I Divizion klublarımız yeni mövsümə necə hazırlaşır? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 2-ci yazısı.

Premyer Liqa klubları kimi I Divizion təmsilçiləri də yeni mövsüm üçün öz hazırlıq planlarını rellaşdırır. Elitaya çıxmaq arzusunda olan klubların əksəriyyəti yeni mövsüm üçün bir araya toplansa da, bəziləri hələ hazırlıqlara başlamayıb. Bəzi kollektivlər həvəslə çempionatın başlayacağı günü gözləsə də, eyni həyəcanı duymayan komandalara da rast gəlmək mümkündü. Səbəb isə Azərbaycan I Divizonunun digər futbol ölkələrinin aşağı dəstələrindən fərqlənməsidi. Reqlamentə uyğun olaraq yarışda ilk sıranı tutaraq çempion olan komanda Premyer Liqaya yüksəlməli olsa da, sonuncu dəfə belə hadisə 2014-cü ildə yaşanıb. Həmin vaxt aşağı dəstədə qızıl medallara layiq görülən "Araz Naxçıvan" elitada son sırada qərarlaşan "Kəpəz"i əvəzləmişdi.  Naxçıvan təmsilçisinin uğurundan ilham alan Neftçalanın eyni adlı klubu daha sonra 2 il bu sevinci yaşasa da, Premyer Liqaya buraxılmadı. Eyni şanssızlıq ötən mövsüm qızıl medalları boynundan asan "Turan Tovuz"dan da yan ötmədi. Səbəb olaraq isə sözügedən komandaların Premyer Liqada iştirak etmək üçün tələb olunan bank təminatını AFFA-ya təqdim etməməsi göstərilib.  Məlum olduğu kimi, bu dəfəki yazımızda əksər I Divizion klublarımızın yeni mövsümə hazırlığını dəyərləndirəcəyik.

Elitaya buraxılmaması əyalət təmsilçisində ruh düşkünlüyü yaratmaya bilməzdi. Bununla belə komanda artıq yerli oyunçuların iştirakı ilə bir araya toplaşıb. Əsas aparıcı üzvlərini itirən Tovuz klubu heyətə yeni qoşulacaq oyunçuları gözləyir. Daha sonra kollektivin paytaxt Bakıda təlim-məşq toplanışı keçirməsi, Gürcüstanda isə bir neçə yoxlama görüşündə qüvvəssini sınaması gözlənilir. İstənilən halda komandanın ötən mövsüm ki, uğurunu təkrarlaması asan olmayacaq. Bunu "Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyev belə deyir: "Bütün komandamızda, azarkeşlərimizdə ruh düşkünlüyü var. Bildiyiniz kimi, ötən il azarkeş dəstəyimiz möhtəşəm idi. Düşünürəm ki, yeni mövsümdə həmin fanatları stadiona cəlb etməyimiz çətin olacaq. Baş məşqçimiz də bir qədər ümidsizdi. Ancaq onu da qınamıram. Gəlin belə danışaq, bir komanda ilk pilləni tutubsa, qızıl medalları qazanıbsa, büdcəsi yoxdusa, Premyer Liqaya buraxılmırsa, daha bundan sonrası varmı?"

Eyni aqibətlə 6 il öncə üzləşən, hər zaman aşağı dəstədə mükafatçılar sırasında qərar tutan "Ağsu" kollektivi avqust ayının 1-dən etibarən bir araya toplanacaq. Hazırlıq mərhələsinin ilk 13 gününü doğma rayonda keçməyi planlaşdıran ağsulular daha sonra təlim-məşq toplanışı üçün Bakını seçəcək. Baş məşqçi Rüfət Quliyev komandasının hazırlıq mərhələsindən danışarkən, yeni mövsüm üçün olan planlarından da bəhs etdi: "Ümumiyyətlə, biz Ağsuda futbol klubu yaradanda ilk növbədə onu nəzarətə tutduq ki, rayonu təmsil edən normal komanda formalaşsın. Gördüyünüz kimi, yarandığımız yeni vaxt ərzində hətta qızıl medallara layiq görüldük. Ümumiyyətlə, çıxış etdiyimiz 5 mövsümün 4-də mükafatçılar sırasında yer almışıq. Ancaq biz I Divizionda həmin klublardanıq ki, aşağı yaş qruplarına xüsusi önəm veririk. Halbuki, Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərə nisbətən Ağsu rayonunda istedadlı uşaq tapmaq daha çətindi. Bununla belə,  yaxşı işlər görməyi planlaşdırırıq. İnşallah, yeni futbol mövsümündə də aşağı dəstənin öndə gedən klubları sırasında yer almaq istəyirik".

Ötən mövsümün əvvəlində iddialı olacağı söylənilən, hətta Premyer Liqa üçün lisenziyalaşdırma işlərinə başlayan lakin yekun nəticədə 7-ci yeri tutan "Mil Muğan"da vəziyyət bir o qədər ürəkaçan deyil. Hələlik rəhbərliyin cavabını gözləyən baş məşqçi Aqil Məmmədov büdcənin açıqlanmasını gözlədiklərini söylədi. Çalışdırıcı ən azı ötən mövsümkü qədər komandaya maliyyə ayrılacağına ümid etdiyini bildirdi: "Gərək, bizə məlumat verilsin ki, biz də işimizi bilək. Nə vaxt yığışırıq, nə qədər maliyyə ayrılacaq. Ona əsasən də heyətə yeni futbolçu cəlb edək, toplanış keçək. Çox güman ki, böyük büdcəmiz olmayacaq. Bu səbədən təlim-məşq toplanışımız elə İmişlidə baş tutacaq. Ötən mövsüm maliyyə işlərimiz yolunda olsa da, gec toplanmağımız ucbatından turnir cədvəlində yaxşı yer tuta bilmədik. Bu mövsümün hazırlıqlarına avqustun 5-dən başlayarıq, yəqin ki".

Sonuncu dəfə 4 il əvvəl I Divizionda təmsil olunan daha sonra maliyyə səbəbindən dağılan "Karvan" çox güman ki, yeni mövsümdən etibarən aşağı dəstədə çıxış edəcək növbəti əyalət klubu olacaq. Yarandığı 2005-ci ildən elitada hər zaman yüksək yerlər uğrunda mübarizə aparan Yevlax klubu hələlik birinci dəstədə təmsil olunmaq fikrindədi. Komandanın yaradıcısı və baş məşqçisi Kənan Kərimov Peşəkar Futbol Liqasından son qərarı gözlədiklərini bildirdi: "Bildiyiniz kimi, artıq Yevlaxda futbolçular bir araya gəlib. Çoxu yerli, uşaqlardı, İnşallah, yaxşı futbolçular da cəlb etmək fikrimiz var. Sadəcə çempionatda iştirak etməyimiz üçün PFL-dən "hə" cavabını gözləyirik. Onu da bilirsiz ki, futbol tək oynamaqdan ibarət olmur. Maliyyə məsələləri də mühüm yer alır. Buna görə, çalışırıq ki, tez bir zamanda bu işə nəzarət edəcək insanlarla ortaq məxrəcə gələk".

"Karvan" kimi  daha bir klub - "Binə" də yeni mövsümdən etibarən  I Divizionda qalib adı uğrunda yarışacaq. Yevlax təmsilçisindən fərqli olaraq qəsəbə klubunun birinci dəstədə çıxış edəcəyi dəqiqdi və komandanın heyətində bir sıra Premyer Liqa təcrübəsi olan futbolçular var. Uzun illər aşağı dəstədə top qovan və təlim-məşq toplanışını bir dəfə də olsun ölkə xaricində keçməyən klublarımızdan fərqli olaraq "Binə" debüt ilin hazırlıqlarını Gürcüstanda keçəcək. Klubun baş məşqçisi Mehman Babayev rəhbərliyin qarşısına qoyduqları hədəfləri və ilk mövsüm üçün olan planlarını belə izah edib: "İnşallah, avqust ayının 11-i Gürcüstana yola düşəcəyik. Orada 14 günlük təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Təbii ki, hazırlıq prossesi çərçivəsində bir neçə yoxlama matçında qüvvəmizi sınayacağıq. Bu görüşlər nəyə qadir olduğumuzu göstərəcək. Rəhbərlik ilk mövsüm üçün qarşımıza yaxşı komanda formalaşdırmaq məqsədini qoyub. Düşünürük ki, bu mövsüm mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacağıq. Daha sonra isə elita haqda düşünəcəyik. Komandada Bəxtiyar Soltanov və Emin Çobanov kimi Premyer Liqa təcrübəsi olan futbolçular yer alır. Allahın köməkliyi ilə  yaxşı futbolçular yetişdirib milli komandalarımııza xeyir vermək istəyirik".

Azərbaycanın köklü klublarından olan, lakin illərdi I Divizionda sürünən "Göyəzən" də yeni mövsümdən etibarən çempionatda öz yerini alacaq. Autsayderlər qrupunda görməyə öyrəşdiyimiz Qazax klubu hələ ki, bir araya gəlməyib. Komandanın baş məşqçisi Elxan Muradov komandaya cəlb etmək üçün bəzi yerli uşaqları baxışdan keçirsə də, hazırlıq planı məlum deyil. Çalışdırıcı digər klublar kimi avqust ayının əvvələrində təlim-məşq toplanışına başlayacaqlarını söylədi: "Elə bir dəyişiklik yoxdu. Klubun prezidenti Rəhman müəllim Bakıda bəzi adamlarla görüşəcək. Komandaya yaxşı sponsor tapmaq istəyirik. Bizə yaxşı büdcə lazım deyil. Bizə normal büdcə də olsa, bəs edər. İnanın mənə, digər klublardan da 30 faiz az maliyyəmiz olsun, yenə də öz sözümüzü deyə bilərik. İndiki vəziyyətdə nəsə etmək çətindi. Allah böyükdü, bəlkə möcüzə oldu".

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right