2016/17 mövsümünün rəmzi yığması (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 12-cı yazısı

Azərbaycan çempionatının 2016/17 mövsümünü müxtəlif yönlərdən incələmişik. Bu yazıda mövsümə son nöqtəni qoyacağıq. Belə ki, mövsüm boyunca hər mövqe üzrə ən yaxşı oynayan futbolçulardan “11-lik” quracağıq. Ancaq təbii ki, balansı qorumaq şərti ilə. Belə ki, rəmzi heyətimizdə 5 klubdan futbolçular yer alıb. Çempion “Qarabağ”dan 4, gümüş medalçı “Qəbələ”dən 3, bürünc medal əldə edən “İnter”dən 2, “Zirə” və “Kəpəz”dən isə hərəyə 1 futbolçu ən yaxşıların komandasına düşüb. Taktiki düzülüşümüz isə 4-4-2 sisteminə uyğundur. Yəni bir dayaq yarımmüdafiəçidən istifadə etmişik və iki hücumçunu heyətə salmışıq. Onlardan 4-ü yerli, 2-si “milliləşdirilmiş”, 5-i isə əcnəbi futbolçudur. İndi onları daha yaxından tanıyaq və bu mövsüm hansı göstəricilərinə görə fərqləndiklərinə nəzər salaq.

İbrahim Şehiç (Qarabağ)

Əslində mövsümün əvvəlində, bir qədər də dəqiqləşdirsək, ilk dövrədə “quru” seriya ilə komandasının lider olmasında böyük pay sahibi olan Dmitri Bezotosnını da ən yaxşı qapıçı seçmək olardı. Ancaq mövsüm boyunca sabit çıxış etdiyi və komandası çempion olduğu üçün İbrahim Şehiçə üstünlük verdik. Bosniyalı qapıçı çempionatda 19 oyunda iş başında olub. Ümumilikdə 1710 dəqiqə “çərçivə”ni qoruyan əcnəbi qolkiper qapısında cəmi 9 top görüb ki, bu da yetərincə yaxşı göstəricidir. Şehiç cəmi bir dəfə cəzalanıb. İbrahim noyabrın 29-da – mövsümün ən qalmaqallı və ən çox müzakirə olunan oyununda sarı vərəqə alıb. Xatırladaq ki, söhbət “Qarabağ”ın “Qəbələ” üzərindəki 2:1 hesablı qələbəsindən gedir. İkinci dövrənin qarşılaşmasında qonaqlar Rəhim Həsənovun idarəçiliyindən kəskin narazı qalmışdı.

Təmkin Xəlilzadə (Zirə)

“Qarabağ”ın yetirməsi olan Təmkin 2015/16 mövsümündən premyer-liqada davamlı şəkildə çıxış etməyə başlayıb. İstedadını isə ötən mövsüm açdı. Təsadüfi deyil ki, Xəlilzadə “Zirə”nin geridə qalan mövsümdə ən çox forma geyən futbolçusudur. 26 oyunda meydana çıxan sol cinah müdafiəçisi ümumilikdə qazon üzərində 2246 dəqiqə qaçıb. Texnikası və sürətiylə yığma üzvü olmağa hazır olduğunu göstərən 24 yaşlı futbolçu 2 qol vurub ki, bunların da hər ikisi apreldə qeydə alınıb. O, “Neftçi”nin və AZAL-ın qapısına yol tapıb. Xəlilzadə mövsüm boyunca qarşısında 6 sarı vərəqə görüb.

 Vojislav Stankoviç (Qəbələ)

“Qəbələ”nin müdafiəsinin dirəyi hesab olunan stopperin nəyə qadir olduğunu hələ “İnter”də oynayarkən görmüşük. 2014/15 mövsümündə ağ-göy formanı geyən mərkəz müdafiəçisi Səbuhi Səfiyarlı menecer kimi “Qəbələ”yə gəldikdən sonra komandasını dəyişdi. Ötən mövsüm qırmızı-qara formanı ən çox geyən futbolçulardan biri məhz serbiyalı oyunçudur. Düzdür, çempionatda 2 mövsüm boyunca “Qəbələ”nin heyətində qol vurmayıb. Ancaq müdafiəçi kimi işinin öhdəsindən gələ bilir. Nadir hallarda səhvə yol verən Stankoviç kritik müdaxilələri və başla yaxşı oynamasıyla seçilir. 2016/17 mövsümündə 6 sarı vərəqə alıb.

Bədavi Hüseynov (Qarabağ)

Onu Rəşad Sadıqovsuz, Rəşadı da onsuz təsəvvür etmək mümkün deyil. “Qarabağ”da və yığmada bir-birilərini gözü yumulu başa düşən müdafiəçilər soyuqqanlı oyunlarıyla seçilirlər. Düzdür, hərdən onlar da kobud səhvə yol verirlər. Ancaq səhvsiz futbolçu yoxdur. Əksər vaxt düzgün mövqe seçən, nadir hallarda rəqib futbolçular tərəfindən keçilən müdafiəçilərdəndirlər. Hücumu başlamaq bacarıqlarına da söz ola bilməz. Bəs niyə Rəşad Sadıqov rəmzi heyətdə yoxdur? Ona görə ki, yığmanın kapitanı ötən mövsüm çox vaxt zədə üzündən forma geyinməyib. Bəzi oyunlarda isə baş məşqçi Qurban Qurbanov təcrübəli futbolçuya Avropa Liqasının qarşılaşmalarına görə istirahət verirdi. Ancaq Bədavi həm çempionatda, həm Azərbaycan kubokunda, həm də Avroliqada müntəzəm oynayıb. Yalnız zədəli olduğu üçün bəzi önəmli matçları buraxıb. Onun necə “Qarabağ” üçün önəmli futbolçu olduğunu Florensiyadakı görüşdən sonra bir daha anladıq. Onun yoxluğunda “Fiorentina” evdə “Qarabağ”ın müdafiə xəttini tar-mar etdi. Hüseynov 2016/17 mövsümündə 20 oyunda forma geyinib və ümumilikdə meydanda 1800 dəqiqə vaxt keçirib. Cəmi 2 dəfə sarı vərəqə alması onu müsbət mənada fərqləndirir. Axı müdafiəçilər tez-tez kobudluğa əl atmalı olur. Bu da onu göstərir ki, Bədavi ustalığı və düzgün mövqe seçiminə görə “təmiz” oynaya bilir. Hüseynov 1 qol vurub. Stopper martın 4-də “Kapital Bank Arena”da “Sumqayıt”ın (4:0) darmadağınında pay sahibi olub.

Tellur Mütəllimov (Qəbələ)

Elvin Camalovun zədələnməsindən sonra gənc futbolçu limitinə görə əsas heyət üzvünə çevrilən sağ cinah müdafiəçisinin bu səviyyəyə çatmasında “Zirə”nin böyük rolu var. Çünki 2015/16 mövsümündə Adil Şükürovun rəhbərliyi altında Premyer Liqada debüt edən komandada icarə əsasında oynadı. Müntəzəm olaraq forma geyməklə oyun praktikası qazandı, “bişdi”, futbolçu kimi formalaşdı, peşəkar futbola uyğunlaşdı. Bu səbəbdən 2016/17 mövsümündə çempionluq uğrunda mübarizə aparan “Qəbələ”də forma şansı qazanarkən bu fürsəti əldən vermədi. “Qəbələ” Futbol Akademiyasının yetirməsi artıq indidən əsas yığmaya namizədlər sırasında göstərilir. U-23 millimizin tərkibində 4-cü İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanan qusarlı futbolçu 2016/17 mövsümündə 17 oyunda çıxış edib və ümumilikdə 1370 dəqiqə komandasının uğuru üçün tər axıdıb. O da Təmkin kimi texnikalıdır və tez-tez hücumlara qoşulur. Elə çempionatda 4 qol vurması da bundan xəbər verir. 22 yaşlı müdafiəçi “Kəpəz” və AZAL-ı 1, “İnter”i isə 2 dəfə məyus edib. Mütəllimov 3 dəfə sarı vərəqə alıb.

Riçard Almeyda (Qarabağ)

“Qarabağ”a gəldiyi ildən sabit çıxışı ilə seçilən Riçard Almeyda bir çox braziliyalılardan fərqli, intizamı ilə seçilir. Məhz buna görə də Qurban Qurbanovun ən sevimli futbolçularından biridir. Ona “Qarabağ”ın düşünən beyni də deyə bilərik, döyünən ürəyi də, vuran nəbzi də. Orta xəttin lideri olan Almeyda həm texnikası, həm də uzaqdan vurduğu dəqiq zərbələriylə öyünə bilər. 5 ildir ki, ölkəmizdə çıxış edir. Bu səbəbdən artıq “milliləşdirilib” və yığmada debüt edib. Şimali İrlandiya ilə oyunda ən yaxşı futbolçularımızdan biri o idi. Riçard 2016/17 mövsümündə 20 oyuna çıxıb. Çempionatda 1707 dəqiqə oynayan 28 yaşlı yarımmüdafiəçi “Qəbələ” və “Sumqayıt”ın qapısına bir dəfə yol tapıb. Əsl döyüşçü imicinə sahib Almeyda cəmi 3 oyunda sarı vərəqə ilə cəzalanıb.

Dario Federiko (Kəpəz)

Rəmzi Komandamızda yarımmüdafiənin soluna Dario Federikonu yerləşdiririk. Artıq “Kəpəz”dən ayrılan “sambaçı” hələ 2015/16 mövsümündə texnikasıyla hər kəsi təəccübləndirməyi bacarmışdı. Müdafiəçilərin başına oyun açan 25 yaşlı futbolçu qışda ailə vəziyyətini əsas gətirərək komandaya gec qoşuldu. Bu da formaya gec düşməsinə səbəb oldu. Ancaq yenə də fərdi keyfiyyətləri hesabına bu boşluğu qısa müddətə aradan qaldıra bildi. Ötən mövsüm ölkə çempionatında 4 qola imza atan Federikonun bunlardan 3-nü medalçılara vurması səviyyəsindən xəbər verir. Dario həm “Qarabağ”ın, həm “Qəbələ”nin, həm də “İnter”in qapısına yop tapıb. Daha bir qolu isə “Sumqayıt”a vurub. Maraqlıdır ki, onun qol vurduğu qarşılaşmalarda “Kəpəz” uduzmayıb. “Qarabağ”la heç-heçə Gəncə klubu digər görüşlərdə qələbə qazanıb.

Filip Ozobiç (Qəbələ)

Ötən ilin yayında “Qəbələ” yenidən sökülüb-yığılanda hamıda bir tərəddüd var idi. Çoxları “qırmızı-qaralar”ın növbəti dəfə tarix yazıb, Avroliqanın qrup mərhələsinə yüksələcəyinə inanmırdı. Ancaq önəmli transferlər həyata keçirən bölgə klubu pessimistləri peşman etdi. Ən uğurlu keçid isə əlbəttə ki, Filip Ozobiç oldu. Xorvatiyalı yarımmüdafiəçi hələ Azərbaycan çempionatı başlamamış nəyə qadir olduğunu göstərdi. Universal futbolçu yarımmüdafiədə istənilən mövqedə oynaya bilir. Həm texnikalı, həm sürətli, həm də ayağına hakim futbolçudur. Elə “Lill”ə vurduğu qol nəyə desən dəyər. Azərbaycan çempionatında ən çox qol vuran iki futbolçudan biri oldu. Ümumilikdə mövsümün ən yaxşı futbolçusu olduğunu söyləyə bilərik. Ozobiç “Qəbələ”də o qədər gözəl oynadı ki, hətta qışda Xorvatiya yığmasına da cəlb olundu. Maraqlıdır ki, çempionatın 27 oyununda 2276 dəqiqə çıxış edən 26 yaşlı futbolçu ən çox qolu müdafiəsinin etibarlılığıyla seçilən “Qarabağ”a vurub. Çempionu 3 dəfə məyus edən yarımmüdafiəçi həm də AZAL-ın qapısını bir o qədər silkələyib. “Zirə”yə 2 qol vuran futbolçu “Kəpəz”, “Sumqayıt” və “Neftçi” ilə oyunlarda 1 dəfə fərqlənib. Ozobiç yalnız “İnter”in qapısına yol tapa bilməyib. Ümumilikdə 11 qola imza atan Filip 3 dəfə sarı vərəqə alıb.

Nizami Hacıyev (İnter)

“İnter”in dəlisov kapitanının işgüzarlığına, çalışqanlığına söz ola bilməz. Neyləyəsən ki, Robert Prosineçki Nizami Hacıyevin oyununu bəyənmir. Hacıyev də hər dəfə vurduğu qollar və verdiyi məhsuldar ötürmələrlə yığmanın baş məşqçisinin yanaşmasının haqsız olduğunu ortaya çıxarır. “İnter”in ağır vəziyyətdə bürünc medal qazanmasında Nizaminin az əməyi olmadı. Karyerasının ən məhsuldar mövsümünü keçirən 29 yaşlı yarımmüdafiəçini sağ cinaha yerləşdirmişik. 2016/17 mövsümündə 24 qarşılaşmada 1889 dəqiqə forma geyinən Hacıyev 5 “sarı” ilə cəzalansa da, vurduğu 7 qol bunu kölgədə qoyub. Nizami “Sumqayıt”ın qənimi olub. Samir Abasovun komandasını 3 dəfə cəzalandıran yarımmüdafiəçi AZAL-a 2, “Neftçi” və “Kəpəz”ə isə 1 qol vurub.

Dino Ndlovu (Qarabağ)

Son illər “Qarabağ”ın əsas problemi yaxşı hücumçu tapa bilməməsidir. Əslində transfer edilən forvardların səviyyəsi zəif olmur. Sadəcə, Ağdam klubunda öz futbollarını sərgiləyə bilmirlər. Ancaq Dino Ndlovu “Qarabağ”a uyğunlaşa bildi. CAR futbolçusu ilk qolunu Florensiyada vurdu. “Fiorentina”nın torunu gözəl zərbəylə silkələyən 27 yaşlı hücumçu çempionatda uzun müddət bombardirlik uğrunda yarışdı və liderlərə cəmi 1 top fərqiylə uduzdu. Texnikası və yaxşı zərbələriylə seçilən Ndlovu 23 oyunda 1761 dəqiqə çıxış etdi və 3 sarı vərəqə aldı. Dino rəqib qapılarından 10 top keçirməyə müvəffəq oldu. Onun qol vurduğu qarşılaşmalarda “Qarabağ” meydanı xalsız tərk etmədi. Hücumçu qollarının əksəriyyətini “Azərsun Arena”da vurub. “İnter”, “Kəpəz” və “Neftçi”ni 2 dəfə məyus edən afrikalı forvard AZAL, “Qəbələ”, “Zirə” və “Sumqayıt”ın qapısına 1 dəfə yol tapıb. Göründüyü kimi, Ndlovu mövsümboyu bütün rəqiblərə qol vurmağı bacarıb. Hətta çempionatın bombardirləri belə bu göstəriciyə imza ata bilməyib.

 Rauf Əliyev (İnter)

O da Nizami Hacıyev kimi, Robert Prosineçkinin fəlsəfəsinə uyğun gəlmir. Ancaq milliyə çağırılmamaq Əliyevi ruhdan salmır. Əksinə, Rauf özünü sübut etmək üçün var gücüylə mübarizə aparır. Əliyev üçün 2016/17 mövsümü karyerasının ən məhsuldar futbol ili oldu. 2009/10 mövsümündən Azərbaycan çempionatında çıxış edən hücumçu indiyədək bir mövsümə 10 topdan artıq vurmamışdı. Bu dəfə “İnter”in formasında 11 qola imza atdı. 28 yaşlı forvard 26 oyunda 2041 dəqiqə “ağ-göylər”in uğuru üçün əlləşdi. Bu müddət ərzində 4 dəfə sarı vərəqə ilə cəzalandırılan Əliyev qollarının 3-nü 2014/15 mövsümündə formasını geydiyi “Neftçi”yə vurdu. Çempionluq uğrunda yarışan “Qəbələ”ni, son anda Avropa Liqasına vəsiqə qazanan “Zirə”ni və elitanı tərk edən AZAL-ı 2 dəfə məyus edən Rauf “Kəpəz” və “Sumqayıt”a 1 qol vurdu. O, yalnız futbolçu kimi yetişdiyi “Qarabağ”ın qapısına yol tapa bilmədi. Mövsümün ilk yarısında bir neçə oyunda zədələnməsəydi, daha məhsuldar ola bilərdi. Xüsusən qışdan sonra əsl formasını yığan Əliyevin bu mövsüm də bombardirlik yolunda əsas favoritlərdən biri olacağı gözlənilir.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz