Prosineçki bizə nə verdi? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 2-ci yazı

Robert Prosineçki artıq yığmanın baş məşqçisi deyil. Berti Foqtsdan fərqli, xorvatiyalı mütəxəssisin millimizdəki işi çox çəkmədi. Qoca alman 3 seçmə mərhələni tam, 4-cü tsikli isə yarımçıq da olsa milli komandanı çalışdırdı. Bu mənada Foqts rekordçudur. Hətta yerli mütəxəssislərə də Berti “müəllim”ə olan qədər şərait yaradılmamışdı. Almaniyalının işlədiyi müddətdə ən uğurlu nəticəsi bir tsiklə toplanan 9 xal idi. Hansı ki AÇ-2016-nın seçmə mərhələsində iştahımızı artırmış, tariximizdə ilk dəfə iki rəqəmli həddə xal toplayacağımıza inam yaratmışdı. Ancaq sevincimiz qursağımızda qaldı. Seçmə mərhələyə ardıcıl 3 məğlubiyyətlə başladıq. Bolqarıstana evdə, İtaliyaya isə səfərdə 1:2 hesabıyla uduzduq. Ən böyük rəzalət isə Xorvatiyada yaşandı. Sonralar “Osiyek faciəsi” kimi məşhurlaşan oyunda “damalılar” qapımızdan 6 cavabsız top keçirdi. Bu, seçmə mərhələlərdə Foqtsun rəhbərliyi altında ən böyükhesablı məğlubiyyətimiz idi. Qoca almanın Bakıya qayıtmağa üzü olmadı. Elə Osiyekdən birbaşa yaşadığı şəhərə - Kölnə yollandı. Elə ordan da yığmamızla əməkdaşlığa son qoyduğunu açıqladı. Bunu özü istədi, ya AFFA onu istefaya göndərdi – indi bu haqda danışmağın bir mənası yoxdur. Nəhayət ki, ölkə futbolunun canı Foqtsdan qurtardı. Artıq futbol ictimaiyyəti yığmaya məzmunlu oyun oynada biləcək mütəxəssisin “sükan”a əyləşməsini istəyirdi. Namizəd isə çox deyildi. Əksəriyyət Qurban Qurbanov və Böyükağa Hacıyevin adını hallandırdı. Amma sən saydığını say, gör AFFA nə sayır. Qurumun rəhbər şəxsləri nə düşündülərsə, hansı marağı güddülərsə, yenidən əcnəbi məşqçi ilə işləmək qərarına gəldilər. Seçim isə “Kayserispor”da ciddi nailiyyət qazanmamış Robert Prosineçki lehinə edildi. Futbolçu kimi dahi hesab edilən, “Real” və “Barselona”nın formasını geymiş, Xorvatiya yığmasının heyətində 1998-ci ildə Fransada keçirilən dünya çempionatında bürünc medal qazanmış Prosineçki...

Statistik göstəriciləri

2014-cü il dekabrın 3-dən yığmanın başına keçən Robi millidə 25 ay iş başında oldu. Bu müddət ərzində milli komandanı ümumilikdə 23 oyuna çıxardı. Bunlardan yalnız 6-sında qalib gələn futbolçularımız bir o qədər görüşdən heç-heçə ilə ayrılıb. Qalan 9 qarşılaşmada isə məyus olduq. Topların nisbəti isə belədir – 21-37. AÇ-2016-nın seçmə mərhələsində 6 oyunda iş başında oldu. Bu görüşlərdə komandamız 6 xal topladı. Xüsusən yığmanın Norveçlə səfərdə, Xorvatiya ilə Bakıda qolsuz heç-heçə etməsi futbol ictimaiyyətində Prosineçkiyə inamı artırdı. Hətta Foqtsun dövründə qeydə alınmış 9 xallıq rekordun həmin tsikldə yenilənəcəyini düşünənlər çoxluq təşkil edirdi. Ancaq millimiz səfərdə Maltanın müqavimətini qıra bilmədi. Bakı Olimpiya Stadionundakı ilk oyununda İtaliyaya uduzan komandamız səfərdə Bolqarıstana da məğlub oldu. Sofiyadakı qarşılaşmış yığmanın xorvatiyalı mütəxəssisin rəhbərliyi altındakı ən zəif matçı sayılırdı. Bununla belə, AFFA Prosineçkiyə böyük ümid bəsləyirdi. DÇ-2018-in seçmə mərhələsinə əla start verildi. İlk baxışdan hər şey yolunda gedirdi. 3 oyuna 7 xalı kim gözləyirdi ki? Amma irlandlara 2 oyunda uduzmaq hər şeyin üstündən xətt çəkdi. Bununla belə komandamız yekunda 10 xal toplayaraq şəxsi rekordunu yeniləməyi bacardı. Ancaq bunda San Marino kimi həvəskar yığmanı qrupumuza salan püşkün də rolu az deyildi.

28.03.2015 AZƏRBAYCAN – Malta 2:0 (seçmə mərhələ)

06.06.2015 Serbiya – AZƏRBAYCAN 4:1 (yoldaşlıq oyunu)

12.06.2015 Norveç – AZƏRBAYCAN 0:0 (seçmə mərhələ)

03.09.2015 AZƏRBAYCAN – Xorvatiya 0:0 (seçmə mərhələ)

06.09.2015 Malta – AZƏRBAYCAN 2:2 (seçmə mərhələ)

10.10.2015 AZƏRBAYCAN – İtaliya 1:3 (seçmə mərhələ)

13.10.2015 Bolqarıstan – AZƏRBAYCAN 2:0 (seçmə mərhələ)

17.11.2015 AZƏRBAYCAN – Moldova 2:1 (yoldaşlıq oyunu)

26.03.2016 AZƏRBAYCAN – Qazaxıstan 0:1 (yoldaşlıq oyunu)

26.05.2016 AZƏRBAYCAN – Andorra 0:0 (yoldaşlıq oyunu)

29.05.2016 Makedoniya – AZƏRBAYCAN 3:1 (yoldaşlıq oyunu)

03.06.2016 Kanada – AZƏRBAYCAN 1:1 (yoldaşlıq oyunu)

04.09.2016 San Marino – AZƏRBAYCAN 0:1 (seçmə mərhələ)

08.09.2016 AZƏRBAYCAN – Norveç 1:0 (seçmə mərhələ)

11.10.2016 Çexiya – AZƏRBAYCAN 0:0 (seçmə mərhələ)

11.11.2016 Şimali İrlandiya – AZƏRBAYCAN 4:0 (seçmə mərhələ)

09.03.2017 Qətər – AZƏRBAYCAN 1:2 (yoldaşlıq oyunu)

26.03.2017 AZƏRBAYCAN – Almaniya 1:4 (seçmə mərhələ)

10.06.2017 AZƏRBAYCAN – Şimali İrlandiya 0:1 (seçmə mərhələ)

01.09.2017 Norveç – AZƏRBAYCAN 2:0 (seçmə mərhələ)

04.09.2017 AZƏRBAYCAN – San Marino 5:1 (seçmə mərhələ)

05.10.2017 AZƏRBAYCAN – Çexiya 1:2 (seçmə mərhələ)

08.10.2017 Almaniya – AZƏRBAYCAN 1:5 (seçmə mərhələ)

Yaxşı başlamışdı

Foqtsun soyuq, özündənrazı xasiyyətindən sonra Prosineçkinin nisbətən istiqanlı münasibəti başda müsbət imic və ictimaiyyətin dəstəyini qazanmasına imkan verdi. Həmkarından fərqli, Robi mətbuat nümayəndələrinə yuxarıdan aşağı baxmır, bütün suallara normal və ətraflı cavab verirdi. Əsas özəlliyi isə bütün oyunlardan bir gün əvvəl keçirilən mətbuat konfransında meydana buraxacağı “11-liy”i söyləməsi idi. Bu da ona az nüfuz qazandırmamışdı. Axı bu addımı hər məşqçi deyil, yalnız cəsarətli, rəqibindən çəkinməyən mütəxəssis ata bilər. Yığmada uğurlu debüt edən Prosineçki (Maltanı 2:0 məğlub etdik) ən çox həmyerlilərini Bakıda məyus etməklə nüfuz qazandı. Xorvatlarla heç-heçə bizim üçün qələbəyə bərabər nəticə idi. Artıq bu seçmə mərhələyə başlayanda hədəf 2-ci yeri tutub pley-off mərhələsinə yüksəlmək idi. San Marino və Norveç qələbələrinin ardınca Çexiyadan səfərdə alınan xal ən bədbin və tənqidçi jurnalistin fikirlərini də müsbətə doğru dəyişmişdi. Hətta Şimali İrlandiyanın millimizi darmadağın etməsi də ümidləri öldürmədi. Çünki hələ şanslar tükənməmişdi. Almaniyaya məğlubiyyət də hələ heç nə demək deyildi. İrlandları Tofiq Bəhramov adına Respublika stadionunda uda bilsəydik...

Ardı gəlmədi

Amma iyunun istisində soyuq duşa düşdük. Adamın Allahı var. Yığma Şimali İrlandiya ilə Bakıdakı oyunda üstün təsir bağışlamışdı. Di gəl ki, bunu nəticədə əks etdirmək mümkün olmadı. Britaniyalıların son dəqiqə qolu olan-qalan ümidlərin üstündən çalın-çarpaz xətt çəkdi. Bundan sonra istər azarkeşlərin, istərsə də mətbuatın Prosineçkiyə qarşı təzyiqi artdı. Qalan 4 oyunda isə yalnız 1 qələbə qazandıq ki, bu da 5-ci yerdən yuxarı qalxmağa imkan vermədi. Deməli, missiyanı yerinə yetirmək mümkün olmadı.

Prosineçkinin sevimliləri

Berti Foqtsun xələfinin heyət seçimi də maraqlı idi. İlk başda Məhəmməd Qurbanova şans verməklə diqqəti üzərinə çəkən mütəxəssis daha sonra hücumçunun yığmaya layiq futbolçu olmadığını anladı. Ancaq Cavid Hüseynov, Əfran İsmayılov, Namiq Ələsgərov və Ağabala Ramazanova özəl simpatiyası var idi. Futbolçu ikən çox texnikalı olan, rəqibləri uşaq kimi aldadan Prosineçki yığmada da texniki imkanları yüksək olan oyunçuları görmək istəyirdi. Hətta yuxarıda adlarını çəkdiyimiz futbolçular formada olmayanda da meydana çıxırdı. Baş məşqçi mətbuatın təzyiqinə məhəl qoymadan bu addımı atırdı. Daha bir tənqid isə bəzi formada olan futbolçulara şans verməməsi idi. İlqar Qurbanov və Nizami Hacıyev Foqtsun vaxtında olduğu kimi yenə yığmaya çağırılmadı. Rauf Əliyev isə 1-2 oyunda göründü, vəssalam. Hətta son mövsümdə bombardir olmasına baxmayaraq... 

Yalnız hücum

Bəs Prosineçkinin oyun anlayışı necə idi? Bu baxımdan sələfindən kəskin fərqlənirdi. Foqts daha çox intizamlı oyun və etibarlı müdafiə yaratmağa çalışırdı. Bu səbəbdən komandamız əksər oyunlarda topsuz qalır, yalnız bəxtə-bəxt və ya əks-hücumlarda qol vurmağa nail olurdu. Onun vaxtında yığmanın oyunundan demək olar ki, heç kim zövq almırdı. Ona görə də DÇ-2014-ün seçmə mərhələsində 9 xalla rekord qıranda belə, yığmada qalmasını çox az adam istəyirdi. Zaman göstərdi ki, azarkeşlər və mətbuat qoca almanın getməsini nahaq yerə arzulamırmış.

Prosineçki isə sələfinin tam əksinə, hücum futboluna üstünlük verirdi. Elə ilk matçlardan da bunu müşahidə etdik. Komanda topla daha çox oynayır, daha çox hücuma atılırdı. Epizodları qola çevirməmək isə sırf ustalıq səviyyəsinin kifayət qədər yüksək olmamasından irəli gəlirdi. Prosineçki komandaya, futbolçulara güvənir, onlara topla daha çox hərəkət etməyi, driblinqlərdən çəkinməməyi məsləhət görürdü. Ancaq bunun əks-təsiri də olurdu. Bəzən yersiz top itkiləri nəticəsində qapımızda top görürdü. Gəlin razılaşaq ki, 23 oyuna buraxılan 37 qol müdafiəmizin etibarlı olmamasından xəbər verir. Ancaq 21 qol məhsuldarlığın artmasının göstəricisidir. Prosineçkinin vaxtında təxminən hər oyuna 1 qol vurmuşuq. Unutmayaq ki, məhz millimiz bu seçmə mərhələdə 4 qat dünya çempionu Almaniyanın qapısından hər 2 oyunda top keçirən yeganə komanda oldu.

“Bursaspor” çaşdırdı

Əslində Prosineçki qala da bilərdi. Amma yanvardan etibarən “Bursaspor”un ona “quşunu qondurması” hər şeyi korladı. Prosineçki özü də “timsahlar”ın təklifinə isti yanaşırdı. Hiss olunurdu ki, Robi yenidən Türkiyədə çalışmaqda maraqlıdır. Sanki orada işinin yarımçıq qaldığını düşünürdü. Bu söz-söhbət iyunda daha da “alovlandı”. Prosineçki Şimali İrlandiyaya Bakıda uduzduqdan sonra getmək istəyirdi. Çünki 2-ci yeri tutmayacağımız praktiki olaraq aydınlaşmışdı. Deməli, AFFA daşı ətəyindən töküb xorvatla üzü sulu vidalaşa bilərdi. Amma qurum birmənalı şəkildə Türkiyə klubuna “yox” dedi. Prosineçki isə müqavilənin şərtlərinə əməl etməli oldu. Ancaq o bundan sonra milliyə dırnaqarası baxmağa başladı. Klublarımızın avrokubok oyunlarını izləmədi, heyət seçimində də obyektiv yanaşma sərgiləmədiyindən tənqid atəşinə tutuldu. Xüsusən Mahir Mədətov kimi formada olan futbolçuya az şans verməsi sanki bilərəkdən bizdən acıq çıxma addımı idi.“İstəksiz gəlin” getməliydi və belə də oldu. Yerinə kim gəlsin? Qoy, bu da qalsın növbəti yazıya...

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right