Gözlənilməz başlanğıc, ənənəvi sonluq (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 1-ci yazı

Bu gündən yeni layihəyə start veririk. Mövzu isə yetərincə aktualdır. İlin sonunadək olan müddətdə yığma komandadan danışacağıq. Bu istiqamətdə ilk yazımız millinin gələn il Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsindəki çıxışı barədə olacaq.

“Niyə də yox” deviziylə başladıq

AÇ-2016-nın seçmə mərhələsinə komandamız çox bərbad start verdi. Hadisələrin kuliminasiya nöqtəsi Xorvatiya (0:6) darmadağını oldu. Ağır məğlubiyyətdən sonra Berti Foqts Bakıya qayıtmağın mənasız olduğunu düşünüb, birbaşa vətəni Almaniyaya yollandı. Onun istefası dərhal qəbul olundu. Bundan sonra yığma Robert Prosineçkiyə tapşırıldı. Xorvatiyalı çalışdırıcı sələfindən fərqli, daha hücumameyilli futbola üstünlük verildiyindən azarkeşlərin rəğbətini qazandı. Onun rəhbərliyi altında Maltadan 4 xal aldıq. Norveçlə səfərdə, Xorvatiya ilə isə evdə heç-heçə etməyimiz hər kəsi ümidləndirdi. Xüsusilə də AFFA-nı. Bunun nəticəsidir ki, Assosiasiya DÇ-2018-in seçmə mərhələsinə “Niyə də yox” deviziylə başladı. Məqsəd aydın idi: ən azı 2-ci yeri tutub pley-offda mübarizə aparmaq, bəxtimiz gətirsə qonşu ölkədə keçiriləcək mundiala yollanmaq. Əslində C qrupundakı rəqibləri münasib saymaq da olardı. Yalnız 4 qat dünya çempionu Almaniyanın aşkar üstünlüyü diqqəti çəkə bilərdi. Şimali İrlandiya, Norveç və Çexiya ilə mübarizə aparmaq mümkün görünürdü. Çünki rəqiblər elə də dəhşətli dərəcədə güclü komandalar deyildi. San Marinoya isə hamı potensial 6 xal gözüylə baxırdı. 

Tarixi start

Seçmə mərhələ ərəfəsində nikbinliyin artmasının səbəblərindən biri də Rusiyada yetişən Emin Mahmudov və Ramil Şeydayevin yığma üzvünə çevrilməsi oldu. Artıq heyətdə rəqabət artmışdı. Futbolçular  da inamlı görünürdü. Prosineçki komandaya özünəgüvən qazandıra bilmişdi. Nəticədə komandamız seçmə mərhələlər tarixində ən uğurlu startını gerçəkləşdirdi. Düzdür, San Marino səfəri heç də asan keçmədi. “Cırtdanlar” 90 dəqiqə boyunca yığmamıza ciddi müqavimət göstərdi. İlk hissənin son dəqiqəsində Ruslan Qurbanov Əfran İsmayılovun asmasını başla dəqiq tamamlasa da, fasilədən sonra daha bir neçə qol vurmaq fürsəti əldən çıxdı. Halbuki bu oyun top fərqini yaxşılaşdırmaq üçün əla fürsət idi. Növbəti oyun Norveçlə baş tutdu. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada hesab erkən açıldı. 11-ci dəqiqədə Maksim Medvedev milli formada ilk qoluna imza atdı. “Vikinqlər” çox çalışsa da, qalan vaxtda məğlubiyyətdən yaxa qurtara bilmədi. Norveç üzərində qələbə futbolçularda özünəinamı daha da artırdı. Milli Ostravaya ümidli yollanmışdı. Hədəf minimum 1 xal idi. Etiraf etmək lazımdır ki, Çexiya əvvəlki əzəmətindən xeyli uzaq düşmüşdü. Bu səbəbdən səfərdə rəqibin aşkar üstün oynadığını, 90 dəqiqə boyunca qapımızı təzyiq altında saxladığını söyləmək olmaz. Hərçənd bir neçə epizodda bəxtimizin gətirdiyini də söyləməliyik. Amma komandamızın da təhlükəli hücumları oldu. Ön xətdə Ramil Şeydayevin rəqib müdafiəsini təzyiqdə saxladığını da qeyd etmək yerinə düşər. Hər iki tərəfin cəhdlərinə baxmayaraq “Mestski” stadionuna toplaşmış 12 mindən artıq azarkeş qol görmədi. Beləliklə, millimiz ən nikbin azarkeşin belə proqnozlarını alt-üst edə bilmişdi. 3 oyuna 7 xal möhtəşəm start idi. İkinci yerdə möhkəmlənən Prosineçkinin yetirmələri ən yaxın izləyicisi Şimali İrlandiyanı 3 xal qabaqlayırdı. Hələ ki işlər yolunda gedir, “Niyə də yox” devizi özünü doğruldurdu.

İrlandlar ümidimizi qırdı

Yığma bir aylıq fasilədən sonra növbəti rəsmi oyununa çıxdı. “Uindsor Park”da dəhşətli gecə yaşadıq. Bir anda göydən yerə çırpılan milli komanda eyforiyadan ayıldı. Bu matçda bir daha şahid olduq ki, “ikinci mərtəbə”də futbolçularımız çox acizdi. Dəniz Yılmazın milli formada debüt etdiyi görüşün hər hissəsində qapımıza 2 top vuruldu. Nəticədə Şimali İrlandiya yığma ilə xallarını eyniləşdirdi. Bundan sonra yaza kimi seçmə mərhələyə fasilə verildi. Komandamız martda qrupdakı 5-ci oyununa çıxdı. 4-cü İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə hazırlıq işləri görüldüyü üçün Bakı Olimpiya Stadionu bağlı idi. Bu səbəbdən yığma Almaniyanı Tofiq Bəhramov adına Respublika stadionunda keçirdi. Məhz bu arenada Robert Prosineçki yığmada baş məşqçi kimi debüt etmiş, Malta 2:0 hesabıyla məğlubiyyətə uğradılmışdı. Ancaq həmin oyundan sonra Respublika stadionunda millinin görüşləri keçirilməmişdi. Rəqibin Almaniya olması və seçmə mərhələdə 4 oyuna toplanan 7 xal azarkeşləri stadiona səsləyirdi. Nəticədə bir ilk yaşandı. Demək olar ki, oyun gününə qədər 30 minə yaxın bilet satıldı. Dolu tribunalar qarşısında baş tutan matçda azarkeşlər maraqlı mübarizə izlədi. Hesabı qonaqlar açsa da, Dmitri Nazarov doğulub boya-başa çatdığı ölkəni məyus etdi. Sevincimiz cəmi 5 dəqiqə çəkdi. Əfran İsmayılovun itirdiyi topdan sonra almanlar yenidən hesabda önə keçdi. Fasilədən sonra daha 2 qola imza atan bundestim darmadağınla evinə yollandı. Böyük hesablı məğlubiyyətə baxmayaraq azarkeşlər yığmamızı bağrına basdı, dəstək verdi. İşin tərsliyindən Norveç irlandları büdrədə bilmədi. Bu isə “yaşıllar”dan 3 xal geri düşməyimizə səbəb  oldu. Ümid iyunun 10-da “Tofiq Bəhramov”da keçiriləcək qarşılaşmaya idi. Bu oyun ərəfəsində 5 il ölkəmizdə top qovduğu üçün “milliləşdirilən” Riçard Almeydadan çox şey gözlənilirdi. Şimali İrlandiya ilə matçı tamam-davam oyunu kimi də dəyərləndirmək olardı. İnsaf naminə yığmanın görüşü yüksək səviyyədə keçirdiyini və rəqibdən üstün oynadığını söyləməliyik. Ancaq ələ düşən bir neçə real qol fürsəti qaçırıldı və “vurmayana vurarlar” prinsipi işə düşdü. 90-cı dəqiqədə Stüart Dallasın vurduğu qol mərkəzi arenada soyuq duş effekti verdi. Bununla da praktiki olaraq 2-ci yeri tutmaq şansları tükəndi. Çünki sona 4 tur qalmış irlandlarla aradakı xal fərqi 6-ya çatmışdı. 

Bərbad sonluq

Şimali İrlandiya ilə oyundan bir gün əvvələ kimi Prosineçkinin yığmadan getməsi məsələsi gündəmdə idi. “Bursaspor” xorvatiyalı mütəxəssislə danışıqlar aparırdı. Baş məşqçi qarşılaşmadan sonra AFFA rəhbərliyi ilə görüşüb qərar verəcəyini söyləmişdi. Ancaq danışıqlar uğurla başa çatmadı. Daha doğrusu, qurum Türkiyə klubuna “yox” dedi. Bəlkə də AFFA-nın onu buraxmaması Prosineçkini küsdürdü. Sanki işdən soyuyan və motivasiyasını itirən Robi yay boyunca ortalıqda görünmədi. Məzuniyyətini uzadan baş məşqçi heç klublarımızın avrokubok oyunlarını da canlı izləməyi məsləhət bilmədi. Nəticədə heyət seçimində bəzi formada olan futbolçuları yığmaya çağırmamaqla mətbuatın təzyiqi ilə üzləşdi. Osloda çox aciz görünən millimiz Norveçdən 2 cavabsız qol “yedi”. Bu artıq dünya çempionatına yollanmaq üçün nəzəri şansları da aradan qaldırdı. Beləliklə, “Niyə də yox” devizi suya düşdü. Qalan 3 matçda hədəf sadəcə, xal ehtiyatını artırmaq və çətin görünsə də,  seçmə mərhələni ilk “3-lük”də başa vurmaqdan ibarət idi. Ancaq əsas komanda bunu da bacarmadı. Düzdür, “Bakcell Arena”da San Marino darmadağın edildi. İlk dəfə rəsmi oyunda 5 qol vuraraq rekorda imza atdıq. Ancaq “cırtdanlar”ın bir qolu ən böyük hesablı qələbə ünvanını qazanmağa imkan vermədi. Növbəti qan qaraldıcı qarşılaşma Bakı Olimpiya Stadionunda keçirildi. Ostravadakı heç-heçədən nəticə çıxaran çexlər vətənə qələbəylə qayıtdılar. Yenə bərbad oyun sərgiləndi və yalnız Əfran İsmayılovun penaltidən hesabı bərabərləşdirməsi azarkeşləri sevindirdi. Ancaq ikinci hissədə daha bir qol vuran Çexiya matçdan 2:1 qalib ayrıldı. Seçmə mərhələnin son oyununda Almaniya millini darmadağın etdi – 5:1. Hərçənd ilk hissədə millinin gözəgəlimli futbol sərgilədiyini vurğulamaq lazımdır. Bəlkə də Ramil Şeydayev heç ağlına da gətirməzdi ki, milli formada ilk qolunu son dünya çempionunun qapısından keçirəcək. Ancaq bu oyunda da Prosineçkinin özfəaliyyəti ictimaiyyətin əsəbləriylə oynadı. Xüsusən ölkə çempionatının bombardiri, yüksək formada olan Mahir Mədətovu meydana buraxmaması xorvatı qınaq obyektinə çevirdi.

Yerimizdə saydıq

Qrupda 10 xal topladıq ki, bu da Foqtsun dönəmində yığdığımız 9 xallıq (DÇ-2014-ün seçmə mərhələsi) rekorddan 1 xal çoxdur. Ancaq bu 10 xalı rekord saymağa adamın dili də gəlmir. Çünki bunların 6-sı Avropanın ən zəif yığması sayılan San Marino ilə oyunlarda əldə olunub. Faktiki yerimizdə saymışıq. Heç olmasa, 4-cü yeri tutsaydıq, müəyyən qədər irəliləyişə nail olduğumuzu söyləyə bilərdik. Ancaq alınmadı. Yalnız “cırtdanlar”ı qabaqlayıb 5-ci olduq. Buna isə hər hansı yerli məşqçi ilə də nail olmaq mümkün idi. 10 oyunda rəqib qapılarından 10 top keçirdik. Bunların da altısı autsayderin qapısına vuruldu. Qapımızda isə 19 top gördük. Almaniya hər iki oyunda, Şimali İrlandiya isə evində bizi darmadağın etməklə top fərqinin mənfi olmasında önəmli rol oynadı. Hətta San Marino belə qapımıza yol tapdı...

1. Almaniya 10 10 0 0 43-4 30

2.Şimali İrlandiya 10 6 1 3 17-6 19

3.Çexiya 10 4 3 3 17-10 15

4. Norveç 10 4 1 5 17-16 13

5. AZƏRBAYCAN 10 3 1 6 10-19 10

6. San Marino 10 0 0 10 2-5 10

 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right