“CBC Sport” yeni mövsümə necə hazırlaşır? (LAYİHƏ)

 “Newsport.az”ın “Yeni mövsüm, yeni ümidlər” layihəsi çərçivəsində 2-ci yazımızı diqqətinizə çatdırırıq. Təxminən 10 gündən sonra ölkə çempionatına start veriləcək. Sözsüz ki, çempionatın güclü təbliğatına ehtiyac var. Güclü təbliğat nəticəsində azarkeş problemini əhəmiyyətli qaydada aradan qaldırmaq olar. Ən azı bu problemi minimum səviyyəyə endirmək mümkündür. Bunun üçün təklif olunan “məhsul”u mümkün qədər ən yaxşı formada reklam etmək lazımdır. Necə ki adi bazar mühitində bu qaydalar keçərlidir. İnsanlar televiziya və radioda reklamı çox gedən məhsullara üstünlük verir. Futbolda da vəziyyət belə olmalıdır. Əlbəttə, təbliğatı ilk növbədə klublar aparmalıdır. Komandalar öz oyunları ilə futbolsevərləri tribunalara cəlb etməyi bacarmalıdır. Çempionatımızda 2004/05 mövsümündə olduğu kimi güclü rəqabət olsa, boş tribunaları demək olar ki, görməyəcəyik. Yəni azarkeşin cəlbi üçün baxımlı futbolun nümayiş etdirilməsi, çempionatımızda startdan finişədək amansız mübarizənin getməsi, son turadək intriqanın qalması mütləq şərtlərdən biridir.

Ancaq təbliğatın digər üzü media nümayəndələrinin payına düşür. Əslində yerli idman saytlarının demək olar ki, hamısı yerli futbola daha çox əhəmiyyət verir. Yəni bu mənada heç bir problem yoxdur. O ki qaldı telekanallara, bu barədə mübahisə etməyə dəyər. Əslində hamının üstünlük verdiyi televiziya sahəsi təbliğat sarıdan daha böyük effekt verə bilər. Yetər ki, yerli telekanallar buna can atsın. Ancaq biz bu gün nəyi görürük? Cəmi 2 telekanal yerli çempionata geniş yer ayırır. “İdman Azərbaycan” sanki teleyayım hüququ əlindən alındıqdan sonra acığa düşərək çempionatımızdan üz döndərib. Nə oyunlar göstərilir, nə də bununla bağlı xüsusi verilişlər çəkilir. ATV, “Lider”, “Space”, “Regional” və İTV-də də bu istiqamətdə xüsusi canfəşanlıq müşahidə etmirik. Yalnız “Xəzər”i istisna edə bilərik. Azarkeşlər hər bazar ertəsi bu telekanalda təxminən 1 saat ərzində ölkə futbolunun problemlərindən bəhs edən, bizim “mətbəx”də baş verən olayları əks etdirən “Futbol saatı” verilişini maraqla izləyir.

Və təbii ki, bu mövzuda əsas yük və məsuliyyət “CBC Sport”un payına düşür. Çünki məhz 2 il əvvəl yaradılmış bu telekanal çempionatın teleyayım hüququna sahib olan şirkətdir. Ona görə də məntiqlə bu yarışı daha çox işıqlandırmalıdır. İki ildir ki, azarkeşlər yerli futbolu məhz “CBC Sport” vasitəsilə mavi ekrandan seyr edir. Etiraf etmək lazımdır ki, telekanal qısa müddətə yaransa da, bir çox yeniliklərlə futbol ictimaiyyətini müsbət mənada təəccübləndirə bilib. Təcrübəli TV əməkdaşlarıyla güclənən “CBC Sport” 2015/16 mövsümündə “Saran” Holdinqin yayım təcrübəsindən yararlanırdı. Türkiyədən gəlmiş peşəkar mütəxəssislərin yardımıyla heç vaxt olmadığı qədər maraqlı yayım təşkil olunurdu. HD formatda göstərilən oyunlar daha çox kamera vasitəsi ilə işıqlandırılırdı ki, bu da azarkeşlərin marağını artırırdı.

Ancaq ötən ildən hər sahədə olduğu kimi, bu telekanalda da bəzi maliyyə problemləri yarandı. Telekanal artıq bütün yayım fəaliyyətini özü və yerli operatorlarıyla həyata keçirir. Düzdür, bir ara cəmi bir STS-in xidmətindən yararlandılar. Belə olan halda bir gün ərzində cəmi 1 oyunu göstərə bilirdilər. Nəticədə eyni gündə 2 və daha çox görüş baş tutanda azarkeşlər bunlardan yalnız birini televiziya vasitəsi ilə izləyə bilirdi. Ancaq çempionatın gedişində bu problem yoluna qoyuldu və STS-in sayı ikiyə çatdırıldı. Bununla da teleyayımla bağlı ciddi problemlər aradan qaldırıldı.

“CBC Sport”un qarşılaşmalardan əvvəl, fasilələrdə və matçlardan sonra hazırladığı reportajlar yerinə düşürdü. Çempionatımızla, yerli futbolla bağlı müxtəlif verilişlər də bu yarışa marağı artıran vasitələr sırasında idi. Bəs 2017/18 mövsümündə necə olacaq? “CBC Sport” yeni mövsümə necə hazırlaşır? Bizi yeni futbol macərasında teleyayımla bağlı hansı yeniliklər gözləyir? Bu suallarla bağlı telekanalın baş redaktoru Şəmsəddin Abbasov ətraflı cavab verdi: “Ötən mövsüm olduğu kimi, bu il də çalışacağıq ki, çempionat oyunlarının 98 faizini yayımlayaq. Bir gündə 2 oyunu nümayiş etdirmək imkanımız olacaq. Təbii ki, yeniliklərimiz olacaq. Daha öncəki təcrübəmizdən yararlanaraq oyunlardan əvvəl və sonra xüsusi buraxılışları ekrana daşıyacağıq. Canlı bağlantılarımız olacaq. Klublar və Peşəkar Futbol Liqası da qeyd edib ki, çempionatın yayımının keyfiyyətinin yüksəlməsi bu yarışa marağı da artırıb. Ona görə də biz fürsətdən istifadə edib, bütün klublara təşəkkürümüzü bildirmək istəyirik. Onlar bacardığı qədər bizdən köməyini əsirgəmir. Yayımın daha da yaxşılaşmasında yardım göstərirlər. Həmçinin PFL-in də bu işdə əməyi çox böyükdür. Oyunların şərhçiləri arasında yeni simaların olacağı gözlənilir. Biz daima çalışırıq ki, inkişaf edək. Təbii ki, inkişaf varsa, efirdə yeni simalar da olmalıdır. Ola bilər, yeni şərhçi olmayacaq, əvəzində oyunlardan əvvəl hazırlanan reportajların təqdimatında yeni simalar görək. Heyətimizdə yeni, gənc əməkdaşlarımız var. Hesab edirik ki, onlar ötən mövsümdən lazım olan qədər təcrübə toplayıb. Bu mövsüm də biz onlara daha çox yer ayıracağıq. Əvvəllər olduğu kimi, turun mərkəzi qarşılaşmalarını 2 şərhçinin ifasında nümayiş etdirəcəyik. Qalan matçları isə bir əməkdaşımız şərh edəcək. Bu, böyük ehtimalla, belə olacaq. Çempionata marağı artırmaq üçün biz bir neçə layihə düşünmüşük. Bu, əsasən də qadın azarkeşlərlə bağlıdır. Ancaq mən indi bunu açıqlamaq istəmirəm. Çünki biz bu məsələni klublarla da müzakirə etməliyik. Çünki bəzi klublarımız hələ ölkə xaricindədir. Onlar qayıtdıqdan sonra bu barədə onlarla danışacağıq. İndi bu layihəni açıqlamaq istəmirəm. Çünki ola bilər, bəzi klublar bu məsələyə öz etirazını bildirər, bu fikirdən üz döndərərlər. O zaman bunu indidən açıqlamaq doğru olmaz. Amma sizə onu deyə bilərəm ki, yeni ideyalar var. Bunlar çempionatımıza, futbolumuza marağı artırmağa xidmət edən ideyalardır. Ancaq ən böyük marağı komandaların sərgilədiyi gözəl oyun yaradır. İnanırıq ki, biz belə futbolu yeni mövsümdə görəcəyik və azarkeşlər yavaş-yavaş oyunlara baxıb, marağı artıb stadionları dolduracaq. Çempionatla bağlı əsas verilişimiz yenə “Bizim futbol” olacaq. Bundan başqa gün ərzində “Start” və “Finiş” verilişlərinin yayımı da nəzərdə tutulub. Bildiyiniz kimi, yayboyu ötən gün idmanda baş verənlərlə bağlı “Start”, günün sonunda isə “Finiş” verilişini idmansevərlərin ixtiyarına verirdik. Gündüz Abbaszadə və Emin Abbasov “Finiş”də idmanda baş verənləri şərh edirdi. Nəzərdə tutulub ki, bu verilişlərə çempionat da şamil olunsun. Həmçinin, “Bizim futbol”da dəyişiklik nəzərdə tutulub. İndi biz bu barədə düşürük. Çünki bilirsiz ki, bu verilişin daimi aparıcısı Rüstəm Əfsərli hazırda “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışır. Belə olan halda onun yerini bir nəfər tutmalıdır. Bu barədə də açıqlama vermək istəmirəm. Həmin şəxsin kimliyi ilə bağlı hələ ki yaradıcı heyət düşünür. Verilişlər haqda bunları deyə bilərəm. Bəlkə əlavə daha bir veriliş də açdıq. Ancaq çempionatımızın nə qədər gərgin mübarizə şəraitində keçəcəyini bilmirik. Ötən il çempionluq uğrunda 2 klub – “Qarabağ” və “Qəbələ” sonadək mübarizə apardı. Onların fonunda digər komandalar bir xeyli geri qalırdı. 8 klublu Premyer Liqa üçün idman telekanalının 2-3 veriliş ayırması bir qədər çətindir. Yeni mövsüm üçün yeniliklər görüntüylə bağlı olacaq. İndi bizdə bir neçə ideya var. Ancaq mən bu barədə də bəyanat vermək istəmirəm. Ola bilər, imkanlarımız bu ideyaları dərhal həyata keçirməyə imkan verməsin. Oxucular düşünəcək ki, bəs nə oldu, belə demişdiz, amma alınmadı. Bir az səbirli olmağı məsləhət görürəm. Ümid edək ki, bu çempionat daha maraqlı mübarizə şəraitində keçəcək. Çempionatın yeni üzvü olacaq “Səbail”in debütünü izləmək də maraqlı olacaq. Digər komandalara gəlincə, yeni rəhbərliklə mübarizəyə start verəcək “İnter”, əvvəlki əzəmətini qaytarmağa çalışacaq “Neftçi”, ildən-ilə iddiasını artıran “Zirə”ni də unutmaq olmaz. Bütün komandalarımıza uğurlar arzulayırıq. Bu, gərgin oyunları hər kəsin “CBC Sport”dan izləməyə çağırırıq. Ancaq yaxşı olardı ki, onlar çempionat qarşılaşmalarını elə stadiondan izləsin. Yox əgər belə bir imkan yoxdursa, bilsinlər ki, matçların demək olar ki, 98 faizi “CBC Sport” vasitəsi ilə canlı yayınlanacaq. Biz tək Premyer Liqa yox, ölkə kubokunun oyunlarını və 1-ci divizionun ən maraqlı qarşılaşmalarını yayımlamağa hazırıq. Sonda onu da qeyd edim ki, hər qarşılaşma 6 kamera vasitəsi ilə yayımlanacaq”.

Əlbəttə, “CBC Sport”un teleyayım keyfiyyətinin yüksəlməsi üçün reklam bazarını özünə cəlb etməsi də vacibdir. Çünki telekanalın gəlir mənbəyi məhz reklamdan əldə olunan qazancdır. Dünya praktikasına baxsaq, görərik ki, nüfuzlu çempionatlar, klublar və futbol qurumlarının gəlir payında teleyayımdan əldə olunan gəlirlər yüksək yerlərdən birini tutur. Məsələn, UEFA-nın qazancının yarısını məhz teleyayım gəliri təşkil edir. Elə klublar var ki, onların illik teleyayımdan qazancı 100 milyon dolları ötür. Ancaq bizdə bu sahədə xeyli problemlər var. Azad bazar mühiti olmadığından idman telekanalları yetərincə reklamdan gəlir əldə edə bilmir. Vəziyyət müsbətə doğru dəyişsə, telekanalların gəliri artar. Belə olan halda “CBC Sport” illik teleyayıma görə klublara nəzərə çarpacaq dərəcədə vəsait ödəyə bilər. Bir sözlə, nə qədər çox reklam olsa, həm teleyayımın keyfiyyəti artar, həm klublarımızın maddi problemləri yoluna qoyular, həm çempionatımız güclənər, həm də bizim futbola azarkeş marağı artır. Göründüyü kimi, bu sistem bir-biriylə sıx bağlı olan zəncirin halqaları kimidir. Ümid edək ki, tezliklə, biz də bu sahədə ən azı Avropanın ortabab ölkələri sırasında olarıq.     

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right