1-ci dəstədə kim sözünü deyəcək? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 11-ci yazısı

Yayda Premyer Liqadan çox 1-ci divizion müzakirə mövzusu oldu. Buna səbəb aşağı dəstədə sayın məhdudlaşdırılması idi. Beləliklə, bu ay startı veriləcək 2017/18 mövsümündə cəmi 10 klub mübarizə aparacaq. Halbuki 2013/14 və 2014/15 mövsümlərində 1-ci dəstədə 16, 2015/16 və 2016/17 mövsümlərində isə 14 komanda çıxış etmişdi. Peşəkar Futbol Liqası (PFL) əvvəllər Premyer Liqa üçün lisenziya şərtləri müəyyənləşdirmişdi. İlk dəfə belə tələblər divizion iştirakçıları qarşısında qoyuldu. Bura bank təminatıyla yanaşı, klubların mətbuat xidmətinin olması və s. daxildir. Əslində bank təminatı keçən ildən tələb olunur. Sadəcə, ötən mövsüm “Bakılı”, “Energetik” və “Göyəzən” kimi maliyyə durumu ağır olan 1-ci dəstənin daimi “sakinlər”inə güzəşt edilmişdi. Bu dəfə isə güzəşt edilmədi. Bu səbəbdən yuxarıda adları çəkilən klublar, o cümlədən “Şahdağ” yeni mövsümün iştirakçısı ola bilmədi. Onlar ümidlərini yaradılması gündəmdə olan Regional Liqaya bağlayıb.

PFL prezidenti Ramin Musayev divizionun püşkatma mərasimində jurnalistlərə deyib ki, mövsümün sonunda ilk 4 yeri tutan komanda elitaya yüksələcək. Belə olan halda 2018/19 mövsümündə Premyer Liqada 12 komanda mübarizə aparacaq. Əlbəttə, elitanın iştirakçılarının sayının artması müsbət haldır. Ancaq neçə dəfə olub ki, rəhbər şəxslər vədinə xilaf çıxıb. “Turan Tovuz”, “Neftçala”, “Qaradağ Lökbatan” kimi yüksək dəstəyə vəsiqə qazanıb, arzusuna çatmayan klublar o qədərdir ki.

Bu yazıda yeni mövsüm ərəfəsində 1-ci divizion iştirakçılarının şanslarını dəyərləndirəcəyik. Kim çempionluğa daha yaxın görünür? Medallar uğrunda hansı komandaların mübarizə aparmaq potensialı var? Autsayder kim olacaq?

İlk baxışdan aşkar favorit görünmür. Çünki debütantların sayı artıb. Onlar isə “sirli qutu” kimidir. “Xəzər”, “Binə”, “Sabah” və AZAL-ın varisi “Şüvəlan”ın nəyə qadir olduğunu ilk 5 turdan sonra daha yaxşı biləcəyik. Ancaq yenə də mövsüm ərəfəsində heyətlərə və yoxlama oyunlarına əsasən fikir yürütmək olar.

"Turan Tovuz"

Son mövsümün qalibi “Turan Tovuz”dan başlayaq. Sırf maliyyə probleminə görə elitaya buraxılmayan tovuzlular ötən mövsüm 61 xalla çempion olmuşdu. Qərb təmsilçisi cəmi 1 oyunda uduzmuş, 7 görüşdə heç-heçə etmiş, 18 qarşılaşmadan isə qalib  ayrılmışdı. Ancaq Premyer Liqaya məlum səbəbdən buraxılmayınca geriləmə baş verdi. Sanki rəhbərlik ruhdan düşdü. Əsgər Abdullayev daha öncə klub elitaya buraxılmasa, baş məşqçi vəzifəsindən istefa verəcəyini söyləmişdi. Ancaq sonradan fikrindən daşındı. Təcrübəli mütəxəssisin işi bu il çətin olacaq. Çünki Rəhman Musayev kimi “vuran ayaq” MOİK-ə, Azər Məmmədov və İlkin Sadıqov isə “Kəpəz”ə keçib. Onların yerinə yerli gənc futbolçular cəlb olunub. Ümid qalır Abdullayevin məşqçilik bacarığına. Tovuzun futbolçu “bulağı” olduğunu nəzərə almaq lazımdır. Deməli, çətin görünsə də medallar uğrunda mübarizə apara bilərlər.

"Ağsu"

Divizionun 2 qat qalibi ötən mövsüm son turları uğurlu keçirərək bürünc medal qazandı. Rüfət Quliyevin yetirmələri daim 1-ci dəstədə ön pillələrdə yer  alır. Avqustun 1-dən təlim-məşq toplanışına başlayan komandanın heyətinə 3 yeniyetmə cəlb olunub. Onların cəmi 15 yaşı var. Elnur Səmədov isə “ağ-göylər”i tərk edib. “Ağsu” yoxlama oyunlarında inamlı təsir bağışlayıb. “Zaqatala” ilə heç-heçə (1:1) edən Quliyevin komandası “Qəbələ”nin U-19 komandasına 7:1, “Mil-Muğan”a isə 3:0 hesabıyla qalib gəlib. Çox güman, “Ağsu” bu il də medala “əlcək atacaq”. Ancaq klub rəhbərliyi az büdcə ayırdığından elitaya çıxmağa  həvəs göstərməyəcəklər. Ancaq nə bilmək olar. Bir də gördün rəhbərlik kisənin ağzını açdı.

"Qaradağ Lökbatan"

Divizionun daimi sakinlərindən olan “Qaradağ Lökbatan” “Neftçi” İK-nın balansındadı. Yəni Sadıq Sadıqov tərəfindən maliyyələşir. Ancaq klubun büdcəsi böyük olmadığından əsasən gənc futbolçulara üstünlük verilir. Azər Bağırovun komandadan ayrıldığı deyilir. İstedadlı baş məşqçinin gedişi lökbatanlıları çıxılmaz vəziyyətdə qoya bilər. Çətin ki bu il komanda yuxarı pillələrdə yer ala bilsin.

"Zaqatala"

2016/17 mövsümündə uzun müddət ön sıralarda gedən, medallar uğrunda mübarizə aparan “Zaqatala” sona yaxın gerilədi. Bəs bu il necə olacaq? Bunu söyləmək çətindir. Büdcə həmin büdcədirsə, zaqatalalı azarkeşlər çox şey gözləməsin. Heyət gücləndirilməlidir. Hər halda, ilk turlardan sonra “ağ-yaşıllar”ın nəyə qadir olduğunu görəcəyik.

"Mil-Muğan"

Deyilənə görə, bu klub Ramin Musayevin əlinə baxır. Yəni PFL prezidentinin verdiyi pulla dolanır. 2016/17 mövsümünə pis başlasalar da, sonradan toparlanıb 7-ci yeri tutdular. Ancaq imişlilərin heyətinin daha da zəiflədiyi deyilir. Ən böyük itki isə Aqil Məmmədovun baş məşqçi vəzifəsindən istefa verməsidir. “Mil-Muğan” hazırda autsayder ünvanını qazanmağa ən real namizəddir.

MOİK

“Hərbçilər” bu il iddialı gəlir. Ramil Əliyevin rəhbərliyi altında iddialı heyət formalaşdırılıb. Klub rəhbərliyi 200 minlik büdcəylə çempionluğa oynayacaqlarını bəyan edibsə, əlavə şərhə ehtiyac yoxdur. Mayda Naxçıvanda keçirilən Heydər Əliyev kubokunun qalibi olan MOİK “Turan Tovuz”dan bombardir Rəhman Musayevi heyətinə qatıb. Premyer Liqa təcrübəsi olan futbolçular da “hərbçilər”ə qoşulub. “Zirə”dən Cəmil Hacıyev, “Sumqayıt”dan Ayaz Mehdiyev, AZAL-dan isə Ruslan Nəsirli Əliyevin sərəncamındadır. Yoxlama oyunlarına gəlincə, “Səbail”in əvəzedicilərinə (5:4), “Göyçə”yə (2:1), “Sabah”a (2:1) və “Binə”yə (2:1) qalib gələn MOİK “Qaradağ Lökbatan”la (2:2) heç-heçə edibsə, “Şüvəlan” (1:4) və “Neftçi”yə (0:3) uduzub. MOİK bu mövsüm ev oyunlarını “Bakı”nın Təlim-Məşq Bazasında keçirəcək. “Hərbçilər” çempionluğa ən real namizədlərdən biridir.

"Sabah"

İndi isə keçək debütantlara. İllərdi uşaq futbolunda ad çıxarmış, aşağı yaş qrupları üzrə komandaları çempionatlarda yaxşı təsir bağışlayan “Vətən” bu ildən böyüklərdən ibarət komandayla peşəkar səviyyədə çıxış etməyə qərar verdi. Heyət ictimaiyyətə açıq deyil. Bircə o məlumdur ki, komandada gənclər çoxluq təşkil edir. Hədəf isə sadəcə çempionatda təcrübə yığmaqdır. Baş məşqçi vəzifəsinə “Neftçi”ni uzun fasilədən sonra çempion edən Arif Əsədov gətirilib. Gənclərlə işləməyi yaxşı bacaran Əsədov döyüşkən kollektiv formalaşdırmağa qadirdir. Son anda adı dəyişdirilərək “Sabah” olan klub orta sıralarda yer ala bilər.

"Binə"

Debütant olsa da, çempionluq uğrunda mübarizə aparacaq “Binə” Həvəskarlar Liqasından gəlib. Ev oyunlarını eyni adlı qəsəbədəki süni örtüklü stadionda keçirən “Binə” hamıdan tez – iyunun sonlarından hazırlığa başlayıb. “İnstaqram” və “tvitter” səhifəsi olan ilk divizion klubu kimi adını tarixə yazdıran “Qartal” heyətinə Elmin Çobanov, Toure Morifere , Ramil Kərimov, Elmir Məmmədov, Mansur Nəhavəndi, Məhərrəm Hüseynov, Fərid Abbaslı, Cəmil Rəhimli, Vüsal Nağıyev, Ülvi Süleymanov, Timur Dadaşov, Elçin Əlicanov, Elvin Mirzəyev, Bəhlul Əliyev,Maqsum Qəmbərli və Renat Aşirov kimi gənclərlə yanaşı, elita təcrübəsi olan Bəxtiyar Soltanov, Amil Ağacanov, Məhəmməd Bədəlbəyli, Emin Cəfərquliyev və Kamil Hüseynovu da rənglərinə bağlayıb. Hazırlıq prosesi da faydalı olub. Mehman Babayevin komandası iki dəfə “Qaradağ Lökbatan”a (2:1, 2:0) və iki dəfə “Zirə”nin əvəzedicilərinə(4:2, 2:0) qalib gəlib. Gürcüstan toplanışında son çempion “Samtredia”ya (3:0) və iki dəfə Batumi “Dinamo”suna (1:0, 4:0) qalib gələn “Binə” yalnız “Maçaxela”ya (0:1) uduzub. Bakıda isə “Səbail” (0:2, 0:4), “Neftçi” (0:1), “İnter” (0:1), və MOİK-lə (1:2) bacarmayıblar.

"Şüvəlan"

AZAL-dan qalma bəzi gənc futbolçuları saxlayan baş məşqçi Aqil Nəbiyev iyulda toplanışın əvvəlində seleksiya keçirib. Mirkamil Həşimli, Hüseyn Axundov, Eyyub Əliyev, Orxan Səfiyaroğlu, Vəzir Musayev, Nodar Məmmədov, Mehdi Rəsulov, Şahin Əliyev, Elvin Həsənəliyev və Bəxtiyar Məsiməliyevi heyətinə qatan “sarı-qaralar” bu yay çoxlu yoxlama oyunu keçirib. “Zirə”nin (5:0) və “Sumqayıt”ın əvəzedicilərinə (2:0), “Qaradağ Lökbatan”a (3:1), MOİK-ə (4:1), “Şahdağ”a (2:1) və “Xəzər”ə (2:1) qalib gələn şüvəlanlılar“Neftçi” (0:2), “Zirə” (0:4), “Səbail” (0:5), “Kəpəz” (0:3)və U-19 yığmamıza (0:2) məğlub olub.

"Xəzər"

Bu komanda haqqında ətraflı məlumat yoxdur. “Sərhədçi” İdman Olimpiya Mərkəzində hazırlıq keçən “Xəzər”in heyəti və büdcəsi naməlumdur. Komandanın gücünü qarşıdakı turlar göstərəcək.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah