Çempionatımızın azarkeş problemi: Onları necə geri qaytaraq? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 9-cu yazısı

Futbolun bəzəyi qoldur. Ancaq idmanın şahına ən böyük gözəlliyi azarkeşlər verir. Azarkeşi az olan oyunlar rəngli və maraqlı alınmır. Adətən dolu tribunalar qarşısında baş tutan görüşlər gərgin mübarizə şəraitində keçir. Ona görə də nəhəng komandaların qarşılaşmaları hər zaman adama zövq verir. Futbolçular da bu oyunu məhz azarkeşlər üçün oynayır. Azarkeş stadiona gəlməyəcəksə, o zaman bu oyunu oynamağa da dəyməz.

Dünyada futbol azarkeşi mədəniyyəti ölkələrə görə fərqlənir. Elə götürək “Böyük beşlik” ölkələrini. Məsələn, İngiltərədə azarkeşlər sanki tamaşa izləyir. Onlar çox vaxt oyunu oturaraq izləyir. Nadir hallarda şüar səsləndirirlər. Təhlükəli hücumlar zamanı hisslərini büruzə verirlər, futbolçu yaxşı hərəkət  etdikdə isə alqışlayırlar. Hərdən nəğmə də oxuyurlar. Almaniyada isə tribunalar demək olar ki, susmaq bilmir. İri ölçülü bayraqlar daim dalğalanır, tribunalar qalxıb-düşən azarkeşlərlə çalxalanır. İspaniyada azarkeşlər çılğınlığına görə almanlardan və italyanlardan geri qalır. Onların özəlliyi hansısa baş məşqçinin istefaya getməsini istədikdə ağ dəsmal yelləmələridir.

Azarkeşlərin sayına görə də fərqliliklər var. Məsələn, MDB məkanında daxili çempionatlarda tamaşaçı qıtlığı hiss olunur. Son illər Rusiya çempionatı xeyli gücləndiyindən onlarda bu problem nisbətən aradan qalxıb. Ancaq qalan keçmiş SSRİ ölkələri azarkeş qıtlığından əziyyət çəkməkdə davam edir.

O cümlədən bizdə də vəziyyət  eynidir. Ancaq fərqli vaxtlarda bu problem artıb və azalıb. Heç vaxt sabit qalmayıb. 90-cı illərdə bölgə klubları çoxluq təşkil etdiyindən regionlarda keçirilən oyunlarda tribunalar azarkeşlə dolub-daşırdı. Futbol inqilabından sonra növbəti dəfə stadionlara azarkeş axını oldu. Xüsusən “Xəzər Lənkəran”ın yaranmasından sonra cənublu futbolsevərlər çempionatımıza maraq göstərməyə başladı. “Neftçi” ilə rəqabət “Böyük oyun”u futbolumuza bəxş etdi. Artıq bu komandaların oyunlarında 25 minə yaxın azarkeş olurdu. “Fırtınalar meydanı” adlandırılan “Xəzər Lənkəran”ın stadionunun tribunalarında anşlaq yaşanırdı.

Amma indi o anların həsrətiylə yaşayırıq. İndi nə “Xəzər Lənkəran” var, nə əvvəlki rəqabət, nə də o atəşli azarkeşlər var. İndi hər oyuna orta hesabla 1000-2000 arası azarkeş gəlir. Hətta bəzən tribunalarda cəmi 50 nəfər olur. Sözsüz ki, bu da futbolumuzun inkişafını ləngidir.

Azarkeş olmayanda...

Əksər vaxt bir çoxları futbol yığmamız və ya klublarımız beynəlxalq arenada uduzanda “əşi, bizimkilər nə bilir futbol nədi, onlar niyə futbolçu olur ki, bizdə futbol olmayıb, olmayacaq da” kimi atmacalar atırlar. Bununla da əcnəbi klublara azarkeşlik etmələrinə və bizim futbola biganə qalmalarına bəraət qazandırırlar. Halbuki bunu deyənlərin əksəriyyəti futbolumuzun inkişafı üçün heç bir addım atmayıb. Əlbəttə, onlardan futbolumuza sərmayə qoymağı xahiş edən yoxdur. Sadəcə, stadiona gəlib oyunları izləsinlər, kifayət edər. Azarkeş olmayanda ən güclü futbolçu belə həvəsdən düşür, futbol oynamaq eşqi ölür. Motivasiya qalmır. Futbolçu hələ soyunub-geyinmə otağından çıxıb, dəhlizi keçəndə azarkeş uğultusunu eşidib, cuşa gəlmədisə, bu futbol deyil ki. Bizim böyük derbi saydığımız oyunlarda belə tribunalar tam dolmur. “Azərsun Arena”, “İnter Arena”, “Bakcell Arena”, “Bayıl Arena” və “AZAL Arena”nın nə vaxtsa çempionat oyunları zamanı dolduğunu görmüsünüz? Əlbəttə ki, yox. Bax əsl problem də elə bundadır. Sən stadiona getməyəndən sonra hansı haqla futbolçudan yaxşı oynamağı tələb edirsən? Futbolçu dolu tribunanı görəndə publikaya oynayır, driblinqlər edib azarkeşlərin estetik zövqünü oxşamağa çalışır. Ancaq oturacaqların boş qaldığını görəndə tamam həvəsdən düşür və yalnız hesaba oynayır. Gözəl oyun anlayışı isə yaddan çıxır. Sonra da deyirik ki, çempionat oyunlarımız niyə maraqsız keçir. Deməli, futbolumuzun hələ də lazımınca inkişaf edə bilməməsinin əsas günahkarlarından biri çempionatımıza, klublarımıza biganə qalan tənbəl azarkeşlərdir.

Rəqabətsiz və monoton çempionat

Azərbaycan reallıqlarını nəzərə alsaq, Premyer Liqada iştirakçıların sayını 14-ə çatdırmaq ideal olar. Bunların da heç olmasa, səkkizi bölgə təmsilçisi olsa, onda çempionatımızdakı intriqa ən yüksək həddə çatacaq. Təəssüf ki, 2004-cü ildə baş verən futbol inqilabından bir neçə il keçdikdən sonra bu sahədə geriləmə başladı. Futbol klubları bir-bir dağılmağa başladı. “Karvan”, “MKT-Araz”, “Turan”, “Şahdağ”, “Simurq” və sair bölgə klubları sıradan çıxdı. Sonra növbə “Bakı”ya çatdı. Vaxtilə 2 dəfə ölkə çempionu olmuş klub pulsuzluğa görə elitanı tərk etdi. Çempionatda rəqabət bir az da azaldı. Azarkeşlərin qıtlaşmasının əsas səbəbi isə “Xəzər Lənkəran”ın dağılması oldu. Minlərlə cənublu azarkeşin ürəyinin döyündüyü “ağ-yaşıllar” həqiqətən çempionatımızın dadı-duzu idi. “Xəzər Lənkəran” dağıldıqdan sonra çempionatımız şit şorbaya dönüb. Əzəli rəqib olmadığından “Neftçi” azarkeşləri də passivləşib. Say ildən-ilə azaldı. İndi cəmi 8 klubla çempionatı yola veririk. Artıq iş adamları bu sahəyə pul ayırmır. Ona görə çempionatımız indi çox monoton görünür. Bölgədə yalnız “Qəbələ” və “Kəpəz” oynayır. Yalnız Gəncədəki qarşılaşmalar zamanı xeyli azarkeş görüb təsəlli tapırıq. Qalan oyunlarda isə köhnə hamam, köhnə tasdır.

Digər tərəfdən rəqabət də çox ölüb. Əvvəllər heç olmasa “Neftçi” və “İnter” çempionluq savaşında olardı. İndi bu klublar acınacaqlı durumdadır və böhran yaşayırlar. “Qarabağ” ardıcıl 4 dəfə çempion olub. Hələ ki bu komandanı durdura biləcək başqa klub görünmür. Nisbətən “Qəbələ” boy göstərməyə çalışır.Elə yeganə intriqa da bu komandaların oyunlarında qalıb. Çempionatımız sonu öncədən bəlli olan seriala çevrilib. Ona görə də Premyer Liqaya indi əvvəlki kimi maraq yoxdur. Hətta “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazandıqdan sonra da ciddi bir dəyişiklik olmayıb.

Onları necə geri qaytaraq?

Bu məsələdə klubların da üzərinə böyük yük düşür. Premyer Liqa iştirakçıları tənbəllik etməməli, azarkeşləri stadionlara cəlb etmək üçün müxtəlif metodlardan istifadə etməlidirlər. İlk növbədə sosial şəbəkələrdə fəallıq artırılmalıdır. Hər oyundan əvvəl azarkeşləri stadiona təşviq edə biləcək videoçarx hazırlanmalıdır. Bundan başqa insanların çox olduğu məkanlarda afişalar paylanmalıdır. Azarkeşlərlə iş üzrə kadr olmalı  və həmin şəxs(lər) futbolsevərləri oyunlara cəlb etməyin yollarını axtarıb tapmalıdır. Fanklublar formalaşdırılmalı, müxtəlif stimulverici layihələlər həyata keçirilməlidir. Lazım gəlsə, futbolçularla azarkeşlər arasında görüşlər keçirilməlidir. Klubu azarkeş üçün doğmalaşdırmaq, onu sanki ailəsinin bir üzvünə çevirmək lazımdır ki, ondan əl çəkə bilməsin.

Sözsüz, əsas yük həm də televiziyalara düşür. Təəssüf ki, indi televiziyaları reytinqləri daha çox maraqlandırır. Onlar daha çox şou-biznes tipli, bayağı və yararsız verilişlər hazırlayır, müğənniləri reklam edirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan idman ölkəsidir. Ancaq televiziyalar bunu əməldə icra etmir. İdmana, xüsusən də futbola çox az yer ayırırlar. “Futbol saatı” kimi baxımlı, ölkə futboluna fayda verən veriliş bağlanırsa, bundan başqa nə  deyəsən. Sonra da deyirlər ki, futbolumuz inkişaf etmir. Elə götürək qardaş ölkəni. Görün Türkiyədə nə qədər idman kanalı var. Buna baxmayaraq başqa telekanalların da idman verilişləri var. Xüsusən də futbol orada çox yüksək səviyyədə təbliğ olunur. Bunun da faydasını görürlər. Böyük azarkeş mədəniyyəti formalaşıb. Bizdə isə əsas təbliğat vasitələri sayılan televiziyalar futbola  gözünün ucuyla belə baxmır. Məsələyə kompleks yanaşılmasa, hər kəs əlini daşın altına qoymasa, bu vəziyyət dəyişməyəcək. Azarkeş problemi aradan qalxmayacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz