Gəncəlilərin futbol sevgisi, paytaxtda biganəlik (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı yeddinci yazısı.

Aydın məsələdir ki, Premyer Liqada iştirak edən klublarımızın bir çoxu oyunları stadiondan izləmək üçün azarkeşlərə bileti pulla satmır. Lakin buna baxmayaraq, azarkeşlər yenə də stadionu tam doldura  bilmirlər. Cari mövsüm Premyer Liqada 8 klubun iştirak etməsi ötən ilə nisbətən oyunlara daha az azarkeşin gəlməsinə səbəb oldu.  Bu da çempionata marağın az olduğunun göstəricisidir.

Xarici ölkələrdə klublar gəlirlərinin bir hissəsini bilet satışından əldə edirlər. Ölkəmizdə isə bu sahədə, demək olar ki, heç bir klub ciddi gəlir əldə edə bilmir. Yalnız “Neftçi” ev oyunları zamanı bilet satışı təşkil edir. Təkcə avrokubok oyunları zamanı komandalarımız bilet satışından pul qazana bilirlər. Lakin bu da ciddi məbləğ hesab oluna bilməz.

Futbolu maraqlı edən əsas məqamlardan biri də azarkeşlərdir. Tribunalarda azarkeşlərin az olduğu və ya olmadığı görüşlərin necə maraqsız keçdiyini hər birimiz çox yaxşı bilirik. Ölkə çempionatımızda klubların sayı ildən-ilə azaldıqca, tribunalardakı azarkeşlərin sayı da azalmaqdadır.

Bəs görəsən, geridə qalan mövsümdə hansı klubun azarkeşləri komandalarına sadiq qaldılar? Statistikaya nəzər yetirsək görərik ki, ötən mövsüm ev oyunlarında ən çox “Kəpəz”in azarkeşləri komandanı tək buraxmayıb. Belə ki, son mövsümdə “Kəpəz”in ev oyunlarını stadiondan 113 min 338 azarkeş izləyib. Bu da, demək olar ki, mövsüm keçirilən bütün oyunlarda stadionda olan azarkeş sayının yarısıdır. Əslində, ötən ilə nisbətən bu azarkeş sayı da Gəncə təmsilçisi üçün azdır. 2015/2016-cı illər mövsümündə “Kəpəz”in ev oyunlarını 240 min 650 nəfər azarkeş izləmişdi. Mövsümün azarkeş sarıdan ən “kasıb” klubu isə AZAL (əvvəlcə fəaliyyətini dayandırdığını bəyan edən AZAL klubu daha sonra adını dəyişdirərək “Şüvəlan” edib və yeni mövsümdən I divizionda çıxış edəcək – red.) oldu. Komandanın ev oyunlarını cəmi 5 min 130 azarkeş izləyib.

Gəlin, komandalarımızın geridə qalan mövsümdəki azarkeş statistikasına nəzər yetirək. İlk olaraq ardıcıl dördüncü dəfə ölkə çempionu olan “Qarabağ”dan başlayaq.

“Qarabağ”

Çempion olmasına baxmayaraq Ağdam klubunun ev oyunlarına gələn azarkeş sayı heç də ürəkaçan deyil. Komandanın geridə qalan mövsümdə keçirdiyi ev oyunlarına ümumilikdə 25 min 650 azarkeş gəlib. Bu da hər oyuna orta hesabla 1832 azarkeşin gəlməsi deməkdir. Komanda mövsüm boyu bir neçə ev oyununu fərqli arenalarda keçirib. Həmin stadionlar “Əlincə Arena” və Tofiq Bəhramov adına Respublika stadionudur. Komandanın ev oyunlarında ən çox azarkeşin toplandığı matç 25-ci turda “Qəbələ”yə qarşı keçirilən görüş oldu. 0:0 hesabı ilə bitən matçı 8 min azarkeş izləyib. Əslində, “Qarabağ”ı ev oyunlarına az azarkeşin gəlməsinə görə də qınamaq olmaz. Oyunların vaxtı və yolun uzaq olmasını nəzərə alsaq, azarkeşlərə müəyyən ölçüdə haqq qazandırmaq olar. Premyer Liqada qızıl medallara yiyələnən Ağdam klubu azarkeş sıralamasına görə 2-ci pillədə qərarlaşıb.

“Qəbələ”

Mövsümü gümüş medallarla başa vuran “Qəbələ” klubu da azarkeş sarıdan əziyyət çəkir. Ev oyunlarını Qəbələ şəhər stadionunda keçirən əyalət təmsilçisinin matçlarına ümumilikdə 19 min 700 azarkeş gəlib. Bu da orta hesabla hər oyuna 1407 azarkeşin gəlməsi deməkdir. Komanda artıq iki ildir ki, Avropada ölkəmizi layiqincə təmsil etməsinə baxmayaraq, Qəbələ əhlində hələ də stadiondan oyunu izləmək sevdası yaranmayıb. Maraqlıdır ki, indiyədək ölkə çempionatında çıxış edən əyalət klublarında heç vaxt azarkeş azlığı ilə bağlı problem olmayıb. Lakin “Qəbələ”də hələ də bu problem qalmaqdadır.

“İnter”

Mövsüm boyu bir neçə dəfə ciddi problemlərlə üzləşən “bürünc”ün sahibi “İnter” klubunun azarkeş sarıdan da bəxti gətirmir. Ev oyunları zamanı əsasən fan qrup üzvlərinin çoxluq təşkil etdiyi stadionda sərbəst futbol azarkeşi tapmaq çətin məsələdir. Bu da anlaşılandır. Premyer Liqada paytaxtın 5 klubu mübarizə apardığından azarkeşlər, bəlkə də, hansı komandanı dəstəkləməkdə çətinlik çəkirlər. Azarkeşlərin az olmasına baxmayaraq, hər zaman vuruşan “İnter”in ev oyunlarına mövsüm ərzində 11484 azarkeş gəlib. Bu da hər oyuna orta hesabla 820 azarkeşin gəlməsi deməkdir. Komanda bu göstərici ilə yalnız AZAL-I qabağlaya bilib.

“Zirə”

Ölkə çempionatında 4-cü pillənin sahibi olan “Zirə” klubunun da azarkeş sayı ilə bağlı problemləri var. Komandanın ev oyunlarını keçirdiyi “Zirə İdman Kompleksi”ndə cari mövsüm baş tutan Premyer Liqa matçlarını 13 min 800 azarkeş izləyib. Bu, orta hesabla hər oyuna 986 azarkeş deməkdir. Əslində, Premyer Liqada debüt ilində gümüş medal qazanan, ikinci ilində isə 4-cü pillə ilə Avroliqaya gedən komandanı Zirədə çox sevirlər. Bəzi matçlarda azarkeş sayı az olsa da, bir neçə vacib qarşılaşmada stadion, demək olar ki, dolu idi. Hətta vəziyyət o yerə çatmışdı ki, 25-ci turda keçirilən “Zirə” –  “İnter” matçını 2000 nəfər azarkeş stadiondan izləyib. Maraqlıdır ki, stadionun tutumu 1300 nəfərdir. Lakin oyunun AFFA nümayəndəsi Ramiz Abdullayev matça 2000 azarkeşin gəldiyini qeyd etmişdi. Komanda azarkeş sayına görə “İnter” və AZAL-ı qabaqlayaraq 6-cı pillədə qərarlaşıb.

“Kəpəz”

Gəncənin Azərbaycan futbolunun Məkkəsi adlandırılması hər kəsə bəllidir. Elə bu şəhərin azarkeşləri də komandalarına çox sadiqdir. Ötən il olduğu kimi bu il də “Kəpəz” azarkeşləri sayına görə liderliyini qoruyub saxlayır. Əyalət klubunun ev oyununa gələn azarkeş sayı mövsüm boyu digər komandaların ev oyunlarına gələn azarkeşlərin ümumi sayından çoxdur. Belə ki, digər 7 komandanın ev oyunlarını ümumilikdə 112 min 436 azarkeşin izlədiyi halda, “Kəpəz” klubunun ev oyunlarını 113 min 338 tamaşaçı izləyib. Bu da hər oyuna 8096 azarkeş deməkdir. Komandanın ən çox azarkeş toplaşdığı ev oyunu “Qarabağ”a qarşı keçirilən matç olub. 6-cı turda baş tutan bu görüşü 14 min 238 tamaşaçı izləyib ki, bu da mövsüm ərzində qeydə alınan ən böyük göstəricidir.

“Sumqayıt”

Sumqayıt təmsilçisinin builki uğurlu çıxışı azarkeşlərin də stadiona axışmasına səbəb oldu. Əslində, komanda nə avrokuboklara vəsiqə qazandı, nə də medallara yiyələndi. Sadəcə, gənc futbolçulardan qurulan heyətin inamlı və əzmkar çıxışı insanları bu komandanı dəstəkləməyə sövq edirdi. Hətta uğurlu çıxışın nəticəsində “kimyaçılar” Avroliqaya da yüksələ bilərdi, lakin itirilən xallar buna nail olmağa imkan vermədi.

Komandanın mövsüm ərzində keçirdiyi ev oyunlarını ümumilikdə 19 min 872 azarkeş izləyib. Bu göstərici ilə gəncik şəhəri komandası azarkeş sayına görə 3-cü pillədə qərarlaşıb. Komandanın ev oyunlarına orta hesabla 1419 azarkeş gəlib. Amma bu rəqəm, əslində, daha çox ola bilər. Buna səbəb isə bir çox oyunlarda tribunaların dolu olmasına görə azarkeşlərin oyunu kənardan izləməsidir. “Sumqayıt” klubunun ev oyunlarını izləyən hər kəs bilir ki, oyun zamanı stadionun ətrafında yüzlərlə azarkeş toplaşır.

“Neftçi”

80 illik yubleyini qeyd edən “Neftçi” klubu bu mövsüm qara günlərini yaşadı. Həm biabırçı nəticələr baxımından, həm də azarkeşlərlə davranışa görə komanda başıuca ola bilmədi.

İlk öncə, stadiona daxil olan azarkeşi vuran Katalin Tira klubdan qovuldu. Azarkeşlərlə münasibətləri yenicə yaxşılaşan komanda yenidən səhv etdi. Bu dəfə baş məşqçi Elxan Abdullayev “Forza “Neftçi” azarkeş qrupunu xuliqan adlandıraraq, onları stadiona gəlməkdən soyutdu. Halbuki, baş məşqçinin xuliqan adlandırdığı azarkeşlər arasında yüksək bal toplayaraq ali təhsil alan onlarla tələbə var idi.

Bütün bunlara baxmayaraq, flaqmanın sadiq azarkeşləri stadiona gəlməkdə davam edirdi. Komandanın ev oyunlarını keçirdiyi “Bakcell Arena”ya mövsüm ərzində 16 min 800 azarkeş gəlib. Bu da orta hesabla hər oyuna 1200 azarkeşin gəlməsi deməkdir. Bu göstərici ilə “ağ-qaralar” azarkeş baxımından sıralamada “5-liy”i qapayır.

AZAL

Mövsüm boyu bir neçə antirekord müəyyənləşdirən “təyyarəçilər” azarkeş baxımından da ən gücsüz komandadır. Turnir cədvəlini sonuncu pillədə tamamlayan, aktivində yalnız 1 qələbəsi olan klubun ev oyunlarını keçirdiyi stadiona ümumilikdə 5 min 130 azarkeş gəlib. Bu da hər oyuna orta hesabla 366 azarkeşin gəlməsi deməkdir. Bu göstərici ilə “təyyarəçilər” turnir cədvəlində olduğu kimi, azarkeş sayına görə sıralamada da sonuncu pillədədir.

Beləliklə, bütün bunlardan aydın olur ki, mövsüm boyu komandaların uğurlu çıxış etməsində azarkeş amilinin də rolu böyükdür. Hər kəsə məlumdur ki, Gəncədə istənilən rəqib üçün qələbə qazanmaq çətin olur. Söz yox, burada azarkeş sayından əlavə, stadionun ot örtüyünün durumu da rəqibə mane olurdu, amma istənilən komanda doğma azarkeşləri qarşısında daha inamlı çıxış edir. “Kəpəz”dən başqa, bu siyahıya “Sumqayıt”ı da daxil etmək olar. Komanda mövsüm boyu azarkeşləri qarşısında daha inamlı çıxışı ilə diqqət çəkdi. Gənc futbolçular güclü dəstək qarşısında daha da ruhlanır, döyüşkən olurdular.

Əslində, oyunlarda azarkeş sayının az olması çempionatdakı rəqabətin az olmasından qaynaqlanır. Premyer Liqada bu mövsüm çempionluq uğrunda mübarizə, demək olar ki, “Qarabağ” və “Qəbələ” arasında gedirdi. Mövsümün əvvəllərində “İnter” də bu sırada olsa da, sonradan məlum problemlər ucbatından kənara çəkilməli oldu. Yuxarıda qeyd etdiyim kimi, çempionatda çıxış edən 8 komandadan 5-nin Bakıya aid olması azarkeş qıtlığına gətirib çıxarır. Hətta mövsümün gedişatında gəncəli azarkeşlərin bir çoxu komandanın Bakıda məskunlaşıb, ev oyunları üçün Gəncəyə gəlməsinə görə etiraz edirdilər. Xatırlayırsınızsa, bir neçə il öncə “Xəzər Lənkəran”ın, “Turan Tovuz”un ev oyunlarında böyük azarkeş dəstəyi olurdu. Hər matça maraq böyük olurdu. İndi əyalət klublarının az olması çempionata da marağın azalmasına gətirib çıxarır. Ümid edək ki, yaxın gələcəkdə yenidən ölkə çempionatında əvvəlki ab-havanı görə biləcəyik.

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz