçimi daha ədalətli idi. Bu da onun vaxtının çox hissəsini Azərbaycanda keçirməsinin, bütün namizədləri iş başında izləməsinin, formada olan futbolçuların durumu haqda dolğun məlumata malik olmasının təzahürü idi. Ancaq son dövrlər o, bu işi daha çox köməkçilərinə həvalə edirdi ki, buna görə də heyət seçimi özünü doğrultmurdu. Bundan başqa, bəzi futbolçular (Rauf Əliyev, Nizami Hacıyev, İlqar Qurbanov...) formada olsalar da, Prosineçkinin şəxsi qərəzi nəticəsində yığmaya çağırılmırdılar.

Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru): “Berti Foqtsun oynatdığı futbol bizim insanlara xoş deyildi. Çünki biz açıq və texniki futbola öyrəşmişik. Bizim futbol məktəbimiz buna uyğun qurulub. Foqts daha praqmatik və müdafiəyə meyilli futbol oynadırdı. Heyətdə də dağıdıcı futbolçulara  üstünlük verirdi. Bu mənada Robert Prosineçki fərqlənirdi. O, oyunçulara sərbəstlik verdi və fərdi oynamağa şərait yaratdı. Foqtsun dönəmində bunlar qadağan idi. Futbolçular sərbəst oynayanda daha baxımlı futbol izləyirdik. Nəticələrimiz də yaxşı oldu. Ancaq ümumən baxanda bu nəticələr davamlı olmadı. Çünki Avropa səviyyəli futbolçularımız kifayət qədər deyil. Nəticədə eniş başladı. Bu da təbiidir. Yaxşı nəticə üçün hər mövqedə güclü rəqabət olmalıdır. Bu da yoxdur. Heç vaxt da olmayıb. Bundan sonra olması üçün isə ciddi baza qurulmalıdı. Bunu da hələ ki görmürük. Prosineçkinin heyət seçimində bəzən anormallıq müşahidə edirdik. Bu, subyektiv baxış məsələsidir. Elə baş məşqçi yoxdur ki, onun heyət seçimi ilə hamı razılaşsın. Mütləq hardasa narazılıq olar. Prosineçki Foqtsla müqayisədə daha optimal heyət seçirdi. Bundan sonra Azərbaycanda yeni era başlayacaq, yeni futbol təfəkkürü gələcək. Ancaq buna zaman lazımdı. Ən azı 2-3 il gözləməliyik. Qurban Qurbanovun təyinatı və ona 6 il vaxt verilməsi doğru qərardır. Bütün yaş qrupları üzrə vahid sistemin qurulmasının əsas komandanın baş məşqçisinə həvalə olunması da doğru addımdır. Mətbuatın yazdıqlarına, ictimai fikrə də önəm vermək lazımdır. Biz komandalı, azarkeşli, medialı – birgə işləməliyik. Bu olsa, nəticə də olacaq”.    

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right